Hinduşka

Hinduşka

Hinduşka dünyanın bir çox ölkələrində yayılmışdır. Onların əti çox dadlıdır. Azərbaycanda ən çox qara, tunc və ağ enlidöş hinduşka cinslərinə rast gəlmək olar. Onlar ətinin yaxşı keyfiyyəti ilə seçilir, tez böyüyür və müxtəlif şəraitə asanlıqla uyğunlaşır. Onların oval formalı gövdələri, enli döşü, tük örtüyü ağ və sıxdır. Kökəltmə zamanı 120-günlük yaşda diri çəkisi 6-7 kq-a çatır. Cavan hinduşkalar 8-9 aylıq yaşda yumurta qoymağa başlayır, yumurtlama müddəti ildə 6 aya qədərdir. Bu müddət ərzində yumurtlayan hinduşkadan 80-90 q ağırlığında 100-110 yumurta əldə etmək mümkündür.
Tunc hinduşkaların tük örtüyü qara rəngdə olur, budlarında yaşıla çalır. Onlar yumurtalarının yüksək dərəcədə mayalanması ilə fərqlənir, 7-8-aylıq olanda yumurtlamağa başlayır. Hinduşka otlaq quşudur və otarılanda çəkisini yaxşı artıra bilir. Əgər otarmağa yer yoxdursa, onda gəzinti üçün meydança ayrılmalı və hinduşkanı orada yemləmək lazımdır. Lakin onun üçün ən vacibi saxlanma yerinin quru və təmiz olmasıdır. Hinduşkalar 15°C şaxtaya asanlıqla dözür.


