Yemək və içməyin hökmləri

Yemək və içməyin hökmləri

Məsələ 2633: Şahin və qartal kimi yırtıcı və caynağı olan hər quşun əti haramdır. Həmçinin göydə qanad çalması süzməsindən az olan hər caynaqlı quşun əti haramdır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı, mədə və ayağının arxasında buynuzu varsa, halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Lazım ehtiyat odur ki, qarğanın hər növündən, hətta qara qarğadan da ictinab olunmalıdır. Amma deyilənlərdən başqa — toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. Amma hudhud və göyərçin kimi bəzi quşlan öldürmək məkruhdur. Yarasa kimi, uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin lazım ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Məsələ 2634: Ruhu olan bir şeyi, canlı bir heyvandan qopararlarsa, məsələn; quyruq və ya bir parça əti canlı bir qoyundan ayrılarsa, nəcis və haramdır.
Məsələ 2635: Əti halal olan heyvanların bədəninin bəzi üzvlərində on dörd şeyi haramdır:
  1. Qan.
  2. Fəzlə (nəcis).
  3. Erkək yeri.
  4. Dişi yeri.
  5. Uşaqlıq.
  6. Duşul adlanan vəzi (fındığa oxşar, yumru vəzi).
  7. Donbalan adlanan toxum (yumurta).
  8. Noxud şəklində beynində olan şey.
  9. Bel sümüyünün içində olan haram beyin.
  10. Lazım ehtiyat əsasən, bel sümüyünün iki tərəfində olan piy.
  11. Öd kisəsi.
  12. Dalaq.
  13. Sidik kisəsi.
  14. Gözün hədəqəsi bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara gəlincə isə onların qan və ğaiti işkalsız haramdır. Amma bu ikisindən başqa, yuxarıda deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması ehtiyata əsasəndir.
Məsələ 2636: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Əti halal olan heyvanların sidiyi də (hətta lazım ehtiyata əsasən, dəvənin də sidiyi) eyni hökmü daşıyır. Amma müalicə üçün, dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur.
Məsələ 2637: Palçığı yemək haramdır. Lazım ehtiyata əsasən torpaq və qum da, eyni hökmü daşıyır. Müalicə üçün, çarəsiz qaldığı halda Dağıstan, Erməni və başqa palçıqları yeməyin, işkalı yoxdur. Şəfa tapmaq üçün Həzrət Seyyidüşşü-hədanın (ə.s.) türbətindən azacıq yemək caizdir və daha yaxşı odur ki, türbət suda aradan gedənə qədər həll edib, sonra o suyu içsinlər.
Məsələ 2638: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yeməyi udmağın, eybi yoxdur.
Məsələ 2639: Ölümə səbəb olan ya insana zərəri olan şeyi yemək haramdır.
Məsələ 2640: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla yaxınlıq etsə, haram olar və yaxınlıqdan sonra ki, nəsilləri də ehtiyata əsasən haram olar. Onların sidik və peyini də nəcis olar, gərək onları şəhərdən çıxartsınlar və başqa yerdə satsınlar; yaxınlıq edən əgər onun sahibi deyilsə, lazımdır ki, onun qiymətini sahibinə versin.
Əgər əti halal olan heyvan ilə (məsələn; inək və qoyun) yaxınlıq etsə, onların sidik və peyini nəcis olar. Onların ətini yemək də haramdır. Ehtiyata əsasən, onların südünü içmək və yaxınlıqdan sonra onlardan törəyən nəsil də, eyni hökmü daşıyır. Gərək dərhal o heyvanı öldürsünlər və yandırsınlar, onunla yaxınlıq edən şəxs, əgər onun sahibi deyilsə, pulunu sahibinə versin.
Məsələ 2641: Əgər çəpiş donuzdan, ət və sümüyü qüvvət alan miqdarda süd əmərsə, özü və nəsli haram olar. Amma əgər bundan az miqdarda süd əmərsə, lazım ehtiyata əsasən istibra edilməlidir və bundan sonra halal olur. Onun istibrası isə yeddi gün pak süd əmməsi ilə olur, əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Lazım ehtiyata əsasən südəmər quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. Nəcis yeyən heyvanın da ətini yemək haramdır. Belə ki, istibra edilərlərsə, halal olar. Bunların da istibrasının necəliyi 226-cı məsələdə bəyan olub.
Məsələ 2642: Şərab içmək haramdır və bəzi xəbərlərdə böyük günah hesab edilib. Həzrət İmam Sadiqdən (ə.s.) rəvayət olunmuşdur ki, "Şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs, öz əqlini əldən verir və o zaman Allahı tanımır, heç günahdan çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqına əməl etmir, aşkar çirkinliklərdən üz döndərmir, Allahı tanımaq və iman ruhu onun bədənindən çıxır, Allah rəhmətindən uzaq olan xəbisliyin naqis ruhu onun bədənində qalır, Allah, mələklər, peyğəmbərlər və möminlər ona lənət edirlər. Qırx günə kimi onun namazı qəbul olmur. Qiyamət günündə onun üzü qaralar, onun dili ağzından çıxar və ağzının suyu sinəsinə axar və onun susuzluq fəryadı ucalar".
Məsələ 2643: Şərab içilən süfrədən bir şey yemək haramdır. Ehtiyata əsasən şərab içilən süfrədə oturmaq, əgər insan onlardan biri hesab edilərsə, haramdır.
Məsələ 2644: Hər müsəlmana vacibdir ki, ona yaxın olan və aclıqdan və susuzluqdan ölən başqa bir müsəlmana su və çörək verib, ölümdən nicat versin.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top