Antibiotiklər

Antibiotiklər

Antibiotiklər (yun. ἀντί — nti— qarşı, βίος—bios—həyat, canlı) — təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir.

Antibioz mürəkkəb bioloji hadisədir. Əsas mahiyyəti isə bir sıra mikroorqanizmlərin onları əhatə edən mühitdə başqa mikrobların çoxalmasını və inkişafını dayandıran xüsusi aktiv maddələr ifraz etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır.
Elm tarixində antibioz hadisəsinin böyük əhəmiyyətini ilk dəfə İ.İ. Meçnikov qeyd etmişdir. İlk antibiotik olan penisillini isə 1929-cu ildə məşhur ingilis bioloqu, Nobel mükafatı laureatı Aleksandr Fleminq kif göbələklərindən almışdır. O vaxtdan antibiotiklər tibdə getdikcə daha geniş tətbiq edilir. Hazırda antibiotiklər əsasən bioloji metodla alınır.
Antibiotiklərin təsir mexanizmi hələ lazımi dərəcədə öyrənilməmişdir. Antibiotiklərin dozasını təsir vahidləri ilə (TV) təyin edirlər. İndiyə qədər bir çox antibiotiklər alınmışdır.
Tibbi praktikada geniş işlədilə bilən antibiotiklər aşağıdakı tələbatı ödəməlidir:
1. yüksək antimikrob aktivliyə malik olmalı;
2. orqanizmdə antimikrob effekti uzun müddət saxlanmalı;
3. az zəhərli olub, lazımi terapevtik təsirə malik olmalıdır.

Antibiotiklərin kimyəvi quruluşu çox müxtəlifdir. Lakin onların hamısı mikrobların həyat fəaliyyəti məhsulları olduğu üçün ümumi antibiotiklər qrupunda birləşir.
Hazırda antibiotiklər o qədər çoxdur ki, artıq onlar təsir mexanizminə görə bir sıra qruplara bölünür:
I. Strukturunda β- laktam halqası olan antibiotiklər - penisillinlər, sefalosporinlər, karbanenemlər, monobaktamlar.
Penisillinlər geniş təsir dairəsinə malik olub, ən müxtəlif xəstəliklər zamanı işlədilir. Onların təsnifatı alınması üsullarındakı fərqlərə və bir sıra digər əlamətlərə əsaslanır:
1. Biosintetik (bioloji sintez yolu ilə alınan) penisillinlər.
Mədənin turş mühitində parçalandığı üçün parenteral yolla yeridilənlər:
a) qısamüddətli təsirə malik olanlar: benzilpenisillinin natrium duzu, benzilpenisillinin kalium duzu;
b) uzunmüddətli təsirə malik olanlar: benzilpenisillinin novokain duzu (bisillin - 1, bisillin - 3, bisillin - 5).
Turşuya qarşı davamlı olub, enteral yolla yeritmək üçün: fenoksimetilpenisillin.
2. Yarımsintetik penisillinlər.
Parenteral və enteral yolla yeritmək üçün:
a) penisillinazanın təsirinə qarşı davamlı olanlar: oksasillinin natrium duzu, nafsillin;
b) geniş təsir dairəsinə malik olanlar: ampisillin, amoksisillin.
Parenteral yolla yeritmək üçün (göy-yaşıl irin çöpü də daxil olmaqla geniş təsir dairəsinə malik olanlar): karbenisillinin dinatrium duzu, tikarissilin, azlosillin.
Enteral yolla yeritmək üçün: karbenisillin indianil natrium, karfesillin.
Penisillinlər bakterisid təsirə malikdir. Onların toksikliyi az, terapevtik təsir dairəsi genişdir. Əlavə təsirlərinə əsasən allergik reaksiyalar (xəstələrin 1 - 10%-də) aiddir.
Sefalosporinlər yeridilmə yoluna görə 2 qrupa bölünür:
1. Parenteral yolla yeritmək üçün: sefalotin, sefuroksim, sefotaksim, sefenim və s.
2. Enteral yolla yeritmək üçün: sefaleksin, sefaklor, sefiksim və s.
Karbanenemlərə imipenom, tienam, meropenem; monobaktamlara - aztreopam aiddir.

II. Mikrolidlər (eritromisin, oleandomisin, roksitromisin, klaritromisin) və azalidlər (azitromisin) - atipik pnevmoniya törədə bilən xlamidiyalara, mikoplazmalara, legionellalara qarşı effektlidir.

III. Tetrasiklinlər - geniş təsir dairəsinə malik olub, həmçinin mikroorqanizmlərin penisillinlərə və streptomisinə qarşı davamlılığı və ya xəstələrin onlara qarşı sensibilizasiyası zamanı tətbiq edilir. Bunlar allergik reaksiya törədə bilər. Biosintetik (terramisin, tetran, tarxosin, demeklosiklin) və yarımsintetik (rondomisin, vibramisin, minosiklin və s.) növləri ayırd edilir.

IV. Levomisetin qrupu - həm qram-müsbət, həm də qram-mənfi, o cümlədən, bağırsaq bakteriyalarına, inflüensa çöpünə, həmçinin rikketsiyalara, xlamidiyalara, brusellyozun, tulyaremiyanın törədicilərinə təsir edir. Turşuya davamlı mikobakteriyalar, göy-yaşıl irin çöpü, protey, ibtidailər levomisetinə qarşı az həssasdır və ya qətiyyən həssas deyil. Qanyaranma prosesini zəiflədib, qanazlığı törədə bilər. Levomisetin daxilə qəbul edilir; emulsiya və məlhəmləri xaricə işlədilir.antibiotik dərmanlar

V. Aminoqlikozidlər - streptomisin, gentomisin, neomisin, kanamisin, amikasin, tobramisin, sizomisin, menomisin və s. Streptomisin geniş antimikrob təsirə malik olub, xüsusən vərəm mikobakteriyalarına, tulyaremiya, taun, brusellyoz törədicilərinə, patogen kokklara və s. təsir edir. Anaerob mikroorqanizmlər, spiroxetlər, rikketsiyalar, viruslar, patogen göbələklər buna qarşı həssas deyil. İnyeksiyası ağrılıdır. Aminoqlikozidlər eşitmə sinirini zədələyə bilər; bunlardan əksəriyyətinin işlədilməsinə böyrək xəstəlikləri də əks-göstərişdir.

VI. Siklik polipeptidlər (polimiksinlər). Bunlardan polimiksin - M - sulfatın qram-mənfi bakteriyalara təsiri daha çox nəzərə çarpır. Yalnız hüceyrədən xaric mikroorqanizmlərə təsir göstərir. Patogen kokklar, difteriya çöpü və s. bunlara qarşı davamlıdır. Polimiksin - M - sulfatı parenteral yolla yeritmək olmaz. Çünki sinir sisteminə və böyrəklərə toksik təsir göstərə bilər.
Böyrək xəstəlikləri bu preparatların işlədilməsinə əks-göstərişdir.

VII. Linkozamidlər (linkomisin, klindamisin və s.) xüsusən anaerob mikroorqanizmlərə, streptokoklara və stafilokoklara qarşı aktivdir. Təhlükəli əlavə təsiri
psevdomembranoz kolitdir (selikli və qanlı ifrazatla ishal, qarında ağrı, qızdırma).

VIII. Qlikopeptidlər (vankomisin, teykoplanin və s.) - xüsusən qram - müsbət kokklara, o cümlədən, metisillinə qarşı davamlı stafilokoklara güclü təsir göstərir. Toksik
(xüsusən eşitmə orqanı və böyrəklər üçün) olduqlarından az işlədilir.

IX. Fuzidi turşusu - məhdud (əsasən qram-müsbət bakteriyalara) təsir dairəsinə malik antibiotikdir.
Natrium duzu işlədilir. Penisillinə qarşı davamlı stafilokok infeksiyaları, xüsusən osteomielit zamanı tətbiq edilir.

X. Müxtəlif antibiotiklər - fuzafuntin (bioparoks) antimikrob və iltihab əleyhinə təsirə malik olub, inhalyasiya üçün aerozol şəklində buraxılır. Gənziyin, tənəffüs yollarının infeksiyaları zamanı tövsiyə edilir. 10 gündən çox işlətmək olmaz (disbakterioz törədə bilər).major classes of antibiotics

Antibiotiklər gözəl antimikrob və müalicəvi əhəmiyyətə malik olmalarına baxmayaraq, onların hər birinin zərərli təsiri də vardır. Əsasən bunlar böyrəklərin işinə, bir çoxları qaraciyərə, görmə, eşitmə, qoxu və dadbilmə sinirlərinə zəiflədici təsir göstərir. Bəziləri selikli qişalarda və dəridə göbələk xəstəliyi əmələ gətirir. Demək olar ki, hamısı allergik reaksiyalar verir. Buna görə də onların dozası, təyin edildiyi müddət dəqiq olmalıdır. Xüsusilə uşaqlara və hamilə qadınlara bunların təyinində çox diqqətli olmaq lazımdır. Bu dərmanlardan çox kəskin xəstəliklərdə, ağır hallarda istifadə edilməsi məqsədəuyğundur.

 

Top