Müasir türk dilində iki fonetik qanun var:
1. Ahəng qanunu.
2. Samitlərin karlaşması və cingiltiləşməsi qanunu.
1. Saitlərin ahəngi. Müəyyən cəhətdən həmcins olan səslərin sözdə bir-birini izləməsinə ahəng qanunu deyilir. Bu qanuna görə sözün ilk hecasındakı sait qalındırsa, sonrakı hecalardakı saitlər də qalın, incədirsə — incə, dodaqlanandırsa — dodaqlanan, dodaqlanmayandırsa — dodaqlanmayan olmalıdır. Məs.:
baba, karınız, birincilik, okulumuz, ütünün
Saitlərin ahəngi iki cür olur:
a) Türk dilində «Büyük ünlü uyumu» adı verilən damaq ahəngi. Burada «a», "ı", «o», «u» saitlərinin və «e», «i», "ö", "ü" saitlərinin bir-birini izləməsi nəzərdə tutulur. Məs.:
balık — balıq | güzel, ülke |
amca — əmi | okul, oda, erik — alça |
bakan — nazir | eldiven — əlcək |
b) Türk dilində «Küçük ünlü uyumu» adı verilən dodaq ahəngi. Burada dodaqlanan saitlərin («o», «u», "ö", "ü") və dodaqlanmayan saitlərin («e», "ı", «i», «a») bir-birini izləməsi nəzərdə tutulur. Məs.:
okul | ışık |
kapı | odun |
ölüm | elçi |
yeşil | oyun |
üçüncü | erkek |
Ümumiyyətlə, türk dilində sözün ilk hecasından başqa bütün hecalarında, eləcə də şəkilçilərdə dodaqlanan «o», "ö" saitləri işlənmir. Ona görə də saitlərin ahəngində, birinci növbədə, damaq ahəngi nəzərdə tutulur.
Ədat və bağlayıcılar da əsasən ahəng qanununa tabedirlər. Məs.:
geliyor mu? | aldı mı? |
babam da | sen de |
Ahəng qanununa tabe olmayan şəkilçilər bir cür, yalnız damaq ahənginə tabe olan şəkilçilər iki cür, həm damaq, həm dodaq ahənginə tabe olan şəkilçilər dörd cür yazılır. Məs.:
Bir cür yazılan: «yor» şəkilçisi: okuyor, geliyor, bakıyor, gülüyor.
İki cür yazılan: «lar», «ler»: okuyorlar, geldiler, güldüler, aldılar.
Dörd cür yazılan: "-dı", "-di", -«du», -«dü»: aldı, geldi, okudu, güldü.
Söz ilə şəkilçi arasındakı saitlərin ahəngi sözün son hecasındakı saitə görə müəyyənləşdirilir. Yəni sözün əvvəlki hecalarındakı saitdən asılı olmayaraq, son hecadakı sait qalındırsa, şəkilçidəki sait də qalın, incədirsə — incə, -dodaqlananadırsa — dodaqlanan, dodaqlanmayandırsa — dodaqlanmayan olmalıdır. Məs.:
anneler | traktörcü |
insanlık | oyuncu |
kardeşim | memurdur |
Yuxarıda deyilənləri ümumiləşdirsək, deyə bilərik ki, türk dilində damaq və dodaq ahənginə görə saitlərin sözdə sırası aşağıdakı kimidir:
«a» saitindən sonra «a» və "ı" — baba; kapı;
«e» saitindən sonra «e» və «i» — evet; geldi;
"ı" saitindən sonra «a» və "ı" — ırmak; alın;
«i» saitindən sonra «e» və «i» — inek; iki;
«o» saitindən sonra «a» və «u» — oğlan; oyun;
"ö" saitindən sonra «e» və "ü" — ödev; ölüm;
«u» saitindən sonra «a» və «u» — uçak; ulus;
"ü" saitindən sonra «e» və "ü" — ülke; ütü;
Saitlərin ahənginin pozulduğu hallar.
1. Bir sıra türk mənşəli sözdə incə saitləri qalın və ya əksinə, qalın saiti incə sait izləyir, eləcə də dodaqlanmayan saitdən sonra dodaqlanan gəlir. Məsələn:
elma, dilmaç, anne, kardeş, armut, kabuk, çamur, inanç.
2. Mürəkkəb sözlərin əksəriyyətində ahəng qanunu pozulur. Məs.:
Atatürk, karaciğer, gecekondu, Akdeniz, yüzbaşı (kapitan), binbaşı (mayor).
