Ər və arvadın irsi

Ər və arvadın irsi

Məsələ 2778: Əgər qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq.
Məsələ 2779: Əgər bir kişi ölsə və övladı olmasa, malının 4/1-i arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 8/1 arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən, həmçinin bina və ocaq kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar. Həmçinin, bağda, əkin sahəsində və başqa yerlərdə olan ağac, əkin və evlərin hökmü də bu cürdür.
Məsələ 2780: Əgər qadın irs aparmadığı şeylərdən, məsələn; məskunlaşmış evin yerini istifadə etmək istəsə, gərək başqa vərəsədən icazə alsın. Həmçinin, vərəsə arvadın payını verməmiş, arvadın irs apara biləcəyi şeylərdən (məsələn; bina, ağac) onun icazəsi olmadan istifadə etməsi caiz deyildir.
Məsələ 2781: Bina, ağac və buna bənzər şeylərin qiymətini müəyyən etmək istəklərsə, dəyər müəyyən edən kimsələrin etdiyi kimi, onların olduqları yerin xüsusiliyini nəzərə almadan nə qədər qiymət daşıdıqlarını hesab etməlidirlər. Onların yerdə qoparılmış fərz edərək və ya yox olacaqları zamana qədər kirayəsiz olaraq o yerdə qalacaqları nəzərə alınaraq qiymətləri hesab edilməməlidir.
Məsələ 2782: Kanal suyunun məcrası və s. yerin hökmünə aiddir, orada işlədilən kərpic və digər şeylər tikinti hökmündədir.
Məsələ 2783: Əgər meyitin bir neçə arvadı olsa, belə ki, övladı olmasa, malın 4/1-ni, əgər övladı olsa, malın 8/1-ni şərh olunduğu kimi, o qadınların arasında bərabər böləcəklər. Hətta ər onlardan heç biri ilə və ya bəzisi ilə yaxınlıq etməmiş olsa belə. Amma ölümünə səbəb olan xəstəlik zamanı bir qadını nikah etmiş və onunla yaxınlıq etməmişdirsə, o qadın irs aparmaz və mehr haqqı da yoxdur.
Məsələ 2784: Əgər qadın xəstə halında ərə getsə və o xəstəlik ilə ölsə, əri onunla yaxınlıq etməsə də, ondan irs aparır.
Məsələ2785: Əgər talaq hökmlərində deyilən tərtib ilə bir qadına rici talaq versələr və iddə əsnasında ölsə, ər ondan irs aparar. Həmçinin əgər ər o iddənin əsnasında ölsə, qadın ondan irs aparar. Amma əgər iddə keçəndən sonra ya bain iddəsində onlardan biri ölsə, o biri irs aparmaz.
Məsələ 2786: Əgər ər, xəstə halında öz əyalına talaq versə və on iki hilali ayı keçməzdən əvvəl ölsə, qadın 3 şərt ilə ondan irs aparar:
  1. Bu müddətdə başqa ərə getməsin, ərə gedən halda irs aparmır. Hərçənd ehtiyat, sülh etmələridir.
  2. Talaq, qadının istək və razılığı ilə olmamış olsun, əks təqdirdə, istər onun talağı üçün ərinə bir şey vermiş olsun və ya verməsin, miras aparmaz.
  3. Ər qadına talaq verdiyi vaxtda olan xəstəlik ilə ya başqa bir səbəbdən ölsə, beləliklə əgər o xəstəlikdən yaxşı olub başqa bir səbəbə görə dünyadan getsə, qadın ondan irs aparmaz.
Məsələ2787: Ərin qadınının geyməsi üçün aldığı paltar, qadının əynində olsa da, ərin ölümündən sonra ərin malındandır.

İRSİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ


Məsələ 2788: Meyitin Quranı, üzüyü və qılıncı, həmçinin geydiyi paltarlar böyük oğlunun malıdır. Əgər meyitin əvvəlki üç şeyi birindən çox olarsa, məsələn; iki Quranı ya iki üzüyü çox olsa, vacib ehtiyat odur ki, böyük oğul onlardan başqa vərəsələr ilə sülh etsin. Rəhil, tüfəng, xəncər və bu kimi silahların, o biri şeylərdən sayılması uzaq bir görüş deyildir. Amma vacib ehtiyat odur ki, böyük oğul, başqa vərəsələrlə də sülh etsin.
Məsələ 2789: Əgər meyitin böyük oğlu birdən çox olsa, məsələn; onun iki arvadından eyni vaxtda iki oğlu olsa, gərək yuxarıda deyilən əşyaları öz aralarında bərabər bölsünlər.
Məsələ 2790: Əgər meyitin borcu olsa, belə ki, borcu onun malı qədər ya ondan çox olsa, gərək böyük oğlun malı olan və yuxarıdakı məsələdə deyildiyi əşyalardan onun borcuna versinlər ya da onların qiyməti qədərincə öz malından versin. Əgər meyitin borcu malından az olarsa, böyük oğula çatan bir neçə əşyadan başqa, yerdə qalan malı, borcunu ödəməyə kifayət etməzsə, böyük oğul ya o əşyalardan ya da öz malından onun payına düşən nisbətlə gərək onun borcunu versin. Əgər başqa malları borca kifayət edəcək qədər olarsa, yenə də lazım ehtiyat odur ki, deyilmiş şəkildə böyük oğul meyitin borcunu ödəməkdə iştirak etsin, məsələn; əgər onun malı 60 manat olarsa və ondan 20 manat böyük oğlun malı olan şeylərdən olsa və 30 manat da borcu olsa, böyük oğul gərək o dörd şeydən 10 manat miqdarında meyitin borcuna versin.
Məsələ 2791: Müsəlman kafirdən irs aparar. Amma kafir, müsəlman meyitin oğlu ya atası olsa da, ondan irs aparmaz.
Məsələ 2792: Əgər bir şəxs, öz qohumlarından birini bilə-bilə və nahaqdan öldürsə, ondan irs aparmaz, amma əgər xəta üzündən olsa, məsələn; daşı havaya atsa və təsadüfən qohumlarından birinə dəyib öldürsə, ondan irs aparar, amma qətlin diyəsindən (onun irs aparmağı mübahisəlidir).
Məsələ2793: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və diri dünyaya gələn uşaq irs aparar, bir halda ki, bir uşaqdan çox ehtimal verilməyib qız olduğuna da xatircəmlik olmasa, ehtiyata əsasən, bir oğlanın payını kənara qoyub, yerdə qalanını varislər öz aralarında bölərlər. Hətta etina ediləcək şəkildə birdən çox olduqlarına ehtimal verirlərsə, məsələn; qadının iki və ya üç oğlan uşağına ehtimal verirlərsə, ehtiyata əsasən, ehtimal verilən uşaqların payını kənara qoymalıdırlar. Əgər sonradan, məsələn; bir oğlan və bir qız dünyaya gələrsə, artıq qalanını varislər öz aralarında böləcəklər.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top