Məsələ 2059: Kəsb edən (alver edən) şəxs, gərək alqı-satqının, mübahisəli yerlərinin hökmlərini öyrənsin. Çünki, ixtilaf əmələ gələn yerlərdə lazımi hökmü öyrənmək lazımdır. Həzrət İmam Sadiqdən (ə) rəvayətdir ki, alqı-satqı etmək istəyən şəxs, gərək onun hökmlərini öyrənsin və əgər onun hökmlərini öyrənməzdən əvvəl alqı-satqı etsə, batil və şübhəli müamilələrin vasitəsilə həlakətə düşər.
Məsələ 2060: Etdiyi alqı-satqının düzgün ya da batil olduğunu bilməyən şəxs əldə etdiyi maldan istifadə edə bilməz. Amma müamilənin batil olmasına baxmayaraq, tərəfin onun o malı istifadə etməsinə razı olduğunu bilərsə istifadə edə bilər.
Məsələ 2061: Malı olmayan və vacib xərcləri olan şəxs (ailə və uşaq xərcləri kimi), işləməsi lazımdır. Ailənin yaşayışını daha da firavan etmək və fəqirlərə əl tutmaq və bu kimi müstəhəbb işlər üçün, kəsb etmək müstəhəbbdir.
ALQI-SATQININ MÜSTƏHƏBBLƏRİ
Bir neçə şey alqı-satqıda müstəhəbb sayılmışdır:
- Gərək şəxs malın qiymətində müştərilər arasında fərq qoymasın. Lakin fəqir və yoxsullar istisnadır.
- Malın qiymətində bərklik etməsin. Amma, aldanma ehtimalı olsa, bərklik edə bilər.
- Satdığı şeyi artıq versin, aldığını az götürsün.
- Müamilə etdiyi adam peşman olduqda və müamiləni pozmaq istədikdə, şəxs müamiləni pozmağa hazır olsun.
MƏKRUH MÜAMİLƏLƏR
Məsələ 2062: Məkruh saydan əsas müamilələr bunlardır:
- Torpaq satmaq, amma əgər onun pulu ilə digər torpaq alırsa, eybi yoxdur.
- Qəssablıq;
- Kəfən satmağı peşə seçmək;
- Tərbiyə olunmamış adamlarla alqı-satqı etmək;
- Sübh azanı ilə günəşin ilkin çıxma vaxtı arasında olan müamilə;
- Buğda, arpa və bunlar kimi şeylərin alqı-satqısını peşə eləmək;
- Digər müsəlmanın almaq istədiyi malın müamiləsinə daxil olmaq;
HARAM MÜAMİLƏLƏR
Məsələ 2063: Haram müamilələr çoxdur. Bunlardan bəziləri aşağıdakılardır:
- Ehtiyata əsasən kefləndirici içkiləri, ov iti olmayan it, donuz və həmçinin nəcisin murdarını alıb-satmaq. Bundan qeyri hallarda əgər eyni nəcisi halal istifadə etmək olarsa, məsələn; ğaiti peyin edib onun alqı-satqısı caizdir. Hərçənd ehtiyat odur ki, tərk edilsin.
- Qəsbi malı alıb-satmaq;
- Ehtiyata görə, alış-satışı camaat arasında mal kimi sayılmayan şeylərin (məsələn, yırtıcı heyvan) alqı-satqısı, hətta mənfəəti böyük olmasa da;
- Qumar alətləri kimi adətən mənfəəti yalnız haram olan bir şeyin alqı-satqısı;
- Faizli (ribalı) müamilə;
- Tərkibində qəşş (aldatma) olan müamilə, məsələn; tərkibində piy yağı qarışdırılmış bir yağı satmaq kimi; başqa bir şeylə qarışdırılmış olan bir malı, o şey müəyyən olmadığı təqdirdə, satıcının alıcıya, onun halını bildirmədən satması. Həzrət Rəsulullah buyurmuşdur: «Müamilə edərkən müsəlmanlara qəşş edən (onları aldadan), onlara zərər verən, saxtakarlıq və hiylə edən şəxs bizdən deyildir. Kim ruzisini öz müsəlman qardaşı ilə qəşş etsə, Allah-təala onun ruzisinin bərəkətini çəkər, onun qazancının yolunu bağlayar və onu öz ixtiyarına buraxar».
