Məsələ 1933: Zəkat səkkiz yerdə xərclənir;
- Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Sənəti, mülkü və ya sərmayəsi olub, onlarla bir illik xərcini ödəyən şəxs fəqir deyildir.
- Miskin; fəqirdən daha çətin bir halda olan fəqirə deyilir.
- İmamın ya onun naibi tərəfindən zəkatları toplamaq, qorumaq, toplananların hesabını aparmaq və onları İmama (ə.s), naibinə və ya fəqirlərə yetişdirməklə məmur edilmiş şəxs.
- Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (s.ə.v.) gətirdiyi şəriətin bəzisinə imkanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud Həzrət Əmirəl-Möminin Əli (ə.s.) vilayətinə inamı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
- Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
- Borcunu verə bilməyən borcludan ötrü.
- Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası müsəlmanların hamısına aid olan işlərdə xərcləmək.
- İbni-səbil; yəni səfərdə çətinliyə düşmüş müsafir. Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma əqvaya əsasən, mal sahibi zəkatı İmamın (ə.s) və ya nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Lazım ehtiyata əsasən 7-ci yerə də eyni hökmü daşıyır. Bu yerlərə aid hökmlər qarşıdakı məsələlərdə deyiləcək.
Məsələ 1934: Vacib ehtiyat odur ki, fəqir və miskin özünün və əyalının illik xərclərindən çox zəkat almasın. Əgər bir miqdar pulu və malı olsa, yalnız bir illik xərcinin miqdarına yetişmədiyi qədəri zəkat alsın.
Məsələ 1935: İllik xərci olan şəxs, əgər ondan bir miqdarını xərcləyib, qaldığı miqdarın il xərclərinə çatası olub-olmamasına şəkk etsə, zəkat ala bilməz.
Məsələ 1936: Gəliri illik xərclərindən az olan sənətkar, malik və ya tacir xərclərinin çatışmaması üçün zəkat ala bilər və iş alətlərini ya mülk və ya sərmayəsini xərclərinə sərf etməsi lazım deyil.
Məsələ 1937: Özünün və ailə fərdlərinin məsrəflərinə sahib olmayan bir fəqirin, əgər içərisində oturduğu bir evi və ya bir minik vasitəsi olarsa, belə ki, onlarsız yaşaya bilməzsə, abrını qorumaqdan ötrü olsa da zəkat ala bilər və ev əşyaları qab, qış və yay paltarı və ehtiyacı olduğu şeylər də bu kimidir. Bunlara sahib olmayan fəqir, bunlara ehtiyacı olmuş olsa, bu şeyləri zəkatla ala bilər.
Məsələ 1938: Sənət öyrənməsi çətin olmayan bir fəqir, vacib ehtiyata əsasən, zəkat almaqla yaşaya bilməz. Lakin sənət öyrənməklə məşğul olduğu müddətdə zəkat ala bilər.
Məsələ 1939: Əvvəli fəqir olmuş, indi «fəqirəm» deyən şəxsə, insana onun sözündən xatircəmlik gəlməsə də, zəkat verə bilər. Amma ehtiyata əsasən, əvvəldən fəqir olub-olmadığı bir şəxsə məlum olmasa, fəqir olduğu xatircəm olmayanadək, zəkat verə bilməz.
Məsələ 1940: Əvvəli fəqir olmamış, indi «fəqirəm» deyən şəxsin sözündən xatircəmlik hasil olmasa, vacib ehtiyat odur ki, ona zəkat verilməsin.
Məsələ 1941: Zəkat verən şəxs, əgər bir fəqirdən tələbkardırsa, öz tələbini həmin fəqirdən zəkat əvəzi hesab edə bilər.
Məsələ 1942: Əgər bir fəqir ölsə və onun malı borcuna çatmasa, insan onda olan alacağını zəkat olaraq hesab edə bilər. Hətta, əgər onun malı borcu miqdarında olsa, varisləri onun borcunu verməsələr və ya başqa cəhətə görə insan öz alacağını ala bilməsə, onda olan alacağını zəkat olaraq hesab edə bilər.
