Kənd təsərrüfatı kooperativləri

Kənd təsərrüfatı kooperativləri

Şimali Avropa ölkələrində kooperativlər heyvandarlıq məhsullarının satışı üzrə üstünlüyə malikdir. Bu ölkələrdə ət məhsullarının və diri heyvanların 80 faizi, yumurta məhsulunun 65-70 faizi, İsveç və Finlandiyada taxılın 65-79 faizi, Danimarkada 50 faizi kooperativlər tərəfindən satılır. Norveçdə və Finlandiyada süd məhsullarının hamısı və qida sənayesinin 55 faizi kooperativlərin nəzarəti altındadır. Şimali Avropa ölkələrində əmtəəlik məhsulların 75-80 faizi xarici bazarlarda satılır. Həmin məhsullar yüksək rəqabət qabiliyyətinə malikdir. Çünki kooperativlərin emal sənayesi tullantısız texnologiya üzrə ən müasir avadanlıqlarla təchiz edilmişdir.
İsveçdə ixrac olunan süd və süd məhsulları 100 faiz, yumurta məhsulu isə 75 faiz kooperativlər tərəfindən göndərilir. Fransada da ölkə iqtisadiyyatında kooperativlərin rolu böyükdür. Onlar əmtəə istehsalçılarının 80 faizini əhatə edirlər. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə fermerlərin kooperativ təşkilatı böyük qüvvədir, ilk növbədə vasitəçilər sıradan çıxarılıb məhsulların satılmasından və emalından əldə olunan gəlir kooperativlərdə qalır.
Fermer kooperativləri ölkənin siyasi həyatına da ciddi təsir göstərir. Aqrar siyasətin hazırlanmasında və qiymətlərin müəyyən edilməsində kooperativlərin rəyi nəzərə alınır. İstehsalçıların subsidiyalaşdırılması, kreditləşdirilməsi, xırda təsərrüfatlara köməklik, ixracın subsidiyalaşdırılması və digər məsələlər birlikdə həll olunur. Kənd təsərrüfatının subsidiyalaşdırılması kənd təsərrüfatı kooperativləri vasitəsilə həyata keçirilir.
İnkişaf etmiş Avropa ölkələrində kənd təsərrüfatı kooperativləri kapitalist müəssisələrinə rəqib olaraq yaradılmışdır. Bu zaman əsas məqsəd çox gəlir qazanmaq yox, öz üzvlərinə və cəmiyyətə müəyyən xidmətlər göstərmək olmuşdur. Yəni kooperativlərin məqsədi cəmiyyətin maraqları ilə əlaqədardır. Hamılıqla qəbul edilən fakt budur ki, kənd təsərrüfatı kooperativləri doğrudan da çox mürəkkəb sosial-iqtisadi mexanizmdir. Kooperativlərin fəaliyyəti bu gün təkcə kənd təsərrüfatı istehsalını yox, həm də məhsulların emalını, saxlanmasını, satışını, kənd təsərrüfatı üçün istehsal vasitələrinin istehsalını əhatə edir.
Xarici ölkələrdə fermer kooperativləri əmtəə istehsalçılarının inteqrasiya əlaqələri üzrə geniş yayılmış formasıdır. Bu əlaqələr bəzən hətta tərkibində sənaye və ticarət müəssisəsi olan bir neçə iri kooperativləri də birləşdirir. Mərkəzləşmə prosesi kooperativlər üzrə çoxpilləli təşkilat quruluşunun formalaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ-da yerli kooperativlər, regional kooperativlər və sahələr üzrə ixtisaslaşdırılmış kooperativlər fəaliyyət göstərir. Şimali Avropa ölkələrində kooperativlər sisteminə Aqrar Kooperativlər İttifaqı başçılıq edir. Kooperativlər İttifaqı onların əhatə etdiyi alt kooperativlərin və birliklərin maraqlarına uyğun olaraq, strateji vəzifələri həll edir.

