Şəxs əvəzlikləri

Şəxs əvəzlikləri

ŞƏXS ƏVƏZLİKLƏRİ

Türk dilində şəxs əvəzlikləri aşağıdakılardır:

 

TƏK

CƏM

1-ci şəxs:

ben — mən

biz — biz

2-ci şəxs:

sen — sən

siz — siz

3-cü şəxs:

o-o

onlar — onlar

İŞARƏ ƏVƏZLİKLƏRİ

Türk dilində ən çox işlədilən üç işarə əvəzliyi var: bu, o, şu.
«Bu» və «o» əvəzliklərinin rolu Azərbaycan dilindəki kimidir. «Bu» əvəzliyi danışana görə yaxında olan, bir qədər əvvəl xatırlanan, yaxud tanış olan canlı və ya cansız varlıqlara işarə etmək məqsədilə işlədilir.
«O» əvəzliyi isə nisbətən və ya çox uzaqda olan, xeyli əvvəllərdə xatırlanan əşyalara və canlılara işarə edir.
"Şu" əvəzliyi türk dilinin spesifik işarə əvəzliyidir. Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, "şu" əvəzliyinin işarə etdiyi əşya «bu» və «o» əvəzlikləri ilə işarə edilən əş­yalara nisbətən orta mövqedə durur. Yəni «bu» — yaxın, "şu" — nisbətən uzaq, «o» — daha uzaq predmeti işarə edir.
Lakin bununla yanaşı, sırf işarə mənasında "şu" və «bu» əvəzlikləri cümlədə bir-birinin ekvivalenti ola bilir və sinonim əvəzliklər kimi çıxış edirlər. Bu halda danışana görə işarə edilən əşyanın yerləşdiyi məsafə fərqi formal xarakter daşıyır. Belə ki, eyni uzaqlıqdakı əşyaya «bu» ilə də, "şu" ilə də işarə etmək mümkündür:

Bu kalemdir. Şu tükenmezdir. Bu kitap iyidir. Şu kız güzeldir.

Əlbəttə, bu ekvivalentlik və sinonimliyin nisbiliyini unutmamaq lazımdır, çünki "şu" və «bu» əvəzlikləri bütün hallarda və qeydsiz-şərtsiz bir-birini əvəz edə bilməz. Xüsusilə mətndən və danışıq situasiyasından asılı olaraq bu əvəzliklərdən hər birinin işlənmə yeri müxtəlifdir. Bu fərqlərin əsasında isə həmin işarə əvəzliklərinin müəyyənlik və qeyri-müəyyənlik kateqoriyaları ilə əlaqəsi durur.
Doğrudur, hər iki əvəzlik əvvəllər mənaca konkret varlıqlarla əlaqədar olmuşdur. Lakin təfəkkürün inkişafı ilə bağlı olaraq dəyişmiş, müəyyənlik və qeyri-müəyyənlik baxımından fərqlənməyə başlamışdır. Məhz bu fərqlənmə nəticəsində «bu» əvəzliyi müəyyənlik, konkretlik, "şu" isə qeyri-müəyyənlik, mücərrədlik kəsb etmişdir. "Şu" əvəzliyini «bu» əvəzliyindən fərqləndirən əsas cəhətlərdən biri budur ki, "şu" ilə işarə edilən əşya və ya məsələ danışana məlum deyildir, ya da haqqında bəhs edilməyib. Məsələn, «Bu kitapı bana ver» cümləsi ilə, "Şu kitapı bana ver" cümləsi arasındakı fərq bundan ibarətdir ki, birinci cümlədəki «kitap» sözü onu istəyən adama məlumdur. Hansı kitab olduğunu bilir və konkret kitabı nəzərdə tutur. İkinci cümlədəki "Şu" işarə əvəzliyi isə danışanın istədiyi kitabla hələ tanış olmadığını və ya bu kitab haqqında qeyri-müəyyən təsəvvürə malik olduğunu və onunla tanış olmaq arzusunu nəzərə çatdırır. Tək-tək cümlələrdə izahı nisbətən çətin olan bu məsələ mətn daxilində daha bariz şəkildə özünü göstərir. Məsələn, aşağıdakı cümlələrə diqqət edək:
Her organın kendine göre puanı varmış. Elin şu kadar, ayağın şu kadar, başın şu kadar.
Nasıl karar verecekti şu iki sözcüğe: «Sen gidemezsin...».
Nedendir de, kömür gözlüm, nedendir.
Şu benim geceler uyumadığım?
Bir kere de nemene yerdir diye şu kenti görelim dedik.

