Keyfiyyətsiz sabun almayın

Keyfiyyətsiz sabun almayın

Sabun yuyucu vasitə kimi istifadə edilən səthi-aktiv maddə olub yağ turşularının kaustik soda və potaş kimi qələvilərin suda qaynadılması nəticəsində əldə edilir. Yağ turşuları əsasən bitki (pambıq, soya, palma) və heyvan mənşəli məhsullardan əldə edilir. Bu yağların qələvilərlə qaynadılması nəticəsində qliserin və yağ turşularının duzları, yəni sabun meydana gəlir. Sonrakı mərhələdə sabun gərəksiz duz, qələvi və qliserindən təmizlənir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara sabun alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən alınan məlumata görə, keyfiyyətsiz sabun insan orqanizmi üçün çox təhlükəlidir. Ümumiyyətlə, istehlakçılar bilməlidir ki, sabunda ətirverici və rəngləndirici maddələr nə qədər az istifadə olunursa, bu daha yaxşıdır. Sabun quru, qaranlıq və soyuq yerdə saxlanmalıdır. Əgər sabun istehsalçı tərəfindən qablaşdırılmayıbsa o zaman onu evdə sellofan paketdə saxlamaq olar. Saxlama müddəti istehsal tarixindən etibarən orta hesabla 3 il təşkil edir.

Ev şəraitində hazırlanan sabunlar təbii komponentlərdən hazırlandığına görə daha keyfiyyətli hesab olunurlar. Hətta bu yolla hazırlanmış sabunlarda rəngləndirici maddələr belə təbii mənşəli olur. Belə sabunların möhkəm bağlanmış şüşə qablarda və sellofan materiala bükərək qaranlıq quru yerdə saxlanması məsləhət görülür. Bu məhsulun qoxusunun saxlanmasına və ya qurumamasına, yaxud artıq rütubətin əmələ gəlməsinin qarşısının alınmasına kömək edir. Əldə hazırlanmış sabunun saxlama müddəti 1-2 ildir.

Sabunun keyfiyyəti ilk növbədə istehsalında istifadə olunan yağların keyfiyyətindən asılıdır. Ən yaxşı növ sabunlar təbii bitki yağları və heyvan mənşəli qida yağlarından əldə edilir. Aşağı keyfiyyətli sabun növləri isə təbii xammalın neft emalı məhsulları (naften turşuları, kanifol) ilə əvəz edilməsi nəticəsində alınır. Bu cür əvəzedicilərin çox istifadə edilməsi nəticəsində əslində xəfif olması gərəkən sabun köpüyü yapışqan hal alır.

Sabunun təmizlənmə dərəcəsi də onun keyfiyyətində həlledici rol oynayır. Pis təmizlənmiş sabun köpüklənmir və dəridə qıcıqlanmaya səbəb olur. Sabunun keyfiyyətinə təsir edən digər bir amil isə ondakı yağ turşularının miqdarıdır. Yağ turşuları nə qədər çox olarsa, sabun bir o qədər keyfiyyətli hesab edilir. Sabun istehsalında istifadə edilən əlavələr onun təyinatını və xüsusiyyətlərini müəyyən edir.

Sabunun təyinatına görə fərqlənən müxtəlif növləri var. İstehlakçılar müxtəlif sabun növlərinin xüsusiyyətlərini bilməli və bunlardan düzgün istifadə etməyi bacarmalıdırlar.

Məsələn bərk əl sabunu əllərin mütəmadi gigiyenası üçün istifadə edilir. Gündəlik istifadə edilən əl sabununun tərkibində antiseptik və dəriyə sakitləşdirici təsir göstərən müalicəvi otların ekstraktlarının olması tövsiyyə edilir. Eyni zamanda duru, uşaq, kosmetik, təbii, antibakterial sabun növlərindən də geniş istifadə edilir. Məqsədinizdən asılı olaraq müvafiq əlavələr qatılmış sabunlardan istifadə edilməlidir. Belə ki, istehsalında bal və arıçılıq məhsulları əlavə olunan sabunlar dərini qidalandırır, yumşaldır və canlandırır, çobanyastığı ekstraktı qatılan sabunlar dərinin üzərindəki qoruyucu təbəqəni gücləndirir və s.

Nəzərə almaq lazımdır ki, fitokomponentlər (bitki mənşəli komponentlər) güclü allergen ola bilərlər. Bu səbəbdən sabun seçiminə fərdi yanaşılmalıdır.
Ticarət şəbəkəsinə sabunların bəziləri bağlamada, bəziləri isə açıq halda buraxılır. Sabunun qablaşdırma materialları normativ sənədlərin tələblərinə uyğun olan, saxlama müddəti ərzində təhlükəsizlik və saxlanmasını təmin edən materiallardan hazırlanmalıdır.

Qablaşdırılarkən karton, ağac və polimer qabların istifadəsinə icazə verilir. Qablaşdırılmış sabunun üzərində istehsalçısının adı və ünvanı, istehsal tarixi, əmtəə nişanı, nominal çəkisi göstərilməlidir.

Keyfiyyətli sabunu həm də qoxusuna görə təyin etmək olar. İstənilən sabunun əsas komponentləri xoşagəlməz qoxuya malikdir. Onun üçün də kosmetik sabun istehsalçıları ona müxtəlif ətirvericilər əlavə edirlər. Sabunun tərkibində xüsusi kimyəvi maddələr vardır ki, bu da ona əmtəə görünüşünü və özünəməxsus keyfiyyətini daha uzun müddət saxlamağa imkan verir.

Mağazaların vitrinlərində çox sayda müxtəlif formalı sabunlar arasında seçim etmək üçün birinci növbədə onların etiketindəki məlumatlarla tanış olmağa çalışın. Eyni zamanda almaq istədiyiniz sabun haqqında satıcıdan da məlumat almaq hüququnuz vardır.

Mənbə: Anspress.com

Həmçinin bax:
Ən qeyri-adi sabunlar
Top