Ümumiyyətlə, ABŞ-da və digər ölkələrdə kənd təsərrüfatına aid dövlət siyasəti (qanunlar, direktiv sənədlər) fəaliyyət istiqamətini və əsas prinsipləri müəyyən edir. Hökumət qiymətlərin və gəlirlərin sabitliyini təmin edir, müvafiq məhsulların aşağı qiymətlərlə təchiz olunmasına, məhsulların keyfiyyətinə və təhlükəsizliyinə, aqrobiznesin inkişafında düzlüyə və ədalətliliyə zəmanət verir, kənd təsərrüfatı məhsullarının artırılmasına və ixrac olunmasına köməklik göstərir.
Qərbi Avropa ölkələrində də kənd təsərrüfatı gəlirlə işləyən sahədir. Burada da dövlət siyasəti fermerlərin səmərəli fəaliyyət göstərməsinə və məhsullar üzrə ifrat istehsalın azaldılmasına xidmət edir. Yaponiyada fermerlərin 97 faizi, İtaliyada 76 faizi, Belçikada 33 faizi və Hollandiyada 28 faizi 5 hektardan az torpaq sahəsində təsərrüfatçılıq edir. Fransada 5 ha-dan az torpaq sahəsi olan fermer yoxdur. Burada torpaq sahəsi 10 ha-dan çox olan fermerlərin xüsusi çəkisi 80 faiz, İsveçdə 69 faiz, Hollandiyada 58 faiz, Belçikada 52 faiz, Danimarkada 84 faiz, Yeni Zelandiyada 79 faiz və İtaliyada cəmi 12 faiz təşkil edir.
Kənd təsərrüfatında özünəməxsus xüsusiyyətlərə malik olan ölkələrdən biri də Yaponiyadır. Burada 20-ci əsrin 40-cı illərindən başlayaraq aparılan islahatlar nəticəsində torpaqlar kəndlilərə verilmiş və bununla aqrar sahədə bazar münasibətlərinin inkişafına yol açılmışdır. Lakin iri kənd təsərrüfatı müəssisələrinin yaradılması üçün göstərilən təşəbbüslər isə nəticəsiz qalmışdır. Yaponiyada bütün fermer təsərrüfatları üzrə torpaq sahəsi orta hesabla 1,2 hektardır və o da bir neçə yerdə olan daha xırda sahələrdən ibarətdir.
Ölkə iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi çox deyil. Bununla belə dövlət güzəştli vergilərlə və nizamlanan qiymətlərlə kənd təsərrüfatına böyük köməklik göstərir. Qərbi Avropa ölkələrində fermer təsərrüfatlarının inkişafında bir-birinə oxşar cəhətlər çoxdur. Məsələn, bütün ölkələrdə təsərrüfatların sayı getdikcə azalır və ümumi istehsalda iri təsərrüfatların xüsusi çəkisi artır, kənd təsərrüfatı yüksək gəlirliliyi ilə fərqlənir, ifrat istehsalda isə problemlər var, ixrac potensialı çox yüksəkdir və dövlət istehsala köməkliklər göstərir. Əkin sahələrinin hər hektarına görə bu köməkliklər Avropa İttifaqı ölkələrində 300 dollar, Yaponiyada 473 dollar, ABŞ-da 324 dollar və Kanadada 188 dollar təşkil edir.
Fermer təsərrüfatlarının inkişafında milli xüsusiyyətlər mövcuddur. Dövlətlər bir-birindən subsidiyalaşdırmanın səviyyəsinə görə də fərqlənirlər. Ən yüksək səviyyə İsveçrə və Norveçdə təmin edilir. Məsələn, İsveçrədə əmtəəlik məhsulun dəyərinin 76 faizini dövlət tərəfindən göstərilən əvəzsiz köməkliklər təşkil edir. Burada bütün fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi fermer kooperativlərinin üzvüdür. Bu ölkələrdə demək olar ki, fermerlərin hamısı təhsillidir, Hollandiyada isə məsələ daha ciddidir. Burada xüsusi kənd təsərrüfatı təhsili olmayan şəxs fermer ola bilməz.
