Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Bu bitkinin azərbaycanca «balqabaq» adlandırılması, görünür, qədim zamanlarda qabağın xüsusi növündən qab hazırlanması ilə əlaqədardır. Azərbaycanda qabağın başqa adı da var: «boranı». «Boranı» dağlarda payızda, boran və soyuqlar düşəndə yığılan iri meyvəli qabağa deyilir. Boğmalı meyvəsi və şirin ləti olan qabaq növü «balqabaq» adlanır.
Əfsər Həsənov, özəl məsləhətçi
Qabağın çoxvitaminli sortlarından A provitamini alınır. Onun toxumlarından qarın qurdlarına qarşı dərman kimi istifadə olunur. Bunun üçün 50-100 q toxumun ləpəsini birdən, yaxud 1-2 saat ərzində yemək kifayətdir.
Balqabağın zərif lət hissəsi orqanizm tərəfindən asan mənimsənilir. Onun hüceyrə şirəsi neytral reaksiyaya malik olduğundan, mədə yarasının sağalmasına kömək edir. Balqabaq tərkibində çoxlu miqdarda karotinoidlərin sarı, yaxud narıncı rəngli təbii piqmentlərin olması ilə fərqlənir. Bunlara balqabaqdan başqa, yerkökündə, ispanaqda, kələmdə rast gəlinir. Insan orqanizmində qida ilə daxil olan karotinoidlərdən A vitamini əmələ gəlir.
Balqabaq həmçinin qanın əmələ gəlməsində mühüm rol oynayan folium turşusu ilə də zəngindir. Mineral maddələrdən balqabaqda xüsusən kalium duzları çoxdur. Bundan başqa, balqabaq orqanizmə düşən zəhərləri və digər zərərli birləşmələri udmaq qabiliyyətinə malik olan pektinlərlə də zəngindir. Tərkibində çoxlu miqdarda pektin maddələrinin olması meyvə pürelərini qatılaşdırır. Ona görə də meyvə povidlosuna 25%-ə qədər balqabaq ləti əlavə edirlər. XVI əsrdə əllərin dərisini ağartmaq üçün onları balqabaq ləti ilə yumaq məsləhət görülürdü. Bir çox kremlərin və mazların tərkibinə balqabaq şirəsi (ekstraktı) qatılır. Balqabağın üç növü daha geniş yayılmışdır: qalınqabıqlı, irimeyvəli və muskat.
İrimeyvəli balqabağın tarixi vətəni ABŞ və Meksikanın cənub rayonları sayılır. Lifli, sarı rəngli yumşaq lət hissəsi karotinlə zəngindir. Karotinin qatılığı nə qədər yüksək olarsa, lət hissənin rəngi bir o qədər intensiv sarıya çalır. Meyvələrin qalın və şirin ləti ayrı-ayrı sortlarda və hibridlərdə müxtəlif konsistensiyaya malik olur. İrimeyvəli balqabaq soyuğa çox davamlı olmaqla, öz dad keyfiyyətlərini 10 ay ərzində saxlayır. Sortlarının əksəriyyəti orta- və gecyetişkəndirlər. Bu növün formaları ən iri meyvələrə 70 kq və yuxarı çəkiyə malikdir.
İrimeyvəli balqabaq sortlarını çox vaxt «yemliyə» aid edirlər. Süfrə və yemlik sortlar arasındakı fərq yığım zamanı nişastanın və şəkərin nisbəti ilə təyin olunur. Lakin belə bölgü heç də doğru deyil. Bəzi sortlar məhsul yığımından dərhal sonra süfrə məqsədləri üçün, digərləri nişasta şəkərə çevrilən zaman saxlanma müddəti müəyyən edildikdən sonra (yemlik) süfrə məqsədlərindən ötrü məsləhət görülə bilər. İrimeyvəli balqabaqdan məhsul yığımından dərhal sonra hazırlanmış xörəklər, yumşaq «kartof» konsistensiyasına malik olur ki, bu da çox vaxt insanların xoşuna gəlmir. Amma saxlanma zamanı yayda toplanmış nişasta şəkərə çevrilir, balqabaq şirinləşir. Adətən noyabr-dekabr aylarında şəkərin miqdarı maksimuma qalxır.
İrimeyvəli balqabaq qalın, bəzən də çox möhkəm toxum qabığı ilə fərqlənir, lakin toxum çəyirdəkləri tamamilə yeməyə yararlıdır. Bərkqabıqlı qabağın vətəni Mərkəzi Amerikanın dağ rayonlarıdır, ona görə də istiyə az tələbkardır və kəskin temperatur dəyişkənliklərinə daha yaxşı uyğunlaşmışdır. Lakin məhsuldarlığına görə irimeyvəli sortlardan, bəzən isə lətinin keyfiyyəti və kəmiyyətinə görə geri qalır. Ancaq bərkqabıqlı qabaq tezyetişkənliyi ilə fərqlənir. Bu qabaqlar digərlərindən tez çiçəkləməyə başlayır, sürətlə dolur və sentyabrın əvvəlinə istifadə üçün tam yararlı olur. Onun meyvələri adətən iri olmur. Bərkqabıqlı qabağın sortlarını məhsul yığımından dərhal sonra tərkibində nişastanın miqdarı az olduğundan süfrə sortlarına aid edilir.
Bərkqabıqlı qabaqları tarladan ilk yığım zamanı toplayırlar. Onların istehlak yetişkənliyi artıq avqustun sonu sentyabrın əvvəlində başlayır. Bu vaxt ləti qida üçün işlətmək mümkündür və onun çəyirdəklərini çıxardırlar. Bu qabıqların çəyirdəkləri (tumları) çox dadlıdır. Lazım gələrsə, qabağı daha yaxşı yetişdirməkdən ötrü bir ay anbarda saxlamaq olar, lakin həddindən artıq saxlamaq olmaz, əks təqdirdə çəyirdəklər daxildə cücərir. Bərkqabıqlı qabaqların çəyirdəklərinin qabığı nazik və orta qalınlıqda olur, lakin sərt deyil.