Bu cümlələrin heç birində "şu" əvəzliyini «bu» ilə əvəz etmək mümkün deyil, çünki bu cümlələrdə "şu" ilə işarə edilən söz və ya məsələ konkret deyil, qeyri-müəyyəndir, mətndə onlardan bəhs edilməmişdir.
"Şu" əvəzliyinin qeyri-müəyyənlik xüsusiyyəti onun tabeli mürəkkəb cümlələrin əmələ gətirilməsində daha aktiv, daha sıx iştirakını şərtləndirir.
Məlumdur ki, işarə əvəzlikləri mürəkkəb cümlənin komponentlərinin əlaqələnməsinə kömək edərək baş cümlənin daxilində işlənir, əvvəl gələn baş cümlədə buraxılan cümlə üzvünün yerində işlənib «qəlib» vəzifəsi görür, baş cümlədə olmayan üzvün məzmunu budaq cümlədə ifadə olunur. Baş cümlədəki bu «qeyri-müəyyənlik», «məchulluq» və bunların budaq cümlədə «müəyyənləşdirilməsi», «izahı» məhz «qəlib» kimi yalnız "şu" əvəzliyinin işlədilməsini zəruri edir. Demək olar ki, "şu" əvəzliyi baş cümlədə mübtədanın, xəbərin, tamamlığın və təyinin «qəlibi» kimi çıxış edə bildiyi halda, «bu» əvəzliyi belə funksiyadan məhrumdur. Məsələn:

Mübtədanın «qəlibi» kimi:
Şu icracıdır ki, planlar yüzde yüz yerine getirilmiş durumdadır.
Xəbərin «qəlibi» kimi:
Gerçek şu ki, bir avuç ağa 4 milyonluk azınık oyu ile ortaya çıkıyor.
Tamamlığın «qəlibi» kimi:
Bir kere şunu belirteyim ki, faşizm, İtalya'da hiç de ölmüş değildir.
Təyinin «qəlibi» kimi:
Evlenmesi şu açıdan tuhaf ki, kız adamın annesi olacak kadar yaşlıdır.
"Şu" əvəzliyinin leksik mənalarından biri də «aşa­ğıdakı» deməkdir ki, bu məna da həmin əvəzliyin qeyri-müəyyənliyi ilə əlaqədardır:

Centilmentliğin niteliği başlıca şunlar: Büyük bir ölçülük, olgun bir hayırhahlık, aşırı bir hoşgörülür, istikrarlı bir mizaç.

Bəzən "şu" və «bu» işarə əvəzlikləri yanaşı işlədilərkən «o-bu», «kənar adamlar», «kimsə», «birisi», «naməlum bir şəxs» mənalarını verən leksik vahid kimi çıxış edir:
Şu bu karışırsa işin yürümeyeceği ortada.

"Şu" və «bu» əvəzlikləri «və ya» bağlayıcısı ilə bir-birinə bağlanaraq «bu və ya digər», «bu və ya başqa» mənasında işlənir:
Zaten Türkiyede asıl iktidarda olan şu veya bu parti değil, parlamentodur.

"Şu, bu" leksik vahidi hal şəkilçiləri qəbul edərək isim kimi çıxış etdiyi hallarda belə qeyri-müəyyənlik xüsusiyyətini qoruyub saxlayır. Məsələn, "şundan bundan konuşmak" ifadəsində bəzi məsələlərdən, ordan-burdan söhbət etmək mənası var.
"Şunun şurası" ifadəsində də bir təxminilik, qeyri-müəyyənlik mövcuddur:
Şunun şurası iki adamlık yer, yürüyerek gidebilirsiniz.

«Yaxın gələcəkdə», «qarşıdakı günlərdə» mənasındakı "Şu günlerde" birləşməsində isə qeyri-müəyyənlik, qeyri-dəqiqlik daha qabarıq ifadə olunur:
Şu günlerde abimin geleceği tahmin ediliyor.

Bəzən bir cümlədə həm «bu», həm də "şu" əvəzliyi işlədilir. Belə hallarda həmin əvəzliklərin işlənməsi üslubi xarakter daşıyır, eyni bir əvəzliyin təkrar olunmasının qarşısını almaq məqsədinə xidmət edir:
Şu parti mi kazanacak, bu parti mi kazanacak?
Şu mısra iyi, bu mısra kötü demezdi.

SUAL ƏVƏZLİKLƏRİ

Türk dilində sual əvəzlikləri bunlardır: kim? ne? nere? hangi? nasıl? kaç? niçin? neden? ne zaman? və s.
SUAL ƏDATLARI

Türk dilində ən çox işlədilən sual ədatları bunlardır: mı, -mi, -mu, -mü, -ya;
«Ya» ədatı Azərbaycan dilinin «bəs» sözünə uyğun gəlir. Bununla yanaşı, türk dilində «ya» həm də qüvvətləndirmə ədatı, eləcə də bağlayıcı kimi çıxış edir:

Ben gidiyorum. Ya sen?

— Mən gedirəm. Bəs sən?

Dedim ya!

— Mən ki, dedim. Mən artıq dedim.

Ya o, ya sen

— Ya o, ya sən.

-mı, -mi, -mu, -mü sual ədatı cümlədə həmişə aid olduğu sözdən sonra gəlir və ayrı yazılır:

Sen Moskova'ya mı yarın gidiyorsun?
Sen Moskova'ya yarın mı gidiyorsun?
Sen mi Moskova'ya yarın gidiyorsun?
Sen Moskova'ya yarın gidiyor musun?

Top