Türk dilində felin əmr şəkli əmr, xahiş, istək və s. bildirir və xüsusi intonasiya ilə tələffüz edilir.
Azərbaycan dilindən fərqli olaraq, türk dilində felin əmr və arzu şəkillərinin I şəxs tək və cəminin şəkilçiləri eynidir. Buna görə də türkologiyaya aid ədəbiyyatda bəzən türk dilində felin əmr şəklinin I şəxs tək və cəminin xüsusi qrammatik əlaməti olmadığı qeyd edilir.
Felin əmr şəkli türk dilində aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir.
tək
1. şəxs: (y) ayım, -(y) eyim
2. şəxs: -
3. şəxs: -sın, -sin, -sun, -sün
cəm
1. şəxs: -(y) alım, -(y) elim
2. şəxs: (y) ın, -(y) in, -(y) un, -(y) ün; (y) ınız, -(y) iniz, -(y) unuz, -(y) ünüz
3. şəxs: -sınlar, -sinler, -sunlar, -sünler.
Mötərizəyə alınan «y» samiti saitlə bitən fel kökü ilə şəkilçi arasına əlavə edilir.
- Ben alayım, geleyim, okuyayım, güleyim
- Sen al, gel, oku, gül
- O alsın, gelsin, okusun, gülsün
- Biz alalım, gelelim, okuyalım, gülelim
- Siz alın (alınız), gelin (geliniz), okuyun (okuyunuz), gülün (gülünüz)
- Onlar alsınlar, gelsinler, okusunlar, gülsünler.
Qeyd: Kökü «a» və «e» saitləri ilə bitən fellərin I şəxs tək və cəminin iki, bəzən də üç cür yazılışı müşahidə olunur.
- başlayayım-başlıyayım;
- söyleyeyim-söliyeyim-söylüyeyim;
- deyeyim-diyeyim;
- oynayalım-oynuyalım-oynıyalım;
- saklayalım-saklıyalım;
Felin əmr şəklinin inkar forması fel kökünə «ma», «me» inkar şəkilçiləri artırılmaqla düzəlir:
- Ben almayayım (almıyayım), gelmeyeyim (gelmiyeyim);
- Sen alma, gelme;
- O almasın, gelmesin;
- Biz almayalım (almıyalım), gelmeyelim (gelmiyelim);
- Siz almayın (almayınız), gelmeyin (gelmeyiniz);
- Onlar almasınlar, gelmesinler;
Felin əmr şəkli zaman şəkilçisi qəbul etmir və felin zamanları üzrə dəyişmir, mənasına görə gələcək zamana aid olur.