Son zamanlar inkişaf etmiş ölkələrdə üzvi əkinçilik də inkişaf etdirilir. Çünki ekoloji təmiz məhsullara tələbat getdikcə artır, belə məhsullar yüksək qiymətləndirilir və baha satılır. Fakt budur ki, Avropa İttifaqı ölkələrində 2010-cu ilə qədər əkinçiliyin 10 faizini ekoloji əkinçiliklə əvəz etmək planlaşdırılmışdır. Hesab edilir ki, kənd təsərrüfatı istehsalını intensivləşdirməklə ətraf mühitə əvəzolunmaz zərbələr vurulur. Lakin üzvi əkinçilik təsərrüfatlarda əmək məhsuldarlığını, məhsul istehsalını və məhsuldarlığı aşağı salır. Ona görə də üzvi əkinçiliyin miqyası dövlət siyasətindən asılıdır.
Son illərdə Böyük Britaniyada üzvi əkinçiliklə məşğul olan fermerlərə verilən ödənişlər iki dəfə artırılıb. Başqa ölkələrdə isə mineral gübrələrdən və pestisidlərdən yüksək dozada istifadə edənlərə qarşı xüsusi vergi qaydaları tətbiq olunur. Qəbul edilir ki, kənd təsərrüfatının sənayeləşdirilməsi və böyük aqrofabriklərin yaradılması nəticəsində ekoloji tarazlığın pozulması halları getdikcə artır. Ona görə də ailə təsərrüfatlarının saxlanılmasına və inkişaf etdirilməsinə səy göstərilir. Ekoloji məhsul istehsalı və kənd yerlərinin inkişafı ailə təsərrüfatlarının inkişafı ilə əlaqədardır.
Dünyəvi vəzifələr də kənd yerlərinin ənənəvi sərvətlərinin (həyat tərzi, su, hava, torpaq, landşaft, fauna, flora və s.) qorunması və gələcək nəsillər üçün saxlanmasını tələb edir. Əlbəttə, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı istehsalının əsas özəyi ailə-fermer təsərrüfatlarından ibarətdir. Burada fermer təsərrüfatlarının fəaliyyətindəki təşkilati-iqtisadi mexanizmin pozitiv məqamlarından Azərbaycanda da istifadə etmək olar. Çünki təsərrüfatlararası kooperasiyanı inkişaf etdirmək, inteqrasiya əlaqələrini genişləndirmək, dövlət tənzimlənməsini təkmilləşdirmək və dövlət yardımını gücləndirmək fermer təsərrüfatlarının iqtisadi səmərəliliyini artırmaqla məşğulluq probleminin həllini və kənd adamlarının rifahını təmin edir.
Kooperasiya üzrə 150 illik dünya təcrübəsi ilə sübut olunmuşdur ki, müəyyən vəzifələri yerinə yetirmək üçün birləşmək fermerlərin fəaliyyətini əsaslı surətdə asanlaşdırır. Fermerləri kooperativlərdə iştirak etməyə vadar edən başlıca səbəb gəlirlərini artırmaq istəyidir. Lakin ölkələrin kooperasiya təcrübələri bir-birindən fərqlənir. Məsələn, ABŞ-da bütün təsərrüfatların 50 faizi, İsveçdə isə 90 faizi müxtəlif kooperativlərin üzvüdür. İsveçdə istehsal kooperativləri geniş yayılıb. ABŞ-da isə kənd təsərrüfatı kooperativlərinin çoxu səhmdarlar kimi formalaşıb. Lakin kooperativ səhmləri alver obyekti deyil və fond birjalarında satılmır.
