Periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar 2 yarımqrupa bölünür:
I. Afferent innervasiyaya, yəni hissi sinir uclarına və sinirlərə təsir edən dərmanlar.
II. Efferent innervasiyaya, yəni vegetativ sinirlərə və skelet əzələlərinin hərəki sinirlərinə təsir edən dərmanlar.
Yerli anestetiklər, yəni hissi sinir uclarının oyanma qabiliyyətini zəiflətməklə və ya sinir liflərində impulsların nəql olunmasını blokadaya almaqla anesteziya (hissiyyatın, o cümlədən, taktil, temperatur, ağrı hissinin olmaması) törədən anesteziyaedici dərmanlar (kokain, dikain, novokain, lidokain, anestazin və s.) I yarımqrupa aiddir.
II yarımqrupdan vegetativ sinir sisteminin parasimpatik şöbəsinin mediatoru asetilxolini və simpatik mediatorlar olan adrenalini və noradrenalini, eləcə də oyanmanın sinir ucundan əzələyə nəql olunmasını blokadaya alan kurare tipli maddələri göstərmək olar.
Mərkəzi sinir sisteminə təsir edən dərmanlara narkoz törədən dərmanlar, etil spirti, yuxu dərmanları, analgetiklər (ağrıkəsicilər), epilepsiya əleyhinə, parkinsonizm əleyhinə, psixotrop (insanın psixi fəaliyyəti pozularkən tətbiq edilən) dərmanlar, analeptiklər (mərkəzi sinir sisteminin fəaliyyətini stimulyasiya edən dərmanlar) aiddir.
Narkoz mərkəzi sinir sisteminin (əsasən cərrahi əməliyyatlar zamanı törədilən) müvəqqəti funksional iflici olub, dönən prosesdir, yəni cərrahi əməliyyatdan sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. Bu adlı maddələrdən müasir cərrahlıqda, anesteziologiyada müvəqqəti ağrısızlıq yaratmaq üçün istifadə edirlər. Narkoz özünü huşun itməsi, hissiyyatın (ilk növbədə ağrı hissinin) və reflektor reaksiyaların, skelet əzələlərinin tonusunun zəifləməsi ilə büruzə verir. Narkoz törədən dərmanlara efir, heksenal, ftorotan, ketamin, propanidid, natrium-oksibutirat, azot - l- oksid (güldürücü / şadlandırıcı qaz) və s. aiddir.
Etil spirti mərkəzi sinir sisteminə ümumi zəiflədici təsir göstərir və nəzərə çarpan antiseptik xassəyə malikdir. Odur ki, başlıca olaraq, antiseptik dezinfeksiyaedici (operasiya sahəsini, iynə vurulan yeri, cərrahi alətləri və s.) kimi və əczaçılıqda dərman preparatları hazırlamaq üçün işlədilir.
Yuxu dərmanları yuxu törədir və yuxunun lazımi qədər sürəkli olmasını təmin edir. Barbituratlar, bəzi alifatik birləşmələr kimi ənənəvi yuxu dərmanlarının kiçik dozası sedativ (sakitləşdirici) təsir göstərir, orta dozası yuxu gətirir, böyük dozası isə narkotik təsir göstərir. Yuxu dərmanlarına nozepam, fenazepam, fenobarbital, natriumetaminal, xloralhidrat və s. aiddir.
Analgetiklər seçici surətdə ağrı hissini zəiflədən maddələrdir. Bunlar hissiyyatın digər növlərinə təsir etmir və huşun itməsinə səbəb olmur. Analgetiklər iki qrupa bölünür:
I. Narkotik (opioid) analgetiklər, analgetik aktivliyə malik qeyri-opioid preparatlar və qarışıq (opioid və qeyri-opioid) təsir mexanizminə malik analgetiklər.
II. Qeyri-narkotik analgetiklər.
Narkotik analgetiklərdən ilk işlədiləni xaşxaşın sütül qozalarından alınan morfindir. Tiryəkin kimyəvi strukturuna görə fenantren törəmələrinə aid olan preparatları (morfin, kodein və s.) əsasən mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədir, analgetik və öskürək əleyhinə təsirə malikdir, izoxinolinin törəmələri (papaverin və s.) isə saya əzələlərə spazmolitik təsir göstərir.
Morfin - hidroxlorid suda asan həll olan ağ rəngli kristal maddədir. Beyin qabığının hissi zonalarının (ağrını azaldır), tənəffüs, öskürək mərkəzlərinin fəaliyyətini zəiflədir, qusma mərkəzini oyadır, maddələr mübadiləsini zəiflədir, temperaturu salır. Şiddətli ağrı, sancı, öskürək, həmçinin şok, infarkt zamanı, cərrahi əməliyyatlardan əvvəl və sonra tətbiq edilir.
Təkrar işlədildikdə, orqanizm buna vərdiş edir. Tiryəkin tozu, quru ekstraktı, tinkturası qarın damcısı kimi və s. işlədilir.
Promedol da narkotik analgetiklər qrupundandır.
Qeyri-narkotik analgetiklərə salisil turşusunun (aspirin və s.), pirazolonun (butadion, analgin, amidopirin), paraaminofenolun (parasetamol, fenasetin) törəmələri aiddir.
Bütün bu preparatlar ağrıkəsici, iltihab əleyhinə və temperaturu salıcı təsir göstərir.
Salisil turşusunun preparatları güclü qıcıqlandırıcı, yandırıcı, antiseptik, keratolitik təsirə malik olduğundan, bunları seboreya, ekzema, piodermiya, dermatit, dərinin qaşınması, döyənək, ziyil və s. zamanı xaricə işlədirlər.
Aspirin ağrıkəsici, temperaturu salıcı təsirlə yanaşı, iltihab və revmatizm əleyhinə təsir göstərir, tər ifrazını artırır; endokardit, miokardit, artrit, nevralgiya, miqren, baş və diş ağrısı zamanı işlədilir. Qanı durulaşdırdığı üçün qanın laxtalanmasını azaltmaq lazım gələn xəstəliklərdə (məsələn, miokard infarktında) təyin edilir. Preparatın təsirindən ürəkbulanma, qusma, qarında ağrı, tərləmə, ümumi zəiflik, allergiya, qanaxma müşahidə edilə bilər.
Sedativ (sakitləşdirici) təsirə malik preparatlar psixotrop dərmanlar qrupuna daxildir. Bunlara brom duzları, pişikotu (valeryan) tinkturası, diamotu tinkturası və s. aiddir.