Məntiq (Dərs-1)

Məntiq (Dərs-1)

Bəzən həyatda müəyyən mübahisələrdə iştirak etməli oluruq. Biz mübahisələr zamanı müəyyən arqumentlərlə çıxış edirik. Gətirdiyimiz argumentlərin tutarlı olması üçün isə bizə məntiq elmini bilməyin çox böyük köməyi olur. Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur. Ali məktəblərdə isə bu elmi tədris etməyin öhdəsindən gəlməyi bacaran çox az müəllimə təsadüf olunur. Bu elm isə hər kəsin bilməsi vacib olan bir elmdir. Bütün fərqli sahələrin insanlarının məntiqli olmağa ehtiyacı olduğundan çalışacam ki, sizi bu elmlə qısa və daha anlaşıqlı şəkildə tanış edim.

Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrdə formalaşmışdır və bu elmin babisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gəlir. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözüdə məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazır ki, dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarır. Məntiq elmi insana nece fikirləşməli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni- yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahəsidir. Məsələn, sematik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq, dialektik məntiq, konstruktiv məntiq və s. (bütün bu nəzəriyyələr haqqında çalışacam ki, gələcək postlarda ətraflı məlumat verim).


Biz məntiq elmini nə üçün bilməliyik?


Əslində bütün insanlar kortəbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemləri açmaq dərk etmək çox çətindi hətda bəzi hallarda mümkün deyildir. Yəni ki, məntiqi bilməyin insana çox böyük köməyi olur.

1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununlada təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir.

2. Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.

3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insana əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununlada təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.




Məntiq elmini bilmək müasir dövrdə çox faydalıdı hətda vacibdir... Əsasən də nə isə sübut etmək üçün mövzuya tutarlı dəlillər gətirmək müasir dövrün ən əsas tələblərindəndir. Aristotelin zamanında "öz fikirlərini bir-biri ilə uzlaşdır" tələbi irəli sürülürdüsə, orta əsrlərdə "öz fikirlərini avtoritetlə (həmin sahədə nüfuzlu adamların) uzlaşdır" fikri dəbdə idi. Müasir dövrdə isə əsas tələb "öz fikirlərini faktlarla uzlaşdır" tələbidir. Yəni bütün bunları nəzərə alaraq çalışacağam ki, davamlı şəkildə məntiq elminə aid postlar yazım.



Top