Məsələ 1469: İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər «hazırkı imama iqtida edirəm» deyə niyyət edərsə, namazı səhihdir.
Məsələ 1470: Məmum gərək Həmd və surədən başqa namazın bütün şeylərini özü oxusun. Amma əgər məmumun birinci ya ikinci rükəti, imamın üçüncü və ya dördüncü rükəti olursa, gərək Həmd və surəni oxusun.
Məsələ 1471: Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.
Məsələ 1472: Əgər məmum imamın Həmd və surəsinin bəzi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.
Məsələ 1473: Məmum səhvən Həmd və surəni oxuyursa və ya eşitdiyi səsin imamın səsi olmadığını zənn edərək Həmd və surə oxuyur və sonradan eşitdiyi səsin imama aid olduğunu anlayırsa, namazı səhihdir.
Məsələ 1474: İmamın səsini eşidib-eşitmədiyinə və ya səsin imamın səsi olub-olmadığına şübhə edən bir məmum Həmd və surəni oxuya bilər.
Məsələ 1475: Məmum zöhr və əsr namazının birinci və ikinci rükətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbbdir ki, onun yerinə zikr desin.
Məsələ 1476: Məmum təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat vacib odur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.
Məsələ 1477: Əgər məmum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.
Məsələ 1478: Məmumun təkbirətul-ehramdan başqa, digər şeyləri imamdan qabaq söyləməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt söylədiyini bilərsə, imamdan qabaq söyləməməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 1479: Məmum gərək namazda oxunan şeylərdən başqa işləri, məsələn; rüku və səcdələri imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq ya bir müddət imamdan sonra yerinə yetirsə, onun camaat namazı batil olur, amma münfərid vəzifəsinə əməl etsə, namazı səhihdir.
Məsələ 1480: Əgər məmum səhvən imamdan qabaq başını rükudan qaldırarsa, bu zaman imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər başını qaldırmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Amma əgər rükuya qayıda və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.
Məsələ 1481: Əgər səhvən başını qaldırar və hələ də imamın səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş verirsə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.
Məsələ 1482: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu anlaşdırsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.
Məsələ 1483: Səhvən rüku və ya səcdədən başını qaldırır və səhvən və ya imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı səhihdir.
Məsələ 1484: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görər və imamın birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedər və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.
Məsələ 1485: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıran zaman, imamın qiraətinin bir miqdarına çatmaq niyyətində olsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa namazı batildir.
Məsələ 1486: Əgər məmum imamdan əvvəl səhvən rükuya gedərsə, belə ki, əgər qalxıb qiyam halına qayıtdığı təqdirdə imamın qiraətinə yetişməyəcəksə, rükunun zikrini deməlidir. Lakin əgər imamla birlikdə namaz qılmaq məqsədi ilə qalxsa və imamla birlikdə rükuya getsə, onun camaat namazına qoşulması və eləcə də namazı səhihdir. Əgər qəsdən rükudan qalxıb imama qoşulmasa, namazının camaat namazı hesab olunması sual altındadır (namazı düzdür, amma fərdi olur).
Məsələ 1487: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə və əgər imamla namaz qılmaq məqsədi ilə başını qaldırıb imamla səcdəyə getsə, camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, namazı səhihdir və fərdi olur.
Məsələ 1488: Əgər imam qunut olmayan rükətdə qunut oxusa ya təşəhhüd olmayan rükətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, məmum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz ya imamdan qabaq ayağa dura bilməz. Hətta imamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.
CAMAAT NAMAZINDA İMAM VƏ MƏMUMUN VƏZİFƏSİ
Məsələ 