İşləri heç cür yaxşı getmirdi. Odur ki, dostunun yanına getməyi qərara aldı. Qısa hal-əhvaldan sonra: “İşlərim yaxşı getmir. Heç cür istədiyimi əldə edə bilmirəm. Gördüyüm işlərin çoxu yarımçıq qalır. Nə edəcəyəm, bilmirəm”, — dedi.
Dostu:
— Səni narahat edən elə budur? — deyə soruşdu.
Adam:
— Bəli, — dedi, — səndən məsləhət almağa gəlmişəm. Bu vəziyyətdən çıxmaq üçün nə etməliyəm?
Dostu cavab verdi:
— Sənə bir məsləhətim var. Bu gün evə gedəndə bir kitabxanaya baş çək. Oradan “Nyu-York Tayms”ın 1970-ci il almanaxını al və 930-cu səhifəsinə bax. Orada sənə lazım olan şeyi tapacaqsan.
Adam dostundan ayrılar-ayrılmaz, bir kitabxanaya getdi. “Nyu-York Tayms”ın 1970-ci il almanaxını tapdı və 930-cu səhifəsini açdı. Ancaq orada ona lazım olan şeyi görmədi.
Çünki bu səhifədə beysbol oyunu ilə bağlı statistik məlumatlardan başqa, heç bir şey yox idi. Bu məlumatlarda dünyanın ən yaxşı beysbolçuları və onların göstərdikləri nəticələr var idi. Almanaxdakı rəqəmlərə görə bu sahədə birincilik Tey Kobba aid idi. Tey Kobb ona vurulan hər 10 topdan ancaq 3,67-ni qaytara bilmişdi. Hətta beysbol tarixinin ən məşhur simalarından Beyb Rath belə, ondan geri qalırdı. Evə çatan kimi ilk işi dostuna zəng etmək oldu:
— Almanaxa baxdım. Tey Kobb — 3,67 yazılmışdı, — dedi.
Dostu bir qədər güldükdən sonra:
— Gördün? — dedi, — Beysbolda ən yaxşı oyunçunun belə, nəticəsi 3,67-dən çox deyil. Əslində bu nə deməkdir bilirsən? Hər üç topdan ancaq birini qaytara bilmək...
Adam bir qədər susdu, sonra da gülərək:
— İndi başa düşdüm. Deməli, işlərim o qədər də pis deyilmiş, — dedi