Məsələ 1943: İnsanın zəkat ünvanında fəqirə verdiyi bir şeyin zəkat olduğunu ona deməsi lazım deyildir. Lakin əgər fəqir xəcalət çəksə, hətta müstəhəbbdir ki, zəkat ünvanında verdiyi malın zəkat olduğunu deməsin.
Məsələ 1944: Bir şəxsi fəqir hesab edərək, ona zəkat verib, sonra onun fəqir olmadığını anlayarsa və ya şəri-hökmü bilmədiyindən fəqir olmadığını bildiyi bir şəxsə zəkat verərsə, kifayət deyildir. Bu halda əgər verilən şey qalırsa, ondan alıb müstəhəqqə verməlidir. Əgər verilən şey yox olub aradan getmişdirsə, onu alan şəxs, onun zəkat olduğunu bilirdisə, onun əvəzini ondan alıb müstəhəqq olana verə bilər. Amma əgər zəkat olduğunu bilmirdisə, ondan heç bir şey ala bilməz. Öz malından zəkatın əvəzini müstəhəqq olana verməlidir.
Məsələ 1945: Borclu olub, borcunu verə bilməyən şəxs, özünün illik xərclərinin olmasına baxmayaraq, borcunu ödəmək üçün zəkat ala bilər. Lakin o borc aldığı malı gərək günah işlərdə xərc etməmiş olsun.
Məsələ 1946: Borclu olub, borcunu verə bilməyən şəxsə zəkat versə, sonra o borcu, borclu günah işlərdə xərclədiyini bilsə, belə ki, o borclu fəqir olsa, ona verdiyini fəqirlərə verilən qismindən hesab edə bilər.
Məsələ 1947: Borclu olub borcunu ödəyə bilməyən şəxsin fəqir olmasına baxmayaraq insan öz tələbini zəkat əvəzi hesab edə bilər.
Məsələ 1948: Xərci qurtarmış müsafir ya miniyi işdən düşmüş olsa, belə ki, onun səfəri günah iş üçün olmasa və borc almaqla ya bir şeyini satmaqla məqsədə çatmırsa, öz vətənində fəqir olmasına baxmayaraq, zəkat ala bilər. Amma əgər başqa yerdə borc almaqla ya bir şey satmaqla səfər xərcini əldə edə bilirsə, yalnız ora çatmaq miqdarında zəkat ala bilər.
Məsələ 1949: Səfərdə əlacsız qalmış şəxs və zəkat almış müsafir vətənə qayıtdıqdan sonra zəkatdan bir şey artıq qalmış olsa, əgər onu zəkat verən şəxsə qaytarmaq mümkün deyilsə, gərək onu şəri hakimə verib, zəkat almasını da desin.
ZƏKATA MÜSTƏHƏQQ OLANLARIN ŞƏRTLƏRİ
Məsələ 1950: Mal sahibinin zəkatını verə bilən şəxs, gərək on iki imam şiəsi olsun. Əgər insan bir şəxsi, on iki imam şiəsi bilib, ona zəkat versə və sonra da şiə olmadığı məlum olsa, gərək ikinci dəfə zəkat versin.
Məsələ 1951: Əgər şiə olan uşaq ya bir dəli fəqir olsa, insan onun vəlisinə (onu saxlayana) zəkat versin, bu məqsədlə ki, verilmiş zəkat, uşaq və dəlinin mülkü olsun.
Məsələ 1952: Əgər uşağın və dəlinin vəlisinə verməsi mümkün deyilsə, özü və ya əmin bir şəxsin vasitəsi ilə zəkatı, fəqir uşaq və ya dəliyə sərf edə bilər. Zəkatın onlara sərf edildiyi zaman, zəkat niyyəti edilməlidir.
Məsələ 1953: Dilənçilik edən fəqirə zəkat vermək olar. Lakin zəkatı günah işlərdə xərcləyənə zəkat vermək olmaz. Hətta verilən zəkatın özünü günah işdə xərcləməsə də, zəkat verilməsi günah işlətməyə rəğbətləndirərsə, ehtiyata əsasən həmin şəxsə zəkat vermək olmaz.
Məsələ 1954: Şərab içən ya namaz qılmayan və həmçinin aşkarda böyük günah edən şəxsə, vacib ehtiyat odur ki, zəkat verilməsin.
Məsələ 1955: Borclu olub borcunu verə bilməyən şəxsə, onun xərcləri insana vacib olsa da, onun borcunu zəkatdan verə bilər.
Məsələ 1956: İnsan, xərcləri vacib olan övlad kimi şəxslərin xərclərini zəkatdan verə bilməz. Lakin əgər xərclərini verməsə, başqaları onlara zəkat verə bilər.
Məsələ 1957: Əgər insan öz oğlunun qadınına, nökərinə və külfətinə xərcləmək üçün zəkat versə, eybi yoxdur.
Məsələ 1958: Ata, zəkatı Allah yolunda olan qismindən oğlunun möhtac olduğu elmi və dini kitabları alaraq ona verə bilməz. Amma əgər ümumi məsləhət buna gərəkdirsə və ehtiyata əsasən şəri hakimdən icazə alsa, o halda bunu edə bilər.
Məsələ 1959: Oğlunu evləndirməyə qüvvəsi olmayan bir ata zəkatla oğlunu evləndirə bilər, həmçinin ataya nisbət oğul da belədir.
Məsələ 1960: Xərci əri tərəfindən verilən və əri, xərclərini verməyən qadına zəkat verilməz, hərçənd onun xərclərini verməyə məcbur etmək üçün şəri hakimə müraciət edə bilər.
Məsələ 1961: Siğə olunmuş bir qadın, fəqir olarsa, əri və başqaları ona zəkat verə bilər. Lakin əri əqdlə bərabər onun xərclərini verməyə şərt edərsə ya başqa cəhətdən onun xərcləri ərinə vacib olsa, əri onun xərclərini verdiyi təqdirdə, ona zəkat verilməz.
Məsələ 1962: Qadın öz fəqir ərinə, hərçənd, ər zəkatı o qadının xərclərinə sərf etmiş olsa da, zəkat verə bilər.
Məsələ 1963: Seyid, seyid olmayandan zəkat ala bilməz. Lakin əgər xüms və sair vücuhat xərclərinə kifayət etməsə və zəkat almağa məcbur olsa, seyid olmayandan zəkat ala bilər.
Məsələ 1964: Seyid olub-olmadığı məlum olmayan şəxsə zəkat vermək olar.
ZƏKATIN NİYYƏTİ
Məsələ 1965: İnsan, zəkatı qürbət qəsdi ilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək məqsədi ilə verməli və niyyətində verdiyi şeyin mal zəkatı və ya fitr zəkatı olduğunu müəyyən etməlidir. Əgər məsələn; buğda və arpanın zəkatı ona vacib olarsa, gərək verdiyi pulun qiyməti arpa və ya buğda zəkatının olduğunu müəyyən etsin.
Məsələ 1966: Bir neçə malın zəkatı ona vacib olan şəxs, əgər bir miqdar zəkat verib, onların heç birisi üçün niyyət etməsə, əgər verdiyi şey onlardan birinin cinsindən olarsa, o cinsin zəkatı sayılır. Məsələn; 40 qoyun və 15 misqal qızılın zəkatı ona vacib olan şəxs, zəkat olaraq bir qoyun verib, onlardan heç birisinə niyyət etməzsə, qoyunların zəkatı hesab olunur. Amma əgər onların heç birinin cinsindən olmayan bir miqdar gümüş və ya əskinaz pul verərsə, alimlərdən bəzisi onun, onların hamısına bölündüyünü demişlər. Lakin bu hökm işkalsız deyildir. Onun heç birisinə hesab olmayıb, mal sahibinin mülkiyyətində qalmağı ehtimalı da vardır.
Məsələ 1967: Əgər zəkat vermək üçün birini vəkil etsə, zəkatı o vəkilə verən vaxt gərək niyyət etsin ki, vəkilin sonradan fəqirə verdiyi şey zəkat olsun. Əhvət budur ki, onun niyyəti zəkatın fəqirə yetişən zamanına qədər davam etsin.
Məsələ 1968: Əgər bir malı zəkat niyyətlə, qürbət məqsədi olmayıb şəri hakimə və ya fəqirə verərsə, əqvaya əsasən zəkat hesab olunur. Hərçənd ki, qürbət qəsdi etməsə, günah etmişdir.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri