İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir.
Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.
Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.
Yazıçı kimi də uğur qazanan Mir Möhsünün əsərləri içərisində «Təzkireyi-Nəvvab» toplusu daha çox maraq doğurur. Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edən bu toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub.
Nəvvab riyaziyyat, kimya və astronomiya ilə də maraqlanırdı. Öz evində iki teleskop quraşdıraraq, kiçik rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı «Kifayətül-ətfal» kitabına, göy cisimlərinin yerləşməsi və günəş tutulmalarına dair tərtib etdiyi cədvəllər də daxil edilmişdi.
Tanınmış pedaqoq və alimin etik görüşləri onun «Kifayətül-ətfal», «Nurül-Ənvar» və «Pəndnamə» kimi kitablarında öz əksini tapib. Mir Möhsünün Nəvvab musiqiyə həsr etdiyi məşhur traktatı — «Vüzuhül-ərqam» risaləsində ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırıb, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından optimal yerləşməsi problemlərinə toxunub.
İlk dəfə olaraq, musiqiyə dəstgah terminini gətirib və o dövrdə Qarabağda məlum olan altı dəstgahın — Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva dəstgahlarının adını çəkib. Bundan başqa alim həmin əsərdə Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın da adlarını qeyd edib.