Fermer təsərrüfatı

Fermer təsərrüfatı

Fermer təsərrüfatçılığı ilə məşğul olan vətəndaşlar torpaq sahələrindən məqsədyönlü istifadə etməyə, torpağın münbitliyinin artırılması üçün lazımi tədbirlər həyata keçirməyə, təbiəti qoruyan texnologiyalardan istifadə etməyə, öz fəaliyyətləri nəticəsində torpaq sahələrində və qonşu ərazilərdə ekoloji mühitin pisləşməsinə yol verməməyə, digər vətəndaşların hüquq və maraqlarını pozmamağa, torpaq vergilərini və digər ödəmələri vaxtında ödəməyə borcludurlar.
Onların mülkiyyəti torpaq sahəsindən, mal-qaradan və quşlardan, dovşanlardan, qunduzlardan, arılardan, çoxillik əkmələrdən, təsərrüfat tikililərindən, kənd təsərrüfatı texnikasından, avadanlıqdan, inventardan, nəqliyyat vasitələrindən, təsərrüfat fəaliyyətini həyata keçirmək üçün lazım olan maddi ehtiyatlardan, həmçinin istehsal olunan məhsuldan ibarətdir.
Fermerlər aşağıdakı hüquqlara malikdir:
•    torpaqda sərbəst (müstəqil) təsərrüfatçılıq etmək;
•    səpinlərə, əkinlərə və əkmələrə, istehsal edilən kənd təsərrüfatı məhsullarına və onun satışından alman gəlirlərə malik olmaq;
•    təsərrüfat ehtiyacları üçün torpaq sahəsində olan qeyri-filiz faydalı qazıntılardan, meşədən, axmaz su obyektlərindən, içməli yeraltı sulardan, həmçinin torpağın digər faydalı xassələrindən müəyyən edilmiş qaydada istifadə etmək;
•    yaşayış, istehsalat, mədəni-məişət və s. tikililəri və qurğuları tikmək;
•    müəyyən edilmiş qaydada inşaat, suvarma, qurutma, mədəni-texniki və digər meliorativ işlər aparmaq.
Fermer təsərrüfatlarının sinifləşdirilməsi və yaradılması üçün meyarlar, əlamətlər və xüsusiyyətlər sistemindən istifadə olunur. Bundan başqa, fermer təsərrüfatlarının sinifləşdirilməsi və tiplərə bölünməsi onların yerinə yetirdikləri funksiyalar ilə əlaqədardır və bunlar aşağıdakı qaydada qruplaşdırılır.
Fermer təsərrüfatlarının iqtisadi funksiyası öz ehtiyacları üçün ərzaq məhsulları istehsal etməkdən, ağır zəhmət tələb edən sahələrdə məqsədli ixtisaslaşma aparmaqdan, bioloji təmiz məhsul istehsal etməkdən, torpaqların dövriyyədə saxlanmasını və keyfiyyətinin yüksəldilməsini təmin etməkdən, məişət və istehsal tullantılarını zərərsizləşdirməkdən, gəlirlərini artırmaqdan və ucuz təsərrüfat materiallarından istifadə olunmasını təmin etməkdən ibarətdir. Fermer təsərrüfatı istehsalın təşkilini sərbəst seçmək və təşəbbüs göstərmək azadlığına malikdir.
Fermer təsərrüfatının sosial funksiyası ictimai istehsalla məşğul olmayan əmək ehtiyatlarından daha dolğun istifadəni mümkün etmək; iş və yaşayış yerinə hərəkətə sərf edilən vaxtı azaltmaq; işçi qüvvəsinin çoxalması üçün şəraiti yaxşılaşdırmaq; kənd əhalisinin həyat keyfiyyətini yüksəltmək; kənd məişəti və mədəniyyətini yüksəltməkdən ibarətdir.

Fermer təsərrüfatlarında əmtəəlik məhsul istehsalının yüksəldilməsi ixtisaslaşma ilə yanaşı gedir. Yəni əsas sahənin ayrılması aparılır ki, bunda ehtiyatlar çoxdur, o, daha yüksək gəlir verir. Məhsul istehsalı aşağıdakı ehtiyatlardan istifadə olunması hesabına artırılır:
•    kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi;
•    əkin sahələri və torpaq strukturunun yaxşılaşdırılması,
•    intensiv texnologiyaların tətbiqi.
Fermerlərin əksəriyyəti bitkiçilik məhsulları istehsalı ilə məşğul olmağı üstün tuturlar. Çünki bu, iqtisadi cəhətdən özünü doğruldur. Amma heyvandarlıq binalar tikilməsinə və onların avadanlıqlarla təchiz olunmasına böyük maliyyə qoyuluşu tələb edir, cavan malların və sənaye istehsalı olan yemlərin baha alınmasını da bunun üstünə gəlsək, bu sahə qeyri-rentabelli sahəyə çevrilir.
Fermer təsərrüfatları ilə digər təşkilatlar və müəssisələr arasında əlaqələrin formalaşması və inkişaf etdirilməsi istehsal vasitələri ilə təminatdan məhsulun satışınadək bütün mərhələlərdə diqqət mərkəzində saxlanmalıdır. Fermer təsərrüfatlarının inteqrasiyasının əsasını istehsal sahəsində inteqratorlar olan kənd təsərrüfatı müəssisələri ilə münasibətləri təşkil edir. Bu münasibətlər kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsinə istiqamətləndirilmiş kooperasiya prinsipləri əsasında qurulur.
Müasir dövrdə istehsal kooperasiyası çox inkişaf etmişdir. Onun birinci tipi pul vəsaitlərinin (və kreditlərin) birgə kənd təsərrüfatı texnikası alınması üçün birləşdirilməsini nəzərdə tutur. Bu zaman fermerlərin torpaq sahəsi özlərində qalır və onu sərbəst becərirlər.
İkinci tip kooperasiyada hər fermerin öz kənd təsərrüfatı texnikası olur və bunlar torpaq massivinin birlikdə işlənməsini təmin edir.
Üçüncü tip kooperasiyada fermerlərin mülkiyyətində olan texnikalar birləşdirilir, onunla vahid torpaq massivi becərilir, lakin əldə edilən məhsul birlik iştirakçıları arasında onların hər birinin payına müvafiq bölünür və fermerlər tərəfindən sərbəst realizə edilir.
Öz təsərrüfatlarının davamlığını yüksəltmək, kənd təsərrüfatı istehsalını genişləndirmək, əlavə gəlir qazanmaq məqsədilə, fermerlər əsas fəaliyyətləri ilə paralel olaraq digər fəaliyyət növlərini də həyata keçirirlər. Bunlara kütləvi istehlak malları ilə ticarət, kənd təsərrüfatı xidməti, məhsul emalı aiddir. Bundan başqa, iri fermer təsərrüfatları yüklərin daşınması, kənd təsərrüfatı texnikasının təmiri, kənd təsərrüfatı məhsullarının satın alınması və saxlanması, məhsulun maya dəyərinin azaldılması üçün qarışıq yemlərin və inşaat materiallarının istehsalı ilə də məşğul olurlar.
Akif Vəliyev, kənd təsərrüfatı elmləri namizədi
Top