İşlək orqan və sistemlərin funksiyalarını tənzim edən dərmanlar

İşlək orqan və sistemlərin funksiyalarını tənzim edən dərmanlar

Tənəffüs orqanlarına təsir edən preparatlara tənəffüsü stimulyasiya edən (kofein, etimizol, kordiamin və s.), öskürək əleyhinə (etilmorfin - hidroxlorid, qlausin - hidroxlorid, tusupreks, libeksin və s.), bəlğəmgətirici (ipekauananın - qusdurucu kökün, termopsisin preparatları, bromheksin və s.) dərmanlar aiddir.
1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər xəstəlikləri institutunda akademik Ə.İnsanovun aldığı ilk ofisinal vətən preparatı olan «İnsanovin» bronxial astmanın müalicəsində təkcə respublikamızda deyil, Rusiyada, Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türkmənistanda da klinikada uğurla tətbiq edilir. İnsanovinin oxşar təsirli digər preparatlardan bir sıra üstünlükləri vardır.
Məlumdur ki, əvəzsiz müalicə vasitəsi olmaqla bərabər, qlükokortikoidlərin bəzi zərərli təsirləri də vardır. Əvvələn, bunları uzun müddət işlətdikdə, əks əlaqə prinsipi üzrə vəzidə həmin hormonların sekresiyası zəifləyir, qəbulunu kəsdikdən sonra isə vəzi özü kifayət qədər hormon hasil edə bilir. İkincisi, qlükokortikoidlərin kiçik dozalan iltihabın qarşısını aldığı halda, böyük dozaları əksinə, həmin prosesi ağırlaşdırır. Üçüncüsü, qlükokortikoidlərin uzun müddət qəbulu orqanizmdə elektrolit balansını pozur, ürək çatışmazlığına şərait yaradır.
İnsanovin preparatının isə belə ciddi əlavə təsirləri yoxdur. Birdəfəlik təyinatda tərkibinə komponentlərinin minimal dozaları (150 mq teofilin, 40 mq xloroxin-fosfat, 25 mq efedrin - hidroxlorid, 1 mq prednizolon) daxil olan bu preparat daha effektlidir və daha yüksək farmakoloji aktivliyə malikdir.
İnsanovinin bronxları genəldici təsiri tez və ağırlaşmasız başlanır (dozasından asılı olmayaraq, «boğulma» simptomu kimi əlavə effekt törətmir), tədricən inkişaf edir və uzun müddət davam edir. İllərlə işlədildikdə belə müalicəvi təsiri zəifləmir və dozasını yüksəltmək lazım gəlmir; astmalı xəstələrdə mənfi emosional halları da aradan qaldırır.
İnsanovinin yerli təsirindən stomatologiyada parodontozun müalicəsində istifadə edilməsinin də ilkin klinik sınaqları uğurlu olub.

Ürək-damar sisteminə təsir edən dərmanlar aşağıdakı yarımqruplara bölünür:
I. Kardiotonik (ürək fəaliyyətini stimulyasiya edən) dərmanlar. - Əsasən üskükotunun, xoruzgülünün, inciçiçəyinin və s. preparatları olan ürək qlükozidləri (digitoksin, diqoksin, selanid, strofantin, korqlikon) və qeyri-qlükozid strukturlu preparatlar (dofamin, dobutamin, amrinon, milrinon və s.).
II. Antiaritmik (ürək fəaliyyətinin ritmi pozularkən tətbiq edilən) dərmanlar - dizopiramid, novokainamid, aymalin, difenin, etmozin, amiodaron, ornid, anaprilin,
xinidin - sulfat, kalium preparatları (panangin, kalium orotat, asparkom və s.), izadrin, mezaton və s.
III. Koronar qan dövranının çatışmazlığı zamanı işlədilən dərmanlar - nitroqliserin, sustak, nitronq, erinit, nitrosorbid, fenigidin, verapamil, amiodaron, anaprilin, talinolol, validol, mibefradil və s.
IV. Beyin qan dövranı pozularkən tətbiq edilən dərmanlar - tiklopidin, sinkumar, fenilin, sinnarizin, flunarizin, vinposetin, niserqolin, aminalon, pentoksifillin, papaverin - hidroxlorid, amitriptilin və s.
V. Hipotenziv və ya antihipertenziv (arterial qan təzyiqini aşağı salan) dərmanlar - klofelin, rezerpin, apressin, fentolamin, prazozin, talinolol, kaptopril, lozartan, dibazol və s.
VI. Hipertenziv (qan təzyiqini yüksəldən) dərmanlar adrenalin - hidroxlorid, noradrenalin - hidrotartarat, mezaton, angiotenzinamid və s.
Həzm orqanlarının funksiyalarına təsir edən dərmanlar qrupuna mədə şirəsinin sekresiyasını artıran (qastrin, mədə şirəsi, pepsin və s.) və azaldan (ranitidin, famotidin, omeprazol, atropin - sulfat), qusdurucu (apomorfin hidroxlorid və s.) və qusmaya qarşı (skopolamin hidrobromid, diprazin, metoklopramid, aminazin və s.), ödqovucu (xolaqon, xolenzim, xolosas, oksafenamid), işlətmə dərmanları (maqnezium - sulfat, gənəgərçək yağı, rəvənd tableti, izafenin və s.) daxildir.
Diuretiklərə (sidikqovucu dərmanlar) dixlotiazid, furosemid, klopamid, triamteron, amilorid, spironolakton, mannit və s. aiddir.

Top