Məsələ 2064: Yuyulması mümkün olan, nəcis olmuş pak bir şeyi satmağın eybi yoxdur. Yuyulması mümkün olmasa da eybi yoxdur. Bəzi yağlar kimi ki, halal mənfəəti ilə tanınmışdır, istifadə etməsi pak olmasına bağlı olmasa da, hətta pak olmasına bağlı olsa da, əgər halal mənfəətə etina olunsa, yenə də satmaq caizdir.
Məsələ 2065: Əgər bir kəs nəcis bir şeyi satmaq istəsə, gərək onun nəcis olduğunu alıcıya desin. Əgər deməsə, alıcı lazımi təklifə müxalif olan qərar ala bilər, məsələn; nəcis suyu, dəstəmaz və qüsl almaqda işlədər, onunla vacib namazını qılar və ya ondan (nəcis şeydən) yemək və içməkdə istifadə edər. Amma əgər müştəri nəcasat və paklığa riayət etməyən laqeyd bir şəxs olur və ona deməsinin bir faydası olmadığını bilirsə, ona bildirməsi lazım deyildir.
Məsələ 2066: İçməli və içməli olmayan nəcis dərmanları alıb-satmağın caiz olduğuna baxmayaraq, onun nəcasat olduğunu əvvəlki məsələdə verildiyi kimi, gərək müştəriyə desinlər.
Məsələ 2067: Qeyri-İslami ölkələrdən gətirilən yağların nəcis olduğu müəyyən olmazsa, alınıb-satılmaların eybi yoxdur. Amma kafirin əlindən alınan və ya qeyri-İslami ölkələrdən gətirilən heyvanın ölməsindən sonra alınan yağın, şəri-üsullara görə kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilərsə, alqı-satqısı caiz və pakdır. Amma yeyilməsi haramdır və 2065-ci məsələdə deyildiyi kimi, onun halını müştəriyə bildirmədiyi təqdirdə, onun zəruri olan bir hökmə müxalifət etməsi ehtimalı vardırsa, satıcı vəziyyəti ona söyləməlidir.
Məsələ 2068: Şəriətdə təyin edilən göstərişə görə kəsilməyən və ya özü ölmüş olan tülkü və buna bənzər heyvanın dərisinin alqı-satqısı ehtiyata əsasən caiz deyildir.
Məsələ 2069: Qeyri-İslami ölkələrdən gətirilən və ya kafirin əlindən alınan dərinin, şəri göstərişə görə kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilirsə, onun alqı-satqısı caizdir. Həmçinin daha güclü göstərişə əsasən onda namaz qılmaq da səhihdir.
Məsələ 2070: İnsan, müsəlman bir şəxsdən aldığı heyvanın ölməsindən sonra ondan əldə etdiyi yağ və ya dərinin, o müsəlmanın onun şəri göstərişə görə kəsilmiş olan heyvana aid olub-olmadığını araşdırmadan bir kafirdən aldığını bilirsə, hərçənd onun alqı-satqısı caiz olsa da, o yağı yemək caiz deyildir.
Məsələ 2071: Məstedici içkilərin müamiləsi haram və batildir.
Məsələ 2072: Qəsbi malı satmaq batildir və satıcı gərək alıcıdan aldığı pulu ona qaytarsın.
Məsələ 2073: Əgər alıcı ciddi müamilə etmək qəsdi olduğu halda, aldığı şeyin pulunu verməmək niyyətində olarsa, onun bu niyyəti müamilənin səhih olmasına bir zərər yetirməz və o şeyin pulunu satıcıya verməsi gərəkdir.
Məsələ 2074: Əgər alıcı zimmə ilə aldığı malın pulunu sonradan haram maldan vermək istəsə, müamilə səhihdir. Amma borclu borcunu halal maldan verməlidir ki, borcu ödənmiş olsun.
Məsələ 2075: Haram əyləncə alətlərinin alış-satışı, məsələn; tar, saz caiz deyil və ehtiyata əsasən uşaq oyuncaqları olan kiçik sazların da hökmü bu cürdür. Amma müştərək alətlər, məsələn; radio, maqnitofon kimi əşyaların haramda işlədilməsinə qəsdi olmasa alıb-satmağın maneəsi yoxdur.
Məsələ 2076: Əgər halal istifadəsi mümkün olan bir şeyi haramda işlətmək qəsdi ilə satsa, onun müamiləsi haramdır, hətta ehtiyata görə batildir. Amma bu qəsd ilə satmasa, ancaq bilsə ki, müştəri üzümdən şərab düzəldəcək, zahir budur ki, müamilənin eybi yoxdur.
Məsələ 2077: Canlıların heykəlini düzəltmək ehtiyata əsasən, mütləqən haramdır, amma alıb-satmağın maneəsi yoxdur, baxmayaraq ki, ehtiyat onu tərk etməkdir və canlıların şəklini çəkmək əqvaya əsasən caizdir.
Məsələ 2078: Qumardan, oğurluqdan ya batil müamilədən hazırlanmış şeyi almaq haramdır və bir kəs onu alar və satandan götürsə, gərək onu əsl sahibinə qaytarsın.
Məsələ 2079: Piy yağı ilə qarışdırılmış bir yağı satan şəxs, əgər onu müəyyən edərsə, məsələn; «bu 1 kq yağı satıram» deyərsə, onda olan piy yağı ona yağ deyilməyəcək qədər çoxdursa, müamilə batildir və əgər onda olan piy yağı, ona piy yağı ilə qarışdırılmış yağ deyiləcək qədər azdırsa, müamilə səhihdir. Amma müştəri, nöqsanlığa görə müamiləni ləğv etmə haqqına sahibdir və öz pulunu geri ala bilər. Amma əgər yağ piydən ayrılsa, yağın tərkibindəki piyin miqdarı ilə müamilə batil olur və satıcı o piy üçün aldığı pul müştərinin malı və piy satıcının malıdır və müştəri onun tərkibində olan xalis yağın müamiləsini də poza bilər. Əgər onu müəyyən edə bilməsə, hətta zimməsində olan bir batman yağı satsa, sonra piy ilə qarışmış yağı versə, müştəri o yağı geri qaytarıb və xalis yağı tələb edə bilər.
Məsələ 2080: Əgər malın bir miqdarını, çəki ya peymanə ilə satsalar, həmin maldan daha çox miqdarına satarsa, məsələn; bir batman buğdanı bir batman yarım buğdaya satsa, riba və haramdır. Hətta əgər iki maldan biri salim, o biri eybli, ya malın bir yaxşı, o biri pis olsa, ya qiymətdə bir-biri ilə fərqli olsalar, belə ki, verdiyi miqdardan çox olsa, yenə də riba və haramdır. Əgər sınıq olmayan misi verib və ondan çox sınıq mis alsa, ya uzun düyünü verib, ondan çox yumru düyü alsa, ya düzəlmiş qızılı verib, ondan çox düzəlməmiş qızıl alsa, riba və haramdır.
Məsələ 2081: Əgər öz malından olmayan bir şeyi izafə edib satsa, məsələn; bir batman buğdanı, bir batman buğdaya və bir qəpik pula satsa, yenə də riba və haramdır. Hətta artıq bir şey almasa, amma şərt etsə ki, alıcı onun üçün bir iş görsün, riba və haramdır.
Məsələ 2082: Əgər miqdarı az verən şəxs bir şey əlavə etsə, məsələn; bir batman buğda və bir dəsmalı bir batman yarım buğdaya satsa, eybi yoxdur. Belə ki, onların qəsdi o olsa, dəsmal o çox miqdarın müqabilində olsun və həm də müamilə nağd olsun. Həmçinin hər iki tərəfdən bir şey artırsalar, məsələn; bir batman buğdanı və bir dəsmalı bir batman yarım buğdaya və bir dəsmala satsa, belə ki, qəsdləri o ola ki, birinci tərəfdə dəsmal və yarım batman buğda, ikinci tərəfdəki dəsmalın müqabilində olsa, eybi yoxdur.
Məsələ 2083: Parça kimi metrə ilə satılan bir şeyi və ya qaz və ya toyuq yumurtası kimi ədədlə satılan bir şeyi satıb müqabilində daha artıq alarsa, eybi yoxdur. Amma hər ikisi də eyni cinsdən olar və müamilə də müddətlə olarsa, müamilə şübhəlidir. Kağız pulu da satmaq bunun kimidir, məsələn; manatı digər cinsdən olan dinar, ya dollar kimi kağız pula nağd, ya müddətlə satsa, maneəsi yoxdur. Amma əgər istəsə ki, öz malına satsın və çox götürsün, gərək müamilə müddətli olmasın və belə olmadıqda onun doğruluğu mübahisəlidir. Məsələn; 100 manat nağd verib, 110 manat altı aydan sonra alması kimi.
Məsələ 2084: Şəhərlərin çoxunda çəki və peymanə ilə, bəzi şəhərlərdə isə ədəd ilə satılan malların, ədəd ilə müamilə olunan şəhərdə artığına satmağı əqvaya görə caizdir. Həmçinin şəhərlər müxtəlif olarlarsa və belə bir üstünlüyün onlar arasında olmaması, onun hökmü hər şəhərdə onun adətinə uyğun olmasıdır.
Məsələ 2085: Çəki ya peymanə ilə satılan şeylərdə, əgər bir şeyi satarsa və əvəzini bir maldan olmayan şeydən götürsə və müamilə nağd olsa, çox götürməyin eybi yoxdur, amma müamilə müddətli olsa, mübahisəlidir, əgər bir batman düyünü iki batman buğdaya bir aya qədər satsa, o müamilənin doğruluğu mübahisəlidir.
Məsələ 2086: Əgər yetişmiş meyvəni, yetişməmiş meyvə ilə müamilə etsə, çox götürə bilməz. Məşhur görüşə görə, bir şeydən əmələ gələn şeyi satır və əvəzini alırsa, gərək müamilədən artıq çox almasın, məsələn; əgər bir batman inək yağını satsa və əvəzində bir batman yarım inək pendiri alarsa, riba və haramdır. Amma bu hökmün külliyyatı mübahisəlidir.
Məsələ 2087: Arpa və buğda, faiz xüsusunda bir maldan hesab edilir; başqa sözlə bir batman buğda verib əvəzində bir batman iki yüz əlli qram arpa alarsa, riba və haramdır. Həmçinin xırman vaxtı on batman buğda vermək qəsdi ilə on batman arpa satın alarsa, arpanı nağd alıb, buğdanı bir müddət sonra verdiyi üçün çox almış kimi olur və haramdır.
Məsələ 2088: Ata və oğul, qadın və əri bir-birlərindən faiz ala bilərlər. Həmçinin müsəlman bir kimsə İslamın mühafizəsi altında olmayan bir kafirdən faiz ala bilər; amma İslamın mühafizəsi altında olan kafirlə faizli müamilə etmək haramdır. Müamilə tamam olduqdan sonra əgər faiz vermək onun şəriətində caizdirsə, ondan faiz ala bilər.
SATICI VƏ ALICININ ŞƏRTLƏRİ
Məsələ 2089: Satıcı və alıcı üçün bu altı şey şərtdir:
- Həddi-buluğa yetmiş olmalıdırlar.
- Ağıllı olmalıdırlar.
- Səfeh olmamalıdırlar; yəni öz mallarını boş işlərə xərcləməməlidirlər.
- Alış-veriş qəsdləri olmalıdır. Buna görə əgər satıcı zarafatla "öz malımı satdım" — deyirsə, müamilə batildir.
- Bir şəxs onları məcbur etməməlidir.
- Satdıqları və əvəzində verdikləri mala malik olmalıdırlar. Bu şərtlərlə bağlı hökmlər aşağıdakı məsələlərdə izah olunacaqdır.
Məsələ 2090: Özü alış-veriş edən həddi-buluğa çatmamış bir uşaqla edilən müamilə batildir. Lakin müamiləsi həddi-buluğa yetməmiş ağlı kəsən uşaqlar ilə normal olan qiyməti az bir şeyin müamiləsini etməyin eybi yoxdur. Amma əgər uşağın vəlisi ilə müamilə edilir və həddi-buluğa yetməmiş ağlı kəsən uşaq sadəcə olaraq müamilənin əqdini oxuyursa, bütün hallarda müamilə səhihdir; hətta əgər satılan mal və ya pul başqasının olsa və o uşaq yalnız sahibinin vəkili olaraq o malı satar və ya o pulla bir şey alarsa, zahir budur ki, ağlı kəsən uşaq istifadə etməkdə müstəqil belə olsa, müamilə səhihdir. Həmçinin əgər uşaq pulu satıcıya verib, malı alıcıya çatdırmaqda və ya malı alıcıya verib, pulu satıcıya çatdırmaqda yalnız bir vasitəçi olsa, uşaq ağlı kəsən belə olmasa, müamilə səhihdir. Çünki, həqiqətdə iki baliğ şəxs bir-birilə müamilə etmişlər.
Məsələ 2091: Baliğ olmayan bir uşaqdan (onunla müamilənin səhih olmadığı təqdirdə) bir şey satın alır və ya ona bir şey satarsa, o uşaqdan aldığı malı və ya pulu, o uşağın öz malıdırsa, onun vəlisinə verməlidir. Ayrısının malıdırsa, ya o malı sahibinə verməli, ya da onu razı salmalıdır. Əgər onun sahibini tanımır və ya onu tanımaq üçün bir imkanı da olmazsa, uşaqdan aldığı şeyi sahibi tərəfindən məzəlim haqqı olaraq fəqirlərə verməlidir. Lazım ehtiyata görə bu işi görmək üçün şəri hakimdən icazə alması da lazımdır.
Məsələ 2092: Bir şəxs ağlı kəsən uşaqla (onunla müamilənin səhih olduğu təqdirdə) müamilə edər və uşağa verdiyi mal və ya pul zay olarsa, zahir budur ki, o uşağın həddi-buluğa yetişməsindən sonra onun özündən və ya vəlisindən tələb edə bilər. Amma əgər uşaq ağlı kəsən olmazsa, bir şey tələb etmə haqqı yoxdur.
Məsələ 2093: Alıcı və ya satıcının bir müamiləyə məcbur edildiyi zaman əgər müamilədən sonra müamiləyə razı olar və razı olduğunu söylərsə, müamilə səhihdir; amma müamilə əqdini yenidən oxumaları müstəhəbb ehtiyatdır.
Məsələ 2094: Bir şəxs başqa birinin malını sahibinin icazəsi olmadan satarsa, mal sahibi onun satmasına razı olmayıb və icazə verməzsə, müamilə batildir.
Məsələ 2095: Uşağın atası və babası və həmçinin atanın və ya babanın uşağın işləri ilə bağlı təyin etdiyi vəlisi uşağın malını sata bilər. Adil olan müctəhid də zərurət meydana çıxdıqda dəlinin ya yetim uşağın və ya qaib olan bir şəxsin malını sata bilər.
Məsələ 2096: Bir şəxs bir malı qəsb edərək satarsa və müamilədən sonra mal sahibi müamiləni imzalarsa, müamilə səhihdir; qəsb edən kimsənin müştəriyə verdiyi şey və onun mənfəətləri, müamilə etdiyi andan etibarən müştərinin malı, müştərinin də verdiyi şey və onun mənfəətləri müamilə anından etibarən malı qəsb edilən şəxsin malı olur.
Məsələ 2097: Bir şəxs qəsb etdiyi malı, pulu özünün olmaq qəsdilə satarsa, mal sahibi bu müamiləni imzalarsa, müamilə səhihdir; amma pul qəsb edilən deyil, mal sahibinin olar.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri