Kartofda fizioloji xəstəliklər

Kartofda fizioloji xəstəliklər

Yoluxucu olmayan kartof xəstəlikləri bitkinin yerüstü hissəsinə və yumrularına əlverişsiz mühit amillərinin təsiri nəticəsində baş verir. Torpaqda qida elementlərinin, nəmliyin çatışmaması, yaxud artıqlığı, aşağı, yaxud yüksək temperaturların təsiri məhsula və onun keyfiyyətinə xeyli zərər vura bilir.
Kartof yumrularının içəridən (lətinin) qaralması müxtəlif səbəblərdən baş verir və melanin piqmentinin əmələ gəlməsi ilə əlaqədardır. Yayılmış qara ləkələr yumrunun içərisində onun müxtəlif hissələrində əmələ gəlir. Əvvəlcə boz olur, getdikcə onlar tündləşir, kartofu bişirdikdə isə qaralır. Qaralma yumrunun böyük hissəsini tutsa da, xaricdən görünməyə bilər.
kartof xəstəlikləriKartofun çox faraş yığılması və torpaqda kaliumun çatışmaması yumruların ciddi zədələnməsinə səbəb olur. Azotun dozasının artırılması və yumruların uzun müddət quru qızmış torpaqda qalması da qorxuludur. Yığılma və daşınma zamanı zədələnmələr nəticəsində məhsul yığımından artıq bir neçə gün sonra kartof yumrularının daxilində tünd (qara) yayılmış ləkələr əmələ gəlir. Xəstəlik düzgün olmayan saxlama rejimində də inkişaf edə bilər. Kartofun uzun müddət (3 aydan yuxarı) yüksək (10-12°C), yaxud aşağı (0°C) temperatur və pis ventilyasiya (oksigen çatışmazlığı, yaxud karbon qazının çoxluğu) şəraitində saxlanması xəstəliyin baş verməsini dərinləşdirir.
Kartof sortları bu xəstəliyə tutulma meyillərinə görə fərqlənir. Quru maddəsi və nişastası çox olan sortlar daha çox həssasdır. Yumrunun qabığının qalınlığı və ondan oksigenin asan keçə bilməsinin əhəmiyyəti vardır.
Xəstəliyin güclü inkişafı zamanı məhsuldarlıq 15-20% aşağı düşür, bundan başqa, kartofun ərzaq keyfiyyətləri pisləşir və zədələnmiş hissələrin kəsilib atılması zərurəti meydana çıxır.
Yumruların içərisinin qaralmasının qarşısını almaq üçün yüngül torpaqlarda hər 100 qr torpaqda ən azı 15-20 mq kalium olması zəruridir. Bitkilərin kaliumla qidalanmasının yaxşılaşdırılmasından ötrü vegetasiyanın ikinci yarısında kökdən yuxarı hissənin kalium gübrəsinin mikroelementlərlə birgə (məsələn, kalium şorası ilə) əlavə yemləndirilməsi məsləhət görülür. Azot gübrələrinin yüksək dozalarından qaçmaq lazımdır və quru havada bitkilərin fəal böyüməsi zamanı kartofu mütləq suvarmaq lazımdır. Düzgün saxlama rejiminə (4-6°C) və anbarların ventilyasına mütləq əmələ olunmalıdır.
Yumruların oyuqluğu fizioloji xəstəlikdir. Bu zaman yumrunun içərisində müxtəlif böyüklükdə və konfiqurasiyada boşluqlar əmələ gəlir. Oyuq boşluğu açıq-sarı, yaxud açıq-qəhvəyi rəngli qabıqla örtülü olur. Bu xəstəliyin ən geniş yayılan səbəbi torpaqda rütubətin və azot gübrələrinin artıq olması zamanı onların qeyri-bərabər böyüməsidir. Oyuqlar yumrunun xarici toxumaların tez böyüməsi səbəbindən daxili toxumaların parçalanması nəticəsində əmələ gəlir. Oyuqlara çürüntü mikroorqanizmlərinin daxil olması nəticəsində yumrular çürüyə bilər. İri yumruları olan sortlar yumruları xırda və orta irilikdə olan sortlara nisbətən yumruların oyuqluğu xəstəliyinə daha çox tutulur. Bu xəstəliyin qarşısını almaq üçün gübrələri düzgün vermək, məhsuldarlıq səviyyəsi yüksək olan torpaqlarda isə bitkilərin qidalanma sahəsini kiçiltmək tövsiyə olunur.
Kartof yumrularının dəmirli ləkəlikləri (pas) xəstəliyi hər yerdə yayılmışdır. Onu yumruları kəsən zaman görmək olur, çünki xəstəliyin səthi əlamətləri olmur. Bu xəstəlik zamanı kartof yumrusunun içərisində yayılmış şəkildə, yaxud damarlı həlqə üzərində açıq-qonur, yaxud tünd-qəhvəyi rəngli müxtəlif ölçüdə və formada ləkələr əmələ gəlir. Ləkələrin toxumaları, demək olar ki, dağılmış nişasta dənləri olan nekrozlaşmış hüceyrələrdən ibarətdir. Xəstəliyin səbəbləri əlverişsiz iqlim və torpaq şəraitləri üzündən bitkilərin su təchizatının, tənəffüsünün və qidalanmasının (fosfor çatışmaması, yaxud onun kartof bitkiləri tərəfindən pis mənimsənilməsinin) pozulmasıdır. Dəmirli ləkələrə quru və çox isti havalı illərdə turş və qumsal torpaqlarda tez-tez rast gəlinir. Pas xəstəliyi tarlada yalnız yumruların böyümə dövründə inkişaf edir və saxlanma zamanı artmır. Yumruların zədələnməsi onlarda nişastanın miqdarının azalmasına səbəb olur (itkilər bəzən 30%-ə çatır). Xəstəliyin güclü inkişafı zamanı kartofun toxumluq keyfiyyətləri pisləşir.
Dəmirli ləkəhklər xəstəliyindən müdafiə üçün bitkilərin balanslaşdırılmış azot və fosforla qidalanması çox vacibdir.
Yumruların küçükləməsi bitkilərin böyümə və inkişaf prosesində funksional pozuntularla əlaqədardır. Bu, vegetasiya dövründə (süni suvarma olmadıqda) yumruların bərabər paylanmamasının nəticəsində də baş verə bilər. Bəzən yazda soyuq nəm torpağa faraş basdırma zamanı yumrulardakı cücərtilər inkişaf etmir, yaxud inkişafdan qalır. Belə hallarda cücərtilər heç əmələ gəlməyə də bilər.
Əgər kartofun yetişməsinin başlanğıcında uzunmüddətli quraqlıq bitkilərin inkişafının dayanmasına səbəb olarsa və çoxlu yağmurlar müşahidə edilərsə, formalaşmış gözcüklər, yarovizasiya mərhələsini keçmədən oyanaraq böyüyür və üzərində xırda yumrucuqlar formalaşan zoğlar (stolonlar) əmələ gətirir.
Gec yetişən kartof sortları faraş yetişən sortlara nisbətən küçükləməyə daha meyillidir. Bu mənfi keyfiyyət bir çox kartof sortlarında müşahidə edilir.
Yumruların qabığının çatlaması və şəbəkələnməsi (torlanması) adətən azotla zəngin olan məhsuldar torpaqlarda yetişdirilən kartofda, xüsusən bitkilərin su təchizatında kəskin dəyişikliklər olanda müşahidə edilir. Əgər qabığın səthində xırda çatlardan ibarət tor əmələ gəlirsə və bu çatlar yumrunun dərin qatlarına keçmirsə, bu hadisəyə qabığın şəbəkələnməsi deyilir. Şəbəkələnmiş qabıqlı yumrular həm saxlama prosesində asanlıqla çürüyür, həm də qabıq soyulanda çox itki verir.
Əgər kartof yığımı vaxtı məhsulda çatlamış yumrular çoxdursa, onları diqqətlə qurutmaq və iki həftə otaq temperaturunda qaranlıq yerdə saxlamaq lazımdır.
Yumruların soyuq vurması və donması, adətən onların bir neçə ay aşağı temperaturda (0°C-də)saxlanması zamanı baş verir. Zahiri görünüşünə görə belə yumrular sağlamlardan seçilmir, lakin kəsiklərdə nazik xətciklər qonur zolaqlar, yaxud paslı ləkəciklər, bəzən isə boşluqlar müşahidə edilir. Yumruları soyuqvurmadan qorumaq üçün onların saxlanma temperaturu +2°C-dən aşağı olmamalıdır. Kartof istiliksevən bitkidir. Yumruların donma nöqtəsi 1,5-dən 2°C arasında tərəddüd edir. Gecikmiş yığım zamanı hətta zəif və qısa şaxtalar da qorxuludur. Donmuş yumru kəsiyinin lət hissəsinə hava dəyən zaman tez qızartdaq rəng alır, tədricən qırmızı-qonur, bəzən isə qara rəng alır. Donmuş yumruları donu açıldıqda onlardakı sulu məhlul asanlıqla sıxılıb çıxarılır, onların qabığı qırışır və asan soyulur. Əgər donma anbarda baş vermişsə, yumrular sulu çürümə əmələ gətirən saprofit bakteriyalarının mənbəyinə çevrilir. Bütün donmuş yumrular kartof yığınından don vurmamış qata qədər təmizlənib çıxarılmalıdır. Hətta tək-tək çürüyən yumrular təhlükəli infeksiya mənbəyidir. Donmuş yumrulardan nişasta əldə etmək olar, yaxud onları yem edib heyvanlara vermək mümkündür.

Bəhlul Məmmədov, özəl məsləhətçi
Top