Arqumentasiya nəzəriyyəsi
Bu elmin adı arqument (dəlil) sözündən götürülüb. Bəzən bu elmə Neoritorika bəzən də Arqumentologiya da deyirlər, lakin rəsmi olaraq Azərbaycan ədəbiyyatında bu elmin adı Arqumentasiya nəzəriyyəsi kimi gedir. Arqumentasiya nəzəriyyəsinin mahiyyətini, onun sturukturunu və məntiqi əsaslarını yaxşı mənimsəmək üçün ilk növbədə sübut anlayışından çıxış etmək lazımdır.
Sübut anlayışı ilə arqumentləşdirmə anlayışı arasında yaxın əlaqə var, lakin sübut anlayışı arqumentləşdirmə anlayışı ilə sıx bağlı olsada onunla eyni məna kəsb etmir. "Arqumentləşdirmə" anlayışı sübut anlayışından nisbətən məzmuncə daha zəngindir. Gerçəklikdəki ayrı-ayrı predmet və hadisələrin, onların xassə əvəlaqələrinin dərki üçün biz hissi idrak formalarından istifadə edirik(duyğu, qavrayış, təsəvvür). Məsələn biz dənizin ləpələndiyini, ağacın qışda yarpaqlarını tökdüyünü və sairə şahidi oluruq. Bu səbəbdən belə faktların doğruluğunu sübut etməyə çalışmırıq. Biz adətən həqiqiliyi aşkar olmayan və yaxud şübhəli olan müddəaları sübut etməyə çalışırıq. Yazdığımız məqalələrdə, elmi işlərdə, məhkəmə iclaslarında, disertasiya müdafiələrində, mübahisələr zamanı və s. hallarda, demək olar ki, hər sahədə və hər zaman fikirlərimizin qəbul olunması üçün bizdən tutarlı dəlillər gətirmək tələb olunur. Sübutluluq düzgün təfəkkürün əsas xəssələrindən biridir. Sübutun - məqsədi tezisin doğruluğunu müəyyən etməkdir. Arqumentləşdirmənin- məqsədi isə tezisi doğruluğunu sübüt etməklə yanaşı onu qarşı tərəfə qəbul etdirməkdir.
Bu səbəbdən, arqumentləşdirmə dedikdə, hər hansı bir hökmün məntiqi üsullarla yanaşı, nitqin, emosional psixloji və başqa metodlarla əsaslandırılması əməliyyatı başa düşülür. Bu metodlar barəsində gələcək dərslərdə danışacağıq. Ümumiyyətlə bu cür təsir metodlarından müxtəlif elmlər istifadə edir. Bir çox peşə sahibləri məsələn, psixoloq öz xəstəsinə yaxşı mənada təsir etmək üçün, vəkil məhkəmədə hakimə təsir etmək üçün, müəllim tələbəyə təsir etmək üçün və s. arqumentləşdirmədən istifadə edirlər. Arqumentləşdirmənin forması, hər şeydən əvvəl dialoq xarakteri alır və arqumentator öz tezisini sübut etməklə yanaşı, qarşı tərəfin antitezisini də təqzib edir və auditoriyanın dinləyicilərini tezisin doğruluğuna inandıraraq, onları öz tərəfinə çəkməyə çalışır. Bir sözlə insanları inandırmağın təsir vasitələrinin öyrənilməsi arqumentasiya nəzəriyyəsinin predmetidir. Bu nəzəriyyə öyrənməklə, insanlara təsir etməyin həm məntiqi həm də psixoloji metodları haqqında daha çox məlumat əldə etmək olur ki, bu da müasir zamanda hər kəs üçün çox faydalıdı. Çünki bu metodları bilməyən şəxsi tez təsir altına salmaq olur. Hətta arqumentator bəzən bilə bilə danışığında məntiqi səhvlərə yol verir. Əgər qarşı tərəfin məntiq elminin əsaslarından xəbəri yoxdursa o bu səhvləri tuta bilmir və mübahisəni bəzən haqlı olduğu halda uduzmalı olur. Bəzən isə hər iki tərəf bu elmdən xəbərsiz olduqlarından mübahisələri çox məntiqsiz vəziyyət alır. Bir-birlərinin fikrini təqzib etmədikləri halda mübahisə edirlər və anlayışlardan düzgün istifadə edə bilmirlər. Bu səbəbdən istər Məntiq elmini istərsə də bilavasitə praktikada istifadə olunan Arqumentasiya nəzəriyyəsini bilmək hər bir şəxs üçün çox vacibdir.
Arqumentləşdirmə prosesində istifadə olunan dəillər sübut prosesində istifadə olunan dəlillərdən sayca çox və rəngarəng olur. Ona görə ki, arqumentləşdirmə prosesində arqumentator (qarşı tərəfi inandırmağa çalışan şəxs yəni, dəlilgətirən) prosesi öz xeyrinə həll etmək üçün sadəcə sübutda olduğu kimi məntiqi üsullardan istifadə etmir. O, eyni zamanda psixoloji və s. təsirlərdən də istifadə edir.