Müasir türk dilində aşağıdakı qoşmalar var:
için, ile evvel; önce; sonra; kadar; gibi; dolayı; dek (değin); üzere (üzre); göre; başka; doğru; karşı; beri; ait; rağmen və s.
Azərbaycan dilində olduğu kimi, türk dilində də qoşmalar adlara qoşulub həmin sözlərlə başqa sözlər arasında sintaktik əlaqə yaradır. Məsələn:
- Senin için bir kitap aldım.
- Köye araba ile gittik.
- Dersten sonra bize gideriz.
- Çocuk bana doğru koştu.
Türk dilində də qoşmalar aid olduğu sözü idarə edərək həmin sözün bu və ya digər halda işlənməsini tələb edir. Bu baxımdan qoşmaları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
- Yiyəlik hal tələb edənlər: için, gibi, kadar, ile;
Senin için, onun gibi, senin kadar, kalemin ile; - Yönlük hal tələb edənlər: göre, doğru, karşı, ait, rağmen, değin;
Bize göre, sana doğru, ona karşı, derse ait, buna rağmen, akşama değin. - Çıxışlıq hal tələb edənlər: evvel (evel), önce, sonra, dolayı, başka, beri, ötürü;
Senden evvel, dersten önce, sabahtan beri, sizden sonra, bundan dolayı, ondan başka.
Göründüyü kimi, bu qoşmalardan bir qismi dilimizdə məhsuldar deyil: rağmen, dolayı, değin və s.
Digər tərəfdən, Azərbaycan dilində işlənən bir sıra qoşmalar da türk dilində işlənmir. Məsələn, zaman bildirən qabaq, -can/cən; istiqamət bildirən sarı və s.
«Qabaq» qoşması — evvel, önce; «can/cən» qoşması kadar, dek, değin; «sarı» qoşması — doğru, taraf sözləri ilə tərcümə edilə bilər.
Türk dilindəki «dolayı» qoşması dilimizdə — ötrü, görə; «rağmen» qoşması (eyni mənada «karşın» qoşması da işlədilir) isə baxmayaraq, əksinə, ziddinə, acığına sözlərilə əvəz oluna bilər:
- Səndən qabaq gəldik — Senden evvel (önce) geldik.
- Sizəcən neçə saatlıq yoldur — Size kadar kaç saatlik yoldur?
- Axşamacan bu işi qurtararıq — Akşamadek bu işi tamamlarız.
- Kəndə sarı yola düşdük — Köye doğru yola koyulduk.
- Yağmurdan dolayı sokağa çıkmadık — Yağışa görə küçəyə çıxmadıq.
- Bunu bana rağmen yapıyor — Bunu mənim acığıma edir.
- Bütün ricalarıma rağmen gelmedi — Bütün xahişlərimə baxmayaraq, gəlmədi.