Britaniyalı səyyah, yazıçı, şair, tərcüməçi, etnoqraf, qılıncoynatma ustası və diplomat Richard Francis Burton 19 mart 1821-ci ildə anadan olmuşdur.
Asiya və Afrika ilə bağlı araşdırmaları ilə yanaşı, müxtəlif dil və mədəniyyətlər haqqında bilikləri Richard Francis Burtonu məşhurlaşdırmışdır. Deyilənə görə, Burton hər biri fərqli dil ailəsinə məxsus olan 29 dil bilirdi.
Burtonu ən çox məşhurlaşdıran onun Məkkəyə səyahət etməsi, “Min bir gecə” nağılını ingilis dilinə tərcümə etməsi və John Henning Speke ilə Nil çayının mənsəbini axtarmaq məqsədilə Şərqi Afrikaya səyahət etməsi, Tanqanika gölünü kəşf etməsi olmuşdur. R. Burton bir çox sənət əsərinin, eyni zamanda coğrafiya, etnoqrafiya və qılıncoynatma ilə bağlı məqalələrin müəllifidir.
Burton uşaq olarkən tez-tez yaşadığı yeri dəyişməli olurdu. O, valideynləri ilə birlikdə İngiltərə, İtaliya və Fransada yaşayıb. Bəlkə də, Burtonun sonradan səyahətə marağının artmasında bu məsələnin də rolu böyük olmuşdur. 1842-ci ilin iyun ayında Burton Bombeyə gedir, lakin Hindistanda müharibə artıq qurtarmışdı. Hindistanda olarkən Burton vaxtının çox hissəsini oranın mədəniyyətini və dillərini araşdıraraq keçirtmişdir. O, marathi, hindi, fars, ərəb və qucarat dilini yüksək səviyyədə bilirdi.
Bombey bazarında nadir əlyazmaları alan Burton bu əsərləri böyük maraqla öyrənmişdi. Burtonun hətta meymunları da var idi və o, bir gün onların da dillərini öyrənəcəyinə ümid edirdi. Hindistanda keçirtdiyi 7 ildə Burton müsəlmanların adət və ənənələrini də dərindən öyrənmişdir.
Burton Həccə gedən ilk avropalı deyildi. Lakin onun ziyarəti dəqiq sənədləşdirilmişdir. 1855-ci ildə Burtonun “Əl-Mədinəyə və Məkkəyə Həcc” kitabı nəşr olunmuşdur.
Kral Coğrafiya Cəmiyyətinin (The Royal Geographical Society) təşəbbüsü ilə Tanqanika gölünün kəşf edildiyi Şərqi Afrikaya ekspedisiyaya rəhbərlik etmişdir.
Burton müxtəlif vaxtlarda Fernando Po, Dəməşq və Triestdə ingilis konsulu kimi fəaliyyət görsətmiş və 1890-cı ildə orada da vəfat etmişdir. O, Kral Coğrafiya Cəmiyyətinin üzvü idi, 1866-cı ildə müqəddəs Mixail və müqəddəs Georgi ordusunun komandiri idi və bu ona cəngavər statusu verdi.
azertag.az