Avropa İttifaqı ölkələrində isə son illər müxtəlif xidmətlər göstərmək üçün ixtisaslaşdırılmış kooperativlər geniş yayılıb. Almaniyada kooperativlər kənd təsərrüfatını istehsal vasitələri ilə təmin etməkdə mühüm rol oynayır. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunub, fermerlər kənd təsərrüfatı texnikasından birlikdə istifadə etmək üçün də kooperativlərdə birləşirlər. Böyük Britaniyada tədarük və təchizat kooperativləri fermerləri istehsal vasitələri, yem, gübrə və digər zəruri istehsal vasitələri ilə təmin edir. Burada maşın və texniki vasitələri almaq və birlikdə istifadə etmək üçün 2-20 nəfəri birləşdirən sindikatlar da fəaliyyət göstərir. Onlar 4 il müddətində geri qaytarmaq şərti ilə maşının dəyərinin 80 faizi qədər kredit almaq hüququna malikdirlər.
Texnikanın alınmasına qoyulan vəsait kooperativ üzvləri arasında becərilən torpaq sahəsinə və fermanın ölçüsünə mütənasib olaraq bölüşdürülür. Texnikanın saxlanması, təmiri və sığortalanmasına çəkilən xərclər də analoji qaydada bölüşdürülür. İsveçdə fermer kooperativlərinə məxsus olan dövriyyənin 30-35 faizi satış və təchizat fəaliyyətinə sərf olunur. İstehsal üçün zəruri vasitələrin 60 faizini kooperativlər təmin edir. Əmtəəlik südün 98 faizini, taxılın 80 faizini, mal-qaranın və quşların 75 faizini kooperativlər satır. Ölkədə süd sənayesinin hamısına, ət sənayesinin 80 faizinə və un sənayesinin 54 faizinə kooperativlər nəzarət edirlər.
Tədarük və təchizat kooperativlərinin fəaliyyəti kompleks xarakter daşıyır. Ölkənin hər yerində anbarlara, elevatorlara və təmir emalatxanalarına malik olan kooperativlər fermerləri istehsal vasitələri ilə, habelə xidmətlərlə təmin edir. İsveçrədə satış kooperativləri həm də təchizat fəaliyyəti ilə məşğul olur. Məsələn, südçülük kooperativləri üzv təsərrüfatları sağım qurğuları ilə, seperator və soyuducu avadanlıqlarla təmin edir. İsveçrədə kooperativlər haqqında qanun 1988-ci ildə qəbul edilib. Gəlir qanunla müəyyən edilən maliyyə ehtiyatını formalaşdırmaq üçün lazım olan vəsaitdən artıq olduqda ondan 52 faiz vergi tutulur.
Danimarkada ölkə üzrə istehsal və emal edilən südün 91 faizi, mal ətinin 65 faizi, donuz ətinin 93 faizi, quşçuluq məhsullarının 51 faizi, meyvə-tərəvəz məhsullarının 60 faizi, qarışıq yemin 48 faizi və gübrələrin 47 faizi kooperativlərin əlindədir. Burada kooperativlər konkret sahələr üzrə ixtisaslaşdırılmışdır. Altı ay ərzində kooperativlərin xidmətindən istifadə etməyən fermer direktorlar şurasının qərarı ilə üzvlükdən azad olunur. Kooperativlər vergi güzəştlərindən istifadə edir və adi təsərrüfatlarda tətbiq edilən 52 faiz gəlir vergisi onlar üçün cəmi 20 faizdir.
Bir sözlə, təcrübə ən yaxşı məktəbdir. Avropa İttifaqında, ABŞ-da və Yaponiyada mövcud olan kooperasiya təcrübələrindən dinamik inkişaf yolunda olan Azərbaycanda da istifadə edilməsi zamanın tələbidir.
Musa Hacıyev
Xalq qəzeti.- 2009.- 15 avqust
Top