Danışıq etiketi dedikdə bu və ya digər dildə ünsiyyətdə olanların qarşılıqlı münasibəti ilə müəyyənləşən danışıq davranışı qaydaları nəzərdə tutulur. Məlumdur ki, bu cür qaydalar dilin daşıyıcısı olan xalqın bütünlükdə, yaxud da yaşından, ictimai mənsubiyyətindən, ünsiyyət şəraitindən asılı olaraq dəyişən, irili-xırdalı sosial qrupların qəbul etdiyi danışıq normasıdır. Həmin qaydalar ədəbi və danışıq dilində üst-üstə düşə bildiyi kimi bir-birindən fərqli də ola bilər.
Danışıq etiketi nitq fəaliyyətinin müxtəlif sahələrini salamlaşma, müraciət, tanışlıq, dəvət, razılıq və rədd, üzrxahlıq, təşəkkür, xudahafizləşmə və s. əhatə edir. Hər bir sahənin özünəməxsus söz və ifadələri var, bunların öyrənilməsi türk ədəbi dili normaları çərçivəsində düzgün danışmaq üçün son dərəcə vacibdir.
1. Müraciət, çağırış, birinin diqqətini cəlb etmə.
Müasir türk dilində rəsmi müraciət forması kimi aşağıdakı sözlər qəbul edilmişdir.
a) Kişilər üçün:
Bey, Bay
b) Qadınlar üçün:
Hanım, Bayan.
Bu sözlər, əsasən, təkbaşına müraciət məqsədilə işlədilmir, yalnız müraciət olunan şəxsin adı, yaxud da familiyası ilə qoşa söylənilir və bütün hallarda ayrı və böyük hərflə yazılır. Bir qayda olaraq, Bey və Hanım sözləri adlardan sonra, Bay və Bayan sözləri isə ad və familiyalardan əvvəl işlədilir:
- Ahmet Bey, ne zaman gidiyorsun?
- Bay Orhan Sorguz, şimdi ne yapalım?
- Ayşe Hanım, lütfen bir bardak çay için.
- Bayan Sevgi Soysal, siz burada mı oturuyorsunuz?
Danışıq dilində ümumi müraciət forması kimi «beyefendi», «hanımefendi» sözləri həm təkbaşına, həm də adlarla qoşa işlədilir:
- Beyefendi, sizin çocuk kaçıncı sınıfta okuyor?
- Hanımefendi, kocanız sizi soruyor.
- Ahmet Beyefendi, sizin ev hangi sokakta bulunuyor?
- Ayşe Hanımefendi, nasılsınız?
Qohumluq bildirən bir sıra terminlər insanların yaş dərəcəsindən, sosial mənsubiyyətindən və s. asılı olaraq çağırış-müraciət məqsədilə işlədilir:
- Abi (ağabey — böyük qardaş), İstanbul'a yeni mi geldiniz?
- Hacer abla (abla — böyük bacı), annem geldi.
- Teyze (xala), bir şey mi almak istediniz?
- Birader (qardaş), yeter artık!
- Kardeşim, bir dakikanızı rica edebilir miyiz?
Bir sıra sözlər birinci şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul edərək vokativləşir və müraciət məqsədilə işlədilir:
- Yavrum, kuzum, ismin nedir?
- Haydi aslanım, koş bir paket sigara al.
- Ne diyorsun, şekerim?
- Beyim, beş saattir sizi bekliyorlar.
Bu qəbildən olan
«efendim» sözü türk dilində çox geniş, müxtəlif situasiyalarda və çalarlarda işlədilir. Burada bir məsələyə xüsusi diqqət etmək lazımdır. «efendi» sözü ilə həmin sözün vokativləşmiş forması olan «efendim» kəlməsini bir-birilə qarışdırmaq olmaz.
«Efendi» sözü yunan mənşəlidir. Hökmdar, mütləq hakim, cənab sözündəndir, Osmanlı imperiyasında müraciət forması kimi işlənən bu söz əvvəllər sultan da daxil olmaqla əyan, adlı-sanlı cənab mənasında daha geniş auditoriyaya aid edilirdi. XIX əsrdə sultan nəslindən olan şahzadələrə, din xadimlərinə, xarici vətəndaşlara və müsəlman olmayanlara, həmçinin, savadlı mülki şəxslərə nəzakətli müraciət forması kimi işlədilirdi. Dövlət məmurlarının rütbəsinin tərkib hissəsi kimi «Paşa» ilə «Bey» titullarının ortasında yer tuturdu.
Əlbəttə, biz burada «efendi» sözünün bütün mənalarını şərh etmək istəmirik, yalnız həmin sözün müasir dövrə qədərki təkamülündən çıxış edərək demək istəyirik ki, hazırda «efendi» sözü nə təkbaşına, nə də hər hansı bir ad və familiyanın tərkib hissəsi kimi müraciət — çağırış mənasında işlədilmir. Heç bir danışıq situasiyasında müraciət forması kimi müasir türk danışıq etiketi çərçivəsində məqbul sayılmır. Ədəbi dildə bu sözün işlənməməsinin səbəbi aydındır. Türkiyə Respublikasında rütbələrin və bütün köhnə müraciət formalarının ləğvi və yeni ad-soyadlar haqqında qanunun çıxması ilə (1934) «efendi» sözünün də rəsmi müraciət forması kimi işlədilməsinə son qoyuldu və yuxarıda göstərilən «Bey», «bayan», «hanım», «bay» sözlərinin işlədilməsi rəsmiləşdirildi. Danışıq dilinə gəlincə «efendi» sözünün xitab olaraq getdikcə aradan çıxması ilə yanaşı, məna daralması, bir növ aşağı təbəqədən olanlara müraciət forması kimi işlənməyə başlanması özünü göstərir. Vaxtilə hörmət, nəzakət əlaməti kimi işlədilən bu sözlə bu gün nəinki vəzifə, rütbə sahibi olan dövlət məmurlarına, hətta sıravi mülki şəxslərə də müraciət etmək danışıq etiketi normalarından kənar hesab edilir. Buna görədir ki, müraciət zamanı həmin sözü təkbaşına işlətməmək üçün «bey» və «hanım» sözləri ilə bitişik söyləyirlər, «beyefendi», «hanımefendi». Halbuki bu sözün tərbiyəli, nəzakətli, ciddi, mədəni mənaları ilə təyin olaraq bu gün də geniş şəkildə işlədilir (O çok efendi adamdır. Orhan efendi çocuktur).
«Efendi»dən düzələn «efendim» sözü isə istər ədəbi, istərsə də danışıq dilində geniş şəkildə, rəngarəng məna və üslubi çalar yaratmaq məqsədilə işlədilir. Bu sözün müraciət zamanı və ya söhbətin gedişində işlədilməsi məhz danışığa nəzakət və hörmət çaları qazandırmağa xidmət edir:
Hakkınız var, efendim, Mehmet Bey, efendim, yarın artık gidiyoruz değil mi? Efendim, burada anlaşılmayan bir nokta olsa gerek.
Bu cümlələrin heç birində "əfəndim" sözü özünün müstəqil mənasında (yəni mənim əfəndim, ağam və s.) çıxış etmir, sadəcə üslubi xarakter daşıyır.
Yeri gəlmişkən qeyd edək ki, «efendim» sözünü müstəqim mənada (evin kişisi, böyüyü) Anadolunun bəzi vilayətlərində qadın öz əri haqqında işlədir.
Həmin sözün işlədilməsində vurğunun yerinin düzgün müəyyənləşdirilməsi və intonasiya vacibdir. Yuxarıdakı hallarda ton alçaqdır. Sözün ikinci hecası vurğulu söyləndikdə və səs tonu yüksəldiyi zaman sözün ifadə etdiyi məna dəyişir:
— Turgut!
— Efendim!
(Burada «efendim» sözü — «bəli, buradayam, buyurun, eşidirəm» deməkdir, hər hansı bir çağırışa, müraciətə verilən cavabdır).
Başqa bir situasiyada həmin söz bu mənanın tamamilə əksinə olan bir fikri ifadəyə xidmət edir:
— Türkçeden mi çeviriyorsunuz?
— Türkçeden de Azericeden de.
— Çok mu okuyorsunuz?
— Efendim?
— Çok mu okuyorsunuz, diyorum?
Bu mətndəki «efendim» sözü «bağışlayın, başa düşmədim», «zəhmət olmasa, sualı təkrar edin», "üzr istəyirəm, eşitmədim", «nə dediniz?» mənalarında işlənmişdir.
«Efendim» sözü cümlədə ara sözü kimi də geniş işlədilir və bu zaman «demək», «demək ki», «deməli» mənaları kəsb edir, lakin bu halda belə həmin söz müsahibin diqqətini cəlb etmək məqsədini güdür. Haqqında bəhs edilən məsələ barəsində müsahibinin fikrini bilmək üçün bəzən cümlənin sonunda sual intonasiyası ilə «efendim» sözü işlədilir ki, burada da məqsəd qarşıdakı adama müraciət etməkdir.
Ben böyle düşünüyorum, efendim? (Yəni siz nə fikirdəsiniz?).
Ümumiyyətlə, danışıq etiketi ilə əlaqədar işlədilən ifadələr arasında «efendim» sözünün tezlik faizi daha çoxdur.
2. Salamlaşma.
Türk dilində salamlaşmaq üçün müxtəlif sözlərdən istifadə edilir:
Merhaba, selam, günaydın, iyi günler, iyi akşamlar, iyi geceler, hoş geldiniz və s.
Bu sözlərdən merhaba, selam günün bütün saatlarında işlədilir.
«Günaydın» ifadəsi yalnız səhər vaxtı, Azərbaycan dilindəki «Sabahınız xeyir» ifadəsinin qarşılığı olaraq işlədilir.
Günorta vaxtı — iyi günler, axşam — iyi akşamlar, gecə — iyi geceler ifadələrini işlətmək lazımdır.
Bəzən türk dilində «sabahınız xeyir» mənasında «iyi sabahlar», «hayırlı sabahlar» və s. ifadələri də işlədilir.
3. Xudahafizləşmə.
Bu məqsədlə türk dilində aşağıdakı söz və ifadələr işlədilir:
Hoşca kal (Hoşca kalın) — salamat qal; sağlıqla qalın.
Allahaısmarladık — xudahafiz; sağ olun.
Yaxın, səmimi münasibətləri olanlar, tanışlar, həmyaşıdlar arasında
«eyvallah» (hələlik) ifadəsi də geniş yayılmışdır.
Gənclər arasında
«bay», «bay bay» ifadələri də geniş şəkildə işlədilir.
Yuxarıdakı ifadələri xudahafizləşən (yəni gedən) adam işlədir, qalan adam isə «güle güle» cavabını verir.
Bundan başqa günün müxtəlif saatlarında «iyi günler», «iyi akşamlar», «iyi geceler» ifadələri də, «xudahafiz», «sağlıqla qalın», «gecəniz xeyrə» mənasında işlədilir. Cavab məqsədilə də həmin sözlərdən istifadə edilir.
4. Təşəkkür etmə.
Bu məqsədlə «sağ ol» (sağ olun), «teşekkür ederim», «mersi», «hamdolsun», "şükranlarımı sunarım", «memnun oldum», «memnun kaldım» və s. ifadələri
işlədilir.
Öz təşəkkürünü, minnətdarlığını bildirən adama cavab verilərkən «bir şey değil», «rica ederim», «estağfurullah» ifadələrindən istifadə edilir ki, bu da Azərbaycan dilindəki «siz də sağ olun», «dəyməz», «borcumuzdur», «təşəkkürə ehtiyac yoxdur» və s. mənalara uyğun gəlir.
5. Üzrxahlıq.
Üzrxahlıq məqsədilə işlədilən söz və ifadələri iki yerə ayırmaq mümkündür:
a) Tanış olmayan adama müraciət edərkən, müsahibin diqqətini cəlb etmək üçün işlədilən sözlər. Adətən bu sözlərdən sonra sual, xahiş və s. gəlir:
Lütfen, affedersiniz, bağışlayın, kusura bakmayın, rahatsız ediyorum.
Bu ifadələr Azərbaycan dilinə «zəhmət olmasa», «bağışlayın», "üzr istəyirəm", «bağışlayın, narahat elədim» və s. şəklində tərcümə edilir.
b) Bu qrupa daxil olan söz və ifadələr:
"Özür dilerim", «pardon», «affediniz», «affınızı (bağışlamanızı) rica ederim».
Həmin ifadələrdən müstəqim mənada üzrxahlıq edildiyi zaman, bu və ya digər məsələyə görə üzr istənilən vaxt istifadə edilir.