Qədim yunan mütəfəkkiri Aristotel bizim eramızdan əvvəl 384-cü ildə Makedoniyanın Stagira şəhərində anadan olub. O, Şərq ölkələrində Ərəstun adı ilə də tanınır.
Aristotel saray həkimi olan atasından biologiya və təbabətə dair ilkin bilikləri əldə edib, xəstələri qəbul etməsində ona yardımçı olub.
Aristotel 17 yaşında məşhur mütəfəkkir və tarixçi Platonun akademiyasında oxumaq üçün Afinaya gedib. Rəvayətə görə, özünün tibbi biliyi sayəsində yolda bir varlı adamı yoluxucu xəstəlikdən xilas edib. Platonun məktəbində təhsil alan gənc oğlana iki ildən sonra ritorikadan mühazirə oxumaq etibar edilib. Aristotel reallığı dərk etməyə çalışıb. Hətta onun dilindən belə bir deyim də var: “Platon mənim dostumdur amma həqiqət daha vacibdir”.
Eramızdan əvvəl 342-ci ildən Aristotel 13 yaşlı çar oğlunun, tarixə Makedoniyalı İsgəndər kimi düşmüş şəxsin tərbiyəçisi və müəllimi olub. Lakin Makedoniyalı İsgəndər taxt-taca sahib olandan sonra onun yürüş salnaməsini yazmaqdan imtina edib. Müəllimliyə üstünlük verən Aristotel 334-cü ildə Afinaya qayıdaraq öz məktəbinin əsasını qoyub. Onun məktəbi Apollon Likey məbədinin yaxınlığında yerləşdiyindən məktəbə Likey adı verilib. Aristotel fəlsəfə, ritorika, məntiqdən dərs deyərkən ənənəvi mühazirə oxumaqdan imtina edib. O, dərsi söhbət və diskussiya şəraitində, gənclərlə birgə gəzərək onlara öyrədib. Aristotelin məktəbində fəlsəfədən başqa fizika, tarix, coğrafiya, astronomiya elmləri də öyrədilib. O, şagirdlərinə məsləhət görürdü ki, müvəffəqiyyət qazanmaq üçün qabaqdakıları ötüb keçmək lazımdır, arxadakıları isə gözləmək olmaz.
Makedoniyalı İsgəndərin ölümündən sonra dinə qarşı cinayətdə təqsirləndirilən Aristotel təqibdən qurtarmaq üçün Evbey adasına qaçmış və eramızdan əvvəl 322-ci ildə orada mədə xəstəliyindən vəfat etmişdir.
Aristotelin əsərləri bir çox elmləri əhatə edir. Formal məntiqin əsasını qoymuş mütəfəkkir astronomiya, biologiya, təbabət, kosmosun təşkili, Yerin quruluşu haqqında traktatlar yazmış, insanın cəmiyyətdə davranışına dair qaydalar hazırlamış, incəsənət haqqında öz nəzəriyyəsini hazırlamışdı. Estetikaya katarsis anlayışını – insan ruhunun təmizlənməsini Aristotel gətirib. İdeal insanın necə olması haqqında düşünən Aristotel xarakterdə 11 cizgini ayıraraq onları “məziyyət” adlandırıb. Bu, kişilik, mülayimlik, səxavətlilik, əzəmət, mərdlik, şöhrətpərəstlik, rəvanlıq, doğruluq, lütfkarlıq, səmimilik, ədalətlilikdir. Aristotelin fikrincə, sonuncu məziyyət — ədalətlilik cəmiyyətdə insan üçün ən vacib olan cəhətdir. Bütün bu keyfiyyətləri insan özü-özündə inkişaf etdirməlidir.
Kosmos haqqında mühakimə yürüdən Aristotel öyrədirdi ki, Yer kainatın mərkəzində yerləşir və kürə formasındadır. Aristotel Yerin kürə şəklində olmasını ay tutulmaları haqqında müşahidələrinə əsaslanaraq sübut etmişdi. Alim daha çox qədim riyaziyyatçıların əsərlərini öyrənərək, ekvatorun uzunluğunu düzgün hesablamışdı. Onun “Meteorologiya” əsəri fiziki coğrafiyada ilk əsərlərdən biridir.
Aristotelin başlıca xidməti onun bilikləri sistemləşdirməsində olub. O, dünyanı, cəmiyyəti, incəsənəti və təbii hadisələri öyrənmək üçün qanunları, yolları və qaydaları göstərib. Onun nəzəriyyələrindən bəziləri zaman keçdikcə köhnəlsə də, əksəriyyətindən alimlər əsrlər boyu istifadə etmişlər və indi də onlara söykənirlər.
azertag.az