Türk dilində ismi xəbərin rəvayəti «imiş» köməkçi feli vasitəsilə əmələ gəlir. "İmiş" köməkçi feli qoşulduğu adlardan həm ayrı, həm də bitişik yazılır. Sözdən ayrı yazıldıqda təkvariantlıdır, yəni bir cür (imiş) yazılır; bitişik yazıldığı zaman ahəngə uyğun olaraq dörd cür (-mış, -miş, -muş, müş) yazılır. Söz kökü saitlə bitərsə «imiş» köməkçi felinin əvvəlindəki «i» saiti «y» samitinə çevrilir.
İsmi xəbərin hekayəsi ilə rəvayəti arasında məna və üslub fərqi var. Doğrudur, hər iki forma ismi xəbərlə ifadə olunan fikrin keçmiş zamana aid olduğunu bildirir.
Lakin birinci halda ifadə edilən fikirdə müəyyənlik, konkretlik var. Xəbər verilən işin icrasının danışan tərəfindən bilavasitə görüldüyü, bilindiyi və ya onun şahidi olduğu çalan mövcuddur. İsmi xəbərin rəvayəti isə qeyri-müəyyən, danışanın özünün görmədiyi, bilmədiyi, başqasından eşitdiyi iş, hal, hərəkət və s. bildirir, ifadə olunan fikrin doğru olub-olmamasına danışanın şübhəsini nəzərə çatdırır, bir növ subyektiv modallığın ifadəsinə xidmət edir.
İsmi xəbərin bu forması Azərbaycan dilində də işlənir, xüsusilə 3-cü şəxsdə daha geniş yayılmışdır. Bununla yanaşı, dilimizdə eyni üslub və məna çalarlarının bir qismini vermək üçün bəzən ehtimal, şübhə və s. bildirən modal sözlərdən (guya, demə, məgər, deyəsən, deyirlər ki, görünür və s.) istifadə olunur. Məsələn:
- Ben hastaymışım — Mən xəstəymişəm — Guya ki, mən xəstə imişəm;
- Siz evdeymişsiniz — Siz evdəymişsiniz — Deyəsən, siz evdə imişsiniz;
- Meydanda kimse yokmuş — Deyirlər ki, meydanda heç kəs yox imiş.
- Yorgun imişsin — Görünür, yorğun imişsən.
a)təsdiq forması
- Ben hasta imişim, hastaymışım, evdeymişim.
- Sen hasta imişsin, hastaymışsın, evdeymişsin.
- O hasta imiş, hastaymış, evdeymiş.
- Biz hasta imişiz, hastaymışız, eydeymişiz.
- Siz hasta imişsiniz, hastaymışsınız, evdeymişsiniz.
- Onlar hasta imişler, hastaymışlar, evdeymişler.
b)inkar forması
- Ben hasta değilmişim,
- Sen hasta değilmişsin,
- O hasta değilmiş,
- Biz hasta değilmişiz,
- Siz hasta değilmişsiniz,
- Onlar hasta değilmişler.
c) sual forması
- Ben hasta mıymışım?
- Sen hasta mıymışsın?
- O hasta mıymış?
- Biz hasta mıymışız?
- Siz hasta mıymışsınız?
- Onlar hasta mıymışlar?
İsmi xəbərin rəvayətinin inkar-sual forması türk dilində çox az işlənir (Ben hasta değil miymişim?).