Ət çıxarı nə qədər yumurtlamaqdan asılıdır. Hinduşkalar +5 +10°C temperaturda yaxşı yumurtlayır. Quş binasının tikilməsində bunu nəzərə almaq vacibdir. Binada hər quşa 1 kv.m sahə ayrılmalı, 7 sm enliliyində taxta reykalardan tarlar düzəldilməlidir. Onları döşəmədən 70-80 sm hündürlükdə, bir-birindən 60 sm aralı yerləşdirirlər. Hər 4 hinduşkaya bir yuva asır, yaxud yerləşdirirlər. Dişi hinduşka əvvəlcə 4-6 gün yumurtlayır, sonra 1-2 gün fasilə verir, bundan sonra yeni sikl başlanır. Damazlıq mövsümünün sonuna yaxın sikllər qısalır, fasilələr isə uzanır. Qış dövründə binanın əlavə işıqlandırılması yumurtlamanı yaxşılaşdırır. Yumurtlamanın başlamasına 1-1,5 ay qalmış döşəmədən 2 m hündürlükdə bir, yaxud iki elektrik lampası asırlar ki, döşəmə yaxşı işıqlansın. Elektrik işığının köməyi ilə işıq gününü 13-14 saata qədər uzadırlar. Hinduşkalarda analıq instinkti çox yaxşı inkişaf etmişdir, lakin bəzən yumurtlayan diribaş hinduşkaların 4-5-ni ayrıca bölmədə yerləşdirərək yanlarına bir erkək hinduşka buraxırlar. Qışda hinduşkalara mümkün qədər çox təmiz havada olmaq vacibdir. Onlar piylənməyə digər ev quşlarına nisbətən daha meyillidir ki, bu da yumurta məhsuldarlığına mənfi təsir göstərir. Ona görə hinduşkaları hərəkətdə çox olmağa məcbur etmək lazımdır. Qış və yaz aylarında yumurtlama və kürtdüşmə dövründə onların yem paylarına qurudulmuş yonca, xaşa, gicitkən, həmçinin yerkökü əlavə etmək çox xeyirlidir.
Hinduşkalar damazlıq mövsümündə çox vaxt arıqlayır-, nəticədə yumurtaların mayalandırılması azalır. Bu, baş verməsin deyə, erkəkləri əlavə olaraq cücərdilmiş vələmir dəni ilə yemləyirlər. Cütləşmə zamanı erkəklər bəzən iti caynaqları ilə dişilərin belini yaralayır. Odur ki, erkəklərin dırnaqları, həmçinin şporları (mahmızları) hər mövsüm ərzində iki dəfə kəsilməlidir. Kürt düşmüş hinduşkaları mart və apreldə yuvalara qoyurlar. Kürt hinduşkanın altına onun öz bədəni ilə (qanadlarını düzəltmədən) örtə bildiyi miqdarda yumurta qoyurlar (təxminən 17-19 ədəd). Cücə çıxartmaq üçün yuvaları döşəmə üzərində, hava temperaturunun +10°C olduğu qaranlıq yerdə düzəldirlər. Əvvəlcə yuvaya 5-8 sm qalınlığında torpaq qatı tökür, həmçinin üstünə quru, sıxlaşdırılmış saman döşəyirlər. Samanla bütün bucaqları doldururlar ki, yumurtalar künclərə diyirlənməsin. Yuvanın yanına yem, su, içi quru qum və kül (kül-qum vannası) ilə doldurulmuş yeşik qoyurlar.
hinduşkaBu vaxt hinduşkaları bütöv dən və quru un qatışığı ilə gündə 1-2 dəfə yemləndirirlər. Kürt hinduşkanı 5-10 dəqiqə gəzməyə buraxırlar. Əgər o, yuvadan çıxmırsa və yemə yaxın getmirsə, onu ehtiyatla götürüb yem qabının yanına gətirirlər. Bunu hinduşka yemək üçün yuvadan özü sərbəst çıxana qədər edirlər.
Hinduşka yem dənləyən zaman, yumurtalan gözdən keçirirlər ki, əzilmiş yumurtaların olub-olmadığı müəyyən olunsun. Bundan başqa, 7-8-ci gün və cücə çıxmasına 2 gün qalmış yumurtalara işıqda baxır və embrionları ölmüş yumurtalan kənarlaşdırırlar. Hinduşka balaları adətən 28-ci gün yumurtadan çıxır. Çıxım zamanı kürt hinduşkaları həyəcanlandırmaq, əllə toxunmaq, yaxud yuvadan çıxartmaq olmaz. Hinduşkalar, bir qayda olaraq, öz problemlərinin öhdəsindən özləri gəlir. Tam çıxışa qədər qurumuş körpələri hinduşkanın altından çıxarır və təmiz quru saman döşənmiş yeşiyin içərisinə yığaraq, isti (28-30°C) yerə qoyurlar. Hinduşka balaları boyunlarında «mərcanlar» (boyunda dəri fırları) əmələ gələnədək soyuğa və nəmliyə pis dözür.
Bütün yumurtalardan çıxış qurtarandan sonra körpələr ananın yanına buraxılır. İki hinduşkadan əldə olunmuş balaları onlardan birinin yanına buraxmaq olar, lakin bunu ilk günlərdə etmək lazımdır. Kürt hinduşka 30-40 balaya analıq edə bilir.
İlk 10-12 gündə hinduşka balalarını sutkada 8-10 dəfə, sonra isə 5-6 dəfə yemləyirlər. Birinci yemləmə üçün təzə qatıq çox yaxşıdır, sonrakı günün sabahından bərk bişirilmiş yumurtalar, 2 saatdan sonra isə şor və yenidən yumurta vermək məsləhətdir. Bundan başqa, axşam yemə yaxşı ələnmiş qarğıdalı, darı, yaxud arpa unu əlavə edirlər. İlk iki gün ərzində nəzarət edirlər ki, bütün balalar qidalansın. Yemdən imtina edən hinduşka balalarını məcburi yedirdirlər. Həyatının dördüncü günündən hər gün un yemlərinin miqdarını artırın və bütün balaları tədricən nəm un qarışıqlarına keçirin. Onları qatıqda qarışdırmaq məsləhətdir. Hinduşka balalarını heç vaxt qara çörək ilə yemləməyin, çünki onlar bu vaxt qarın ağrısına tutulur.
Hinduşka balaları yemin kəskin dəyişməsini pis qarşılayır, ona görə qidanın hər yeni növünü yem payına tədricən, özü də səhərlər daxil edirlər ki, gün ərzində onun yeyilməsini müşahidə etmək mümkün olsun.
Hinduşka balalarından ötrü B2 vitamini çox vacibdir, yem qarışığını onunla zənginləşdirmək mayaların köməyi ilə mümkündür. Bundan ötrü qarğıdalı, yaxud arpa unu ilə kəpəkləri ilıq suda həll olunmuş mayalarla qatışdırın və 5-6 saatlığa isti yerə qoyun. Bu vaxt ərzində kütləni 3-4 dəfə qarışdırın. Yemləmədən əvvəl mayalanmış yemi quru un qatışığı, döyülmüş jımıx, ot unu və digər yemlərlə qatışdırın.
Hinduşka balalarının tez böyüməsi üçün onların yem qabında daima müxtəlif dən (40-60%) yarmalarının, noxudun (15-25%), günəbaxan srotu (20%-ə qədər) və təbaşir (3-4%) qarışığı olmalıdır. Əgər qarışıq yem varsa, onu dən qarışıqlarının əvəzinə istifadə edirlər. İkiaylıq cavanları bütöv dənə keçirtmək olar. Körpələr yoncanın, xaşanın, noxudun, gicitkənin cavan yarpaqlarını xoşlayır. Göyərtini yemləmədən sonra verin. Əgər onu yem qarışığına qatsanız, çoxlu yem itirərsiniz, çünki körpələr dadlı yemdən ötrü bütün yem kütləsini eşələyib dağıdır. Hinduşka balalarına yaşıl soğan çox xeyirlidir, lakin yanğı əmələ gətirdiyi üçün onu yalnız səhər-səhər vermək lazımdır.
Ayrıca yem qablarında çınqıl və döyülmüş yumurta qabığı, suvarıcılarda isə təmiz su daim olmalıdır. Hinduşkaların yemləndirilməsinin başlıca xüsusiyyətləri onların zülalla tam təmin olunmasıdır. Bunun üçün ən yaxşısı vasitə xüsusi qarışıq yemlərdir. Yem payına süd məhsullarından: üzsüz süd, dələmə, qatıq əlavə etməklə onu zülalla zənginləşdirmək mümkündür. Bu məqsədlə mayalardan, balıq və ət unundan istifadə edilir. Böyüdükcə hinduşkaların zülala olan tələbatı azalır: əvvəlcə yem payında 30%, 10-həftəlik yaşda 25%, 8-aylq yaşdan sonra 15% zülal olmalıdır.
Niftulla Əzizov, zootexnik

Top