Türk dilində saylar

Türk dilində saylar

Türk dilində saylar müəyyən qruplara ayrılır: miqdar sayları, sıra sayları, qeyri-müəyyən saylar, bölüşdürmə sayları. Bunlardan ilk üçü Azərbaycan dilində də var. Bölüş­dürmə sayları türk dilinin spesifik say qrupudur.

Miqdar sayları

1 — bir

20 — yirmi

2 — iki

30 — otuz

3 — üç

40 — kırk

4 — dört

50 — elli

5 — beş

60 — altmış

6 — altı

70 — yetmiş

7 — yedi

80 — seksen

8 — sekiz

90 — doksan

9 — dokuz

100 — yüz

10 — on

1000 — bin


«Bir» dilimizdəki kimi həm miqdar sayı, həm qeyri-müəyyənlik artikli, həm də ədat kimi çıxış edir:

Odada bir masa, bir de sandaliye var?
Bir çocuk sizi soruyor.
Bir fırtına, bir sağanak, bir dolu!..
Nereye siğınacağımızı bilmedik.

Miqdar saylarından yedi, sekiz, dokuz sözləri dili­mizdəki kimi qoşa samitli deyil; «seksen» yerinə türk dilində «həştad» işlədilməz.

Sıra sayları dilimizdəki kimi, miqdar saylarına -ıncı, -inci, -uncu, -üncü şəkilçisi artırmaqla düzəlir:
bir-birinci; altı-altıncı; dokuz-dokuzuncu; dört-dördüncü

«Incı» şəkilçisini yazıda nöqtə işarəsi də əvəz edə bilir:
1. — birinci;
5. — beşinci

Qeyri-müəyyən saylar: az, çok, hayli, birçok, birkaç, birtakım, yarı(m), buçuk (az)

Bölüşdürmə sayları -ar, -er (samitlə bitən saylar üçün) və -şar, -şer (saitlə bitən saylar üçün) şəkilçisi vasitəsilə düzəlir:
birer, ikişer, üçer, dörder, beşer, altışar, yedişer, sekizer, dokuzar, onar, on birer

Türk dilində morfoloji yolla yaranan bu saylar Azər­baycan dilində ya sintaktik yolla — eyni bir sayın təkrarı ilə əmələ gəlir, ya da həmin sayların əvəzinə «hərəyə», «adam başına» və s. sözlər əlavə edilməklə düzəlir.
— Size yol harçlığı verdiler mi?
— Verdiler. Onar lira...
— Sizə yol xərci verdilərmi?
— Verdilər. Hərəyə on lirə (Adambaşına on lirə).
Uçaklar birer ikişer havalanıyordu -Təyyarələr bir-bir, iki-iki havaya qalxırdılar.
Kızlar ikişer, erkekler dörder dizilsinler — Qızlar iki-iki, oğlanlar dörd-dörd düzülsün.
Orhanla ben mağazadan birer kurşunkalem, beşer def­ter aldık — Orxanla mən mağazadan hərəmizə bir karandaş, beş dəftər aldıq.

Yüzdən yuxarı saylara bölüşdürmə şəkilçiləri iki cür artırılır:
a) beş yüzer, elli biner, sekiz yüzer, yedi biner.
b) beşer yüz, ellişer bin, sekizer yüz, yedişer bin.

Milyon və milyar sözləri ilə düzələn saylarda bölüşürmə şəkilçiləri yalnız həmin sözlərdən əvvəl gələn saya artırılır.
Yedişer milyon, ikişer milyar, üçer milyon, dörder mil­yar, on sekizer milyon, altı yüz kırkar milyon;

Türk dilində yarım, az, tek, kaç, çift, birkaç sözləri də ar/şar şəkilçiləri qəbul edib bölüşdürmə sayı kimi işlənə bilir:

yarımşar — yarı-yarı;
azar azar — az-az;
teker — tək-tək, bir-bir;
çifter çifter — cüt-cüt, iki-iki

Birkaçar bardak çay içtik — Hərəmiz (adambaşına) bir neçə stəkan çay içdik.
Teker teker sıraya geçtiler — Bir-bir (tək-tək) sıraya düzüldülər.

Q e y d: 1) Türk dilində kəsr sayları Azərbaycan dilindəki kimi ifadə edilir:

beşte iki — beşdə iki;
yüzde altı — yüzdə altı;
binde dört — mində dörd;
«Yüzde» sözü həm də «faiz» mənasında işlənir.
yüzde yirmi — % 20 — iyirmi faiz — 20%
yüzde yüz — % 100 — yüz faiz — 100%

Türk dilində kəsr sayları ifadə edən aşağıdakı terminləri yadda saxlamaq lazımdır.

ikide bir — yarım,
dörtte bir — çeyrek.

Tam rəqəmlərdən (miqdar saylarından) sonra gələn yarımlar üçün «buçuk» sözü işlədilir.

beş buçuk — beş yarım (5,5)
yedi buçuk — yeddi yarım (7,5)

2) Dilimizdəki «ikəm», "üçəm" kimi sözlər türk dilində «ikiz», "üçüz" şəklində işlənir.

Hindistan'da kadın dördüz döğurdu.
Üçüzlerden birinin ismi Ayşedir.

3) Türk dilində bir sıra miqdar saylarından -lı, -li, -lu, -lü şəkilçisinin köməyi ilə müxtəlif mənalara gələn söz və ifadələr düzəlir:

ikili — binar; ikiqat; ikitərəfli; duet;
ikili görüşmeler — ikitərəfli danışıqlar;
Üçlü ittifak — Üçlər ittifaqı;
dörtlü — kvartet

Toplantıda ikili ilişkiler tartışıldı. — Yığıncaqda (iclasda) ikitərəfli münasibətlər müzakirə edildi.

İkili ve dörtlü, müzik topluluklarının çeşitleridir. Duet və kvartet musiqi kollektivi növləridir.

Top