Azərbaycan dilində olduğu kimi türk dilində də zərfin mənaca dörd növü var.
1) Tərzi-hərəkət zərfləri: yavaş, çabuk, hızlı, ansızın, hemen, birden, sessizce, acele və s.
2) Zaman zərfləri: dün, bugün, demin, akşamleyin, şimdi, yarın, er geç, erken, öbür gün və s.
3) Yer zərfləri: aşağı, yukarı, ileri, geri, orta, ön, yan və s.
4) Miqdar zərfləri: az, çok, kısmen, kıt, dar, eksik, fazla və s.
Dilimizdə olduğu kimi, türk dilində ayrı-ayrı nitq hissələri adverbiallaşaraq zərf funksiyasında çıxış edir:
yüksekten, alçaktan, çoktan, zaman zaman və s.
Azərbaycan dilindəki zərf düzəldən şəkilçilər -ca, -ce; casına, -cesine türk dilində də var:
kahramanca, gizlice, dostcasına, çocukcasına, delicesine, Türkçe, Azerbaycanca və s.
Türk dilində zərf düzəldən spesifik şəkilçilər də mövcuddur ki, bunlar Azərbaycan dilində işlənmir:
a) -ın, -in, -un, -ün
- öğleyin — günorta (vaxtı)
- yazın — yayda; yay vaxtı
- kışın — qışda; qış vaxtı
- gündüzün — gündüz
- güzün — payızda
b) -leyin
- sabahleyin — səhər, səhər vaxtı
- gündüzleyin — gündüz, gündüz vaxtı
- akşamleyin — axşam, axşam çağı
- geceleyin — gecə, gecə vaxtı
Müasir türk dilində -an; -en şəkilçisi ilə ərəb mənşəli sözlərdən düzələn çoxlu zərf var:
tesadüfen, resmen, mecazen, filen, münhasıran, mecburen, tedricen və s.
Azərbaycan dilindən fərqli olaraq -ca; -ce şəkilçisi türk dilində həm də sözlərə qoşularaq cümlədə iş görəni bildirir. Bu zaman cümlənin xəbəri felin məchul növündə olur. Həmin şəkilçi dilimizə «tərəfindən» sözünün köməyi ilə tərcümə edilir:
Bakanlar Başbakanca seçilir — Nazirlər baş nazir tərəfindən seçilir.
Başbakan Cumhurbaşkanınca atanır — Baş nazir Prezident tərəfindən təyin edilir.
Meclisçe verilen karar kamuoyunca beğenildi — Məclis (parlament) tərəfindən verilən qərar ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.