Cüalənin hökmləri

Cüalənin hökmləri

Məsələ 2226: Cüalə odur ki, insan onun üçün görülən işin əvəzində bir şey verməyi qərara alsın. Məsələn; desə: «mənim itirdiyimi tapan kimsəyə on manat verəcəyəm» bu qərarı qoyan şəxsə «cail» və işi yerinə yetirən şəxsə icarədə «amil» deyilir. Cüalə ilə icarə arasında fərq odur ki, icarədə siğə oxunduqdan sonra əcir olunan şəxs gərək işi icra etsin və onu əcir edən şəxs onun muzdunu borclu olur, lakin cüalədə amil müəyyən bir şəxs olsa da, işi icra etməyə bilər və o işi icra etməyinə qədər cail ona borclu olmaz.
Məsələ 2227: Cail gərək həddi-buluğa çatmış və ağıllı olsun, məqsəd və ixtiyar üzündən müqavilə bağlasın və şərən öz malını istifadə etməyi bacarsın. Buna əsasən səfeh adamın cüaləsi (öz malını bihudə işlərə sərf edən) səhih deyildir. Həmçinin müflis olmuş kimsənin, öz malının istifadəyə haqqı olmadığı hissəsindən cüalə səhih deyildir.
Məsələ 2228: Cailin özü üçün edilməsini istədiyi iş haram, faydasız və ya şərən pulsuz icra edilməsi lazım olan vacibatlardan olmamalıdır. Əgər cail, «hər kəs şərab içsə ya gecə ağıllı məqsəd olmadan qaranlıq yerə getsə və ya öz vacibi namazını qılsa, ona on manat verərəm» desə, cüalə səhih deyildir.
Məsələ 2229: Qərarlaşdırdıqları malın bütün xüsusiyyətləri ilə müəyyən olması lazım deyildir. Hətta, əgər amilə, o işi icra etmək səfehlik hesab edilməyəcək qədər məlum olsa kifayətdir. Məsələn; əgər cail «bu malı on manatdan nə qədər artıq satsan onun gəliri sənin olsun» desə, cüalə səhihdir və yenə əgər «hər kim mənim atımı tapsa; onun yarısını özünə verəcəyəm və ya ona on batman buğda verəcəyəm» desə, yenə də cüalə səhihdir.
Məsələ 2230: Əgər işin muzdu tamamilə naməlum olsa, məsələn; cail «uşağımı tapana pul verəcəyəm» desə və onun miqdarını müəyyən etməsə, gərək o işi icra edənə işinin xalq nəzərində dəyəri qədər muzd versin.
Məsələ 2231: Əgər amil qərardan qabaq işi icra etsə və ya qərardan sonra pul almamaq məqsədi ilə işi icra etsə, muzd almağa haqqı yoxdur.
Məsələ 2232: Amil işə başlamazdan qabaq cail cüaləni poza bilər.
Məsələ 2233: Amil işə başladıqdan sonra cail əgər cüaləni pozmaq istəsə, eybi yoxdur.
Məsələ 2234: Amil işi tamamlamaya bilər. Lakin işi tamamlamamaq cailə və ya işin aid olduğu kimsəyə zərər yetməsinə səbəb olarsa, gərək işi tamamlasın. Məsələn; əgər bir kəs, «kim mənim gözümdə cərrahiyyə əməliyyatı aparsa ona filan qədər pul verəcəyəm» desə və bir cərrah da işə başlasa, əgər əməliyyatı yarıda saxlasa, gözə zərəri olacaqsa, gərək onu tamamlasın. Əgər işi tamamlamasa, caildə bir haqqı yoxdur.
Məsələ 2235: Əgər amil itmiş atı tapmaq kimi, tamamlanmadan cail üçün bir faydası olmayan işi yarıda qoysa, caildən bir şey tələb edə bilməz. Əgər cail muzdu, işin tamamlanması şərtiylə qərarlaşdırsa, məsələn; «libasımı kim tikərsə ona on manat verəcəyəm» desə, eyni hökmdədir. Amma əgər məqsədi işdən hər miqdarın muzdunu edildikcə verməkdirsə, cail edilən işin miqdarının muzdunu amilə verməlidir. Ancaq sülh yolu ilə bır-birlərini razı etmələri ehtiyata daha uyğundur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top