3. Alınma sözlərin əksəriyyəti də bu qanuna tabe olmur. Məs.:
kitap, gazete, gramer (qrammatika), vakit (vaxt), valiz (çamadan), insan, silah, harika (möcüzə).
4. Sonu incə «l» samiti ilə bitən alınma sözlər də yalnız incə saitlə şəkilçi qəbul etdiyi üçün ahəng qanununa tabe olmur. Məs.:
petrol — petrolü, rol — roller
sual — sualim, hal — hali, emsal — emsalsiz
5. Sonu «at» hecası ilə bitən bir sıra ərəb mənşəli söz, eləcə də ərəb dilində incə "ə" kimi tələffüz edilən, lakin türk dilində «a» saiti ilə işlədilən bəzi sözlər də incə şəkilçi qəbul edir:
dikkat — dikkatli; şefkat — şefkatli;
seyahat — seyahatten; sadakat — sadakatimiz.
Qeyd: Sonu «at» hecası ilə bitən bir neçə söz müstəsnalıq təşkil edir. Məs.:
edebiyat; hayat; inşaat; maksat; iktisat; fırsat və s.
6. Sonu incə «k» samiti ilə bitən bir sıra alınma sözlər də sonuncu hecadakı saitin incə və qalınlığından asılı olmayaraq, incə saitli şəkilçi qəbul edir. Məs.:
idrak — idrakli; iştirak — iştiraki; istihlak — istihlakçi və s.
7. Türk dilindəki tək variantlı (bir cür yazılan) şəkilçilər ahəng qanununa tabe olmur. Bu şəkilçilər aşağıdakılardır:
a) ki — dolaptaki; onunki; babamdaki; sokaktaki.
Bəzi sözlər müstəsnalıq təşkil edir. Məs.:
dünkü; bugünkü; çünkü və s.
b) leyin — sabahleyin; akşamleyin və s.
c) mtrak — yeşilimtrak; mavimtrak; ekşimtrak və s.
ç) yor — geliyor; gülüyor; biliyor; veriyor və s.
d) daş/taş meslektaş; emektaş; dindaş və s.
Bəzi sözlər müstəsnalıq təşkil edir. Məs.:
sesteş — omonim; köydeş — həmkəndli və s.
e) gil (ler) — çançiçeğigiller və s.
8. «ki» bağlayıcısı və ədatı ahəng qanununa tabe olmur:
Baktım ki geliyor. Yazıyor ki gel. O ki güzeldi.
9. «iken» şəkilçisi qoşulduğu sözdən ayrı və bitişik yazılmasından asılı olmayaraq, ahəng qanununa tabe olmur:
Kitap okurken zevk duyarım.
Ben hasta iken nasıl gelirdim?
10. «ile» qoşması, «ise», «idi», «imiş» köməkçi sözləri ayrı yazıldıqda ahəng qanununa tabe olmurlar. Sözlə bitişik yazıldıqda isə ahəng qanununa tabe olurlar:
Babam ile annem ihtiyardırlar.
Babamla annem ihtiyardırlar.
Hasan hasta imiş — Hasan hastaymış.
Burası okul idi — Burası okuldu.
Çocuk ise konuşmuyordu — Çocuksa konuşmuyordu.
2. Samitlərin ahəngi. Samitlərin ahəngi kar samitlərin kar samitlərlə, cingiltili samitlərin cingiltili samitlərlə uyuşması deməkdir. Bu hadisə daha çox söz köklərinin son samitləri ilə şəkilçilərin ilk samitləri arasında olur. Əgər sözün kökü kar samitlərdən (f, p, ş, ç, k, h, s, t) biri ilə bitirsə, ona bitişdirilən şəkilçinin ilk samiti kar, cingiltili samitlə bitirsə, cingiltili olmalıdır. Məs.:
balık — balıkçı | okul – okulda |
dolap — dolapta | açmak – açtı |
sokak — sokaktan | geçmek – geçti |
demir — demirci | gelmiş – gelmiştir |
Samitlərin ahəngi, eləcə də saitlərlə samitlərin ahəngi (yəni qalınlıq, incəlik və sədalılığına görə saitlərlə samitlərin uyuşması) Azərbaycan dilinə nisbətən türk dilində daha güclü inkişaf etmişdir. Bu ahəng özünü xüsusilə samitlərin karlaşması və cingiltiləşməsi qanununda göstərir.