Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin dünya elminə verdiyi əvəzsiz töhfələr sonralar istər dəqiq, istər coğrafi, istər astronomik elmlərin inkişafına yeni bir təkan verərək sivil elmi tərəqqiyə yol açdı.
Bir sözlə, təqribən on əsr bundan əvvəl yaşamış Biruninin elmdə qazandığı nailiyyətlər bu gün də öz dəyərini saxlamaqda davam etməkdədir. Bunu məşhur türk-islam aliminin-Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin elmin bütün sahələrini olduqca dəqiq bilməsi və hər elm sahəsində də insanları heyrətə salan elmi kəşflər etməsi də göstərir.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin səyahətləri də məhz elmin müxtəlif sahələrini daha dərindən öyrənmək istəməsi, elmi kəşflərin əsasını qoymaq, yeni nə isə tapmaq istəyi ilə bağlı olub. Məşhur alim müxtəlif bölgələrə uzun sürən səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Türküstanın (Orta Asiya) böyük hissəsini elmi baxımdan tədqiq etmiş və bu tədqiqatları əsasında yeni elmi nəticələrə gəlib. O, tədqiqatlarını öz əsərlərində olduqca yüksək səviyyədə elmi baxımdan araşdırmış, ortaya mükəmməl elmi əsərlər çıxarmışdı. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin böyük alim adını daşıması və dünyanı heyrətləndirməkdə davam etməsi də məhz bu amillə bağlıdır.
Türklər mədəni, elmli və qədim xalqdır
Qeyd etdiyimiz kimi Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin həm dünya, həm də türk dünyası qarşısında göstərdiyi ən böyük xidmətlərindən biri onun türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etməsi və bunu yazdığı əsərlərində incəliyinə kimi təsvir etməsidir. Birunini türk xalqlarının mədəniyyəti, elmi dünya görüşləri, təhsili, incəsənəti, mədəniyyəti, adət-ənənələri barədə yazdıqları, verdikləri məlumatlar günümüzdə türklərin simasında köçəri, mədəniyyətdən uzaq millət imicini formalaşdırmağa cəhd edən bəzi Qərb “alimləri”nə, türklərin tarixini saxtalaşdırmağa cəhd edərək onların dünya tarixindəki əvəzsiz xidmətlərinə kölgə salmaq istəyən psevdo tədqiqatçılara verilən ən tutarlı cavabdır. O, türklərin olduqca mədəni, insani keyfiyyətlərə malik olduğunu, saf həyat tərzlərini, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün insanlara rəğbət, məhəbbətlə yanaşdıqlarını, qonaqpərvərliklərini, verdikləri sözlərə əməl etdiklərini, sədaqətli olmalarını xüsusi qeyd edib.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni yazır ki, türklər mədəni, elmli və qədim xalqdır və mən belə bir xalqın içindən çıxmağımla fəxr edirəm. Böyük alim türklərin məşhur elm adamları, elmə, təhsilə xüsusi qiymət vermələrini onların öz ana dillərindən əlavə, ərəb və fars dillərini öyrənmələrini, onların özlərinə yad olan bu dillərdə elmi tədqiqatlar apararaq dünya tarixinə çoxlu sayda məşhur alimlər verdiklərini xüsusi vurğulayıb. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni türklərin arasından çıxan məşhur elm xadimlərinin ərəb və fars dillərində ölməz elmi tədqiqat əsərləri yaratmasını həmin dövrdə adıçəkilən hər iki dilin bütün islam dünyasında elm, mədəniyyət dili kimi işlədilməsi ilə izah edir. O, eyni zamanda qeyd edir ki, türklər ana dillərində də parlaq əsərlər yaradıblar və bu əsərlər daha çox sadə türklər arasında geniş yayılaraq müəllifinə böyük şöhrət gətirib.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni türklərin zəngin folklora mənsub olduqlarını, onlar arasında qopuz, dombur kimi musiqi alətlərinin geniş yayılmasını, şadlıqlarda özlərinə xas olan adət ənənələrdən istifadə etməsindən sevə-sevə bəhs edir. Məşhur alim yazır ki, mən çox ölkələri gəzdim, müxtəlif dillərdə danışan və fərqli həyat tərzi sürən çoxlu sayda insanlar arasında oldum, onları elmi baxımdan tədqiq etdim, həyatlarını, yaşayışlarını, elmi, dünyaya ətrafa baxış səviyyələrini dərindən öyrəndim, ancaq heç yerdə türklər qədər genişürəkli, mərd, qəhrəman və elmli, elmə böyük məhəbbət bəsləyən xalq görmədim.
Coğrafiyaşünas alim
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin dünya elmi qarşısında digər ən böyük xidmətlərindən biri də onun özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdiyini bəyan etməsi oldu.
Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır. Məşhur türk-islam aliminin Azərbaycan da daxil olmaqla, türk dünyası qarşısındakı xidmətlərindən biri də Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini günümüzdəki qədər dəqiq təsvir etməsidir. Bununla da o orta əsrlər Azərbaycan türklərinin yaşadıqları coğrafi ərazilər və onların adət-ənənələrinin qədim türk xalqlarının ayrılmaz bir hissəsi olduğunu göstərib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin Azərbaycan coğrafiyasına aid elmi tədqiqatları həm də günümüzdə bu ərazilərdə türklərin yaşamadıqlarını deyən psevdo tarixçi tədqiqatçılara verilən tutarlı cavab, onların üzlərinə vurulan sərt şillədir.
Biruninin məşhur coğrafiyaşünaş alim olduğunu onun digər coğrafi tədqiqatları da sübut edir. Məsələn, məşhur türk islam alimi 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü günümüzdə belə məşhur tədqiqatçıları heyrətə salan dəqiqliklə təyin etməsi olub.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni coğrafiyaşünaslıq sahəsində 995-ci ildə daha bir cəsarətli elmi tədqiqat apardı. O bu elmi coğrafi tədqiqatı əsasında Yer kürəsinin modelini hazırladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan qlobus idi. Beləliklə, məşhur türk islam alimi dünya coğrafiya elmi sahəsində qlobusu hazırlayan alim kimi adını elm tarixinə qızıl hərflərlə yazdırdı.
Məşhur türk islam alimi Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materialları və yerli insanlarla sıx əlaqəsi, onları daim müşahidə etməsi əsasında da Hindistana həsr olunmuş və günümüzdə bu ölkənin tarixini öyrənmək baxımından olduqca qiymətli olan əsər ortaya çıxarıb. “Nihayətü’l-Eməkin” və ya qısa şəkildə desək “Hindistan” adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl bəyan edib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni bu elmi iddiasını ortya qoyarkən məşhur hind astronomu Brahmaquptanın “Yer hərəkətdə, göylər isə sükunətdədir” fikrini elmi cəhətdən əsaslandırmış və bunun doğru ola bilməsini şübhə altına alan bütün fikirləri alt-üst etmişdilər.
Dəqiq elmlərdə uğurları
Əl-Biruninin fizika elmi qarşısında da xidmətləri olub. O, cismlərin sıxlığını təyin edən cihaz düzəldərək, “Xüsusi çəki” kitabında ixtirası haqqında geniş məlumat verib. Məşhur türk islam alimi bundan əlavə, mayelərin də xüsusi çəkisini müəyyən etmək məqsədi ilə xüsusi cihaz ixtira edib. O bu cihazın vasitəsilə müəyyən edib ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında qarşılıqlı asılılıq var və bu uca Yaradanın yerləri və göyləri nə qədər təkmil yaratdığını, göylərdə və yerlərdə olan bütün cismlərin riyazi dəqiqlik əsasında mövcud olduğunu, onların arasında qarşılıqlı əlaqələrin, cazibə qüvvəsinin varlığını xüsusi vurğulayıb. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni yazır ki, göy cismləri arasında qarşılıqlı əlaqə olmasaydı, bəşəriyyət çoxdan məhv olar, kainat fəlakətə sürüklənərdi.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin məşhur riyaziyyatçı alim olmasını onun şahmat taxtasına görə buğdanın sayını tapması da təsdiq edir. Astronomiya sahəsində isə alim rəsədxana qurur, səma cisimlərini müşahidə edən cihazlar ixtira edir. Buna paralel olaraq məşhur türk-islam alimi metalların və dəmirlərin xassələrini öyrənərək onların rəngini, iyini, yumşaqlığını müəyyən edir. O, mineralların sıxlığını tapır.
Böyük alim ömrünün sonuna yaxın yazdığı “Kitabü’l-Camahir fi Marifeti’l-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat verib.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni sağlığında ikən 153 elmi tədqiqat əsəri yazıb. Alimin bu əsərlərindən 115-i dəqiq elmlər haqqındadır.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin elmə, elm öyrənməyə böyük əhəmiyyət verməsini, onun ölümqabağı dedikləri də təsdiq edir. Deyilənə görə, 77 yaşlı qoca elm fədaisi Haqqın rəhmətinə qovuşmazdan əvvəl fəqih dostu Əbul-Həsən Əli ibn İsadan “hesab ciddat fasid” barədə soruşmuşdu. Dostu isə buna ehtiyac olmadığını deyəndə, alim bu məsələni bilib ölməyinin özünə rahatlıq gətirəcəyini söyləmişdi. Dostu onun xahişinə əməl etməyə məcbur oldu və bundan bir neçə dəqiqə sonra dünya elminin ən böyük simalarından biri olan məşhur türk islam alimi Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni Haqqın rəhmətinə qovuşdu. Amma Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni elmi kəşfləri ilə türk-islam dünyasının və bəşəriyyətin qəlbində yaşamaqda davam edir və əbədiyyətə qədər də davam edəcək.
Əziz Mustafa
Zaman.-2015.-8 aprel.-S.9.