İsmi xəbər dedikdə, xəbəri isim, sifət, say, əvəzlik, eləcə də, məsdər, feli sifətlə ifadə olunan cümlə nəzərdə tutulur. Azərbaycan dilində olduğu kimi türk dilində də adlar xüsusi şəkilçilər — xəbərlik şəkilçiləri vasitəsilə qrammatik cəhətdən formalaşmış xəbər kimi çıxış edə bilir.
Türk dilinin xəbərlik şəkilçiləri aşağıdakılardır:
Tək | Cəm |
1-ci şəxs: -ım, -im, -um, -üm; | -ız, -iz, -uz, -üz; |
2-ci şəxs: -sın, -sin, -sun, -sün; | -sınız, -siniz, -sunuz, -sünüz; |
3-cü şəxs: — dır, -dir, -dur, -dür; | -dırlar, -dirler, -durlar, -dürler. |
Xəbərlik şəkilçiləri vurğu qəbul etmirlər. Sözün sonu saitlə bitərsə, 1-ci şəxsin təki və cəmində sözlə xəbərlik şəkilçiləri arasına bitişdirici «y» samiti artırılır.
Sözün sonu kar samitlə bitərsə, 3-cü şəxsin təki və cəmində xəbərlik şəkilçisinin «d» samiti karlaşaraq «t» samitinə çevrilir: -tır, -tir, -tur, -tırlar, -tirler, -turlar, -türler.
Göründüyü kimi, türk dilinin xəbərlik şəkilçiləri dilimizdəkindən xeyli fərqlidir. Azərbaycan dilində xəbərlik şəkilçiləri yalnız damaq ahənginə uyğun olaraq iki cür, türk dilində isə həm damaq, həm də dodaq ahəngində tabe olaraq dörd cür yazılır. Digər tərəfdən, dilimizdə xəbərlik şəkilçilərinin saitləri açıq (gen), türk dilində isə qapalı (dar) hərflərdir.
Türk dilində ismi xəbər dörd formada işlədilir (təsdiq, inkar, sual, inkar-sual) və şəxslərə görə təsrif olunur.
a) İsmi xəbərin təsdiq forması.
Türk dilində adlara xəbərlik şəkilçiləri bitişdirilməklə ismi xəbərin təsdiq forması düzəldilir. Şəxs əvəzliklərinin işlədilməsi zəruri deyildir.
komutan — komandir
(ben) komutanım — komandirəm
(sen) komutansın — komandirsən
(o) komutandır — komandirdir
(biz) komutanız — komandirik
(siz) komutansınız — komandirsiniz
(onlar) komutandırlar — komandirdirlər
er -əsgər
erim — əsgərəm | eriz — əsgərik |
ersin — əsgərsən | ersiniz — əsgərsiniz |
erdir — əsgərdir | erdirler — əsgərdirlər |
sporcu — idmançı
sporcuyum — idmançıyam | sporcuyuz — idmançıyıq |
sporcusun — idmançısan | sporcusunuz — idmançısınız |
sporcudur — idmançıdır | sporcudurlar — idmançıdırlar |
müdür — müdir
müdürüm — müdirəm | müdürüz – müdirik |
müdürsün — müdirsən | müdürsünüz – müdirsiniz |
müdürdür — müdirdir | müdürdürler — müdirdirlər |
Türk
Türküm — türkəm | Türküz – türkük |
Türksün — türksən | Türksünüz – türksünüz |
Türktür — türkdür | Türktürler — türkdürlər |
avukat — vəkil
avukatım — vəkiləm | avukatız — vəkilik |
avukatsın — vəkilsən | avukatsınız — vəkilsiniz |
avukattır — vəkildir | avukattırlar — vəkildirlər |
Xəbərlik şəkilçiləri eyni qaydada başqa nitq hissələrinə, eləcə də, yerlik hal şəkilçisi (-da, -de, -ta, -te) qəbul etmiş sözlərə də artırılır. Məsələn, sifətə aid bir misal:
iyi — yaxşı
iyiyim — yaxşıyam | iyiyiz – yaxşıyıq |
iyisin — yaxşısan | iyisiniz – yaxşısınız |
iyidir — yaxşıdır | iyidirler – yaxşıdırlar |
Əvəzliyə aid misallar:
benim — mənəm | biziz – bizik |
sensin — sənsən | sizsiniz – sizsiniz |
odur — odur | onlardır – onlardır |
kimim? — kiməm? | kimiz — kimik? |
kimisn? — kimsən? | kimsiniz — kimsiniz? |
kimdir? — kimdir? | kimdirler — kimdirlər? |
kaçıncı — neçənci?
kaçıncıyım? — neçənciyəm? | kaçıncıyız? — neçənciyik? |
kaçıncısın? — neçəncisən? | kaçıncısınız? -neçəncisiniz? |
kaçıncıdır? — neçəncidir? | kaçıncıdırlar?-neçəncidirlər? |
Saya aid misallar:
birim — birəm | dördüz – dördük |
ikisin — ikisən | beşsiniz — beşsiniz |
üçtür — üçdür | altıdırlar — altıdırlar |
Yerlik hal şəkilçili sözə aid misallar:
evdeyim — evdəyəm | evdeyiz — evdəyik |
evdesin — evdəsən | evdesiniz — evdəsiniz |
evdedir — evdədir | evdedirler — evdədirlər |
Yuxarıda qeyd etdik ki, bu cür cümlələrdə şəxs əvəzlikləri (yəni cümlənin mübtədası) işlədilməyə bilər. Yalnız həmin sözlər məntiqi vurğu qəbul etdikdə və ya hər hansı bir ədatla yanaşı gəldikdə cümlədə işlədilmələri zəruridir.
Sen öğretmensin, Ahmet değil — Müəllim sənsən, Əhməd yox.
Ben de öğrenciğim — Mən də tələbəyəm.
O da çocuk (tur) — O da uşaqdır.
b) İsmi xəbərin inkar forması
İsmi xəbərin inkar forması «değil» sözünün köməyi ilə düzəlir. «Değil» sözü qoşulduğu addan ayrı yazılır. Xəbərlik şəkilçiləri «değil» sözünə bitişdirilir.
Ben komutan değilim — komandir deyiləm
Sen komutan değilsin — komandir deyilsən
O komutan değildir — komandir deyildir
Biz komutan değiliz — komandir deyilik
Siz komutan değilsiniz — komandir deyilsiniz
Onlar komutan değil (dirler) — komandir deyildirlər.
3-cü şəxsin təki və cəmində «dır» xəbərlik şəkilçisinin işlədilməsi zəruri deyildir.
c) İsmi xəbərin sual forması
İsmi xəbərin sual forması (-mı, -mi, -mu, -mü) ədatının köməyi ilə düzəlir. Sual ədatı aid olduğu sözdən ayrı yazılır. Xəbərlik şəkilçiləri sual ədatına bitişdirilir. 1-ci şəxsin təki və cəmində ədatla şəkilçi arasında bitişdirici «y» samiti artırılır.
komutan mıyım? — komandirəmmi?
komutan mısın? — komandirsənmi?
komutan mı (dır)? — komandirdirmi?
komutan mıyız? — komandirikmi?
komutan mısınız? — komandirsinizmi?
komutan mıdırlar? — komandirdirlərmi?
Əvvəldə sual intonasiyasından bəhs edərkən göstərdiyimiz kimi, türk dilində bu cür sadə cümlələrdə belə sual ədatını işlətmədən sual vermək mümkün deyil. Azərbaycan dilində isə xüsusən sual intonasiyası vasitəsilə (yəni cümlənin sonunda səs tonunu yüksəltməklə) sual cümləsi düzəltmək mümkündür. Müqayisə et:
öğretmen miyim? — müəlliməmmi? — müəlliməm?
öğretmen misin? — müəllimsənmi? — müəllimsən?
öğretmen mi (dir)? — müəllimdirmi? — müəllimdir?
öğretmen miyiz? — müəllimikmi? — müəllimik?
öğretmen misiniz? — müəllimsinizmi? — müəllimsiniz?
öğretmen midirler? — müəllimdirlərmi? — müəllimdirlər?
ç) İsmi xəbərin inkar-sual forması
İsmi xəbərin inkar-sual forması «değil» sözünün və «mi» sual ədatının köməyi ilə düzəlir. «Değil» sözü qoşulduğu addan, «mi» ədatı isə «değil» sözündən ayrı yazılır. Xəbərlik şəkilçiləri «mi» ədatına bitişdirilir.
komutan değil miyim? — komandir deyiləmmi?
komutan değil misin? — komandir deyilsənmi?
komutan değil mi (dir)? — komandir deyildirmi?
komutan değil miyiz? — komandir deyilikmi?
komutan değil misiniz? — komandir deyilsinizmi?
komutan değil midirler? — komandir deyildirlərmi?
Yadda saxlamaq lazımdır ki, istər sual, istərsə də inkar-sual formasında «mı» (-mi, -mu, -mü) ədatlarının ayrı yazılmasına baxmayaraq, qoşulduqları sözlərlə bitişik tələffüz edilməlidir.
-mı (-mi, -mu, -mü) ədatları vurğusuz olduğuna görə özündən əvvəlki heca (və ya söz) vurğu ilə tələffüz olunur.
Cümlədə «değil» sözü müqayisə (qarşılaşdırma) məqsədilə işlədildikdə xəbərlik şəkilçisi qəbul etmir, yalnız səs tonu sözün sonuna doğru yüksəlir.
Bu defter değil, kitaptır.
Çanta yeşil değil, siyahtır.
Hasan öğretmen değil, mühendistir.