Məsələ 2679: Əgər bir işi yerinə yetirəcəyinə ya tərk edəcəyinə and içsə, məsələn; oruc tutmağını ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, gərək kəffarə versin, yəni bir qul azad etsin ya on fəqir doydursun ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün oruc tutsun və gərək oruc ardıcıl olsun.
Məsələ 2680: Andın bir neçə şərti vardır:
- And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd edib və ixtiyarən and içsin, uşaq, dəli məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, məcburi və qəsdsiz and içsə, düz deyildir.
- And içib yerinə yetirəcəyi iş, gərək haram ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib ya müstəhəbb olmasın. Əgər mübah işi yerinə yetirəcəyini and içsə, onu etmək xalqın nəzərində edilməməsindən daha yaxşı olarsa, andı səhihdir. Həmçinin, bir işi tərk etməyi and içərsə, xalqın nəzərində onu tərk etmək, o işi etməsindən daha yaxşı olarsa, andı səhihdir. Hətta hər iki surətdə əgər o işi ya tərk etmək xalqın nəzərində daha yaxşı olmasa, onun özü üçün yaxşı olarsa, yenə də andı səhihdir.
- Allahın adlarından birinə and içsin ki, onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; «Allah», «Xuda». Həmçinin bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; «Xaliq» və «Raziq» adına and içsə, səhihdir. Hətta «Səmi» və «Bəsir» kimi tək, əvvəlində istifadə olunmayan və Allahın zatını xatırlatmayan, amma and içməkdə istifadə olunan və Allahın zatını xatırladan adlara and içsə, andı səhihdir.
- Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs, işarə ilə and içərsə, səhihdir. Həmçinin danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd edərsə, kifayətdir. Hətta başqalarında da ehtiyat tərk olunmamalıdır.
- Anda əməl etmək üçün imkanı olmalıdır. Əgər and etdiyi mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, özünü qəsdən aciz etməyibsə, aciz qaldığı vaxtdan etibarən andı pozular. Həmçinin əgər nəzir, and və ya əhdə əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir.
Məsələ 2681: Əgər ata övladını ya da əri arvadını and içməkdən çəkindirərsə, onların andı səhih deyildir.
Məsələ2682: Əgər övlad atasının icazəsi olmadan və arvad ərinin icazəsi olmadan and içərsə, ata və ər onların andını poza bilər.
Məsələ 2683: Əgər insan unutqanlıq, çarəsizlik və bilməməzlik üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin, əgər onu andına əməl etməməyə məcbur etsələr də bu cürdür. Vəsvəsəli olan şəxs, məsələn; «Allaha and olsun ki, indi namaza başlayıram» — deyə and içərsə, sonra da vəsvəsəli olduğuna görə namaza məşğul olmazsa, belə ki, onun vəsvəsəsi qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək şəkildə olarsa, ona kəffarə verməsi lazım deyildir.
Məsələ 2684: Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisə vaxtı yalan yerə and içmək böyük günahlardandır. Fəqət özünü və ya başqa bir müsəlmanı bir zalımın şərindən qurtarmaq üçün yalan and içərsə, eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız «təvriyyə» etməsi (yəni and içdiyi zaman, istədiyi əsil mənanı bir işarə qoymadan cümlənin zahirdən ifadə etdiyi mənadan başqa bir məna qəsd etməsi) mümkündürsə, lazım ehtiyat odur ki, təvriyyə etsin. Məsələn; bir şəxsə əziyyət etmək istəyən bir zalım, insandan onu görüb-görmədiyini soruşarsa, o da onu bir saat qabaq görübsə, beş dəqiqə qabaq görmədiyini qəsd edərək «xeyr, görməmişəm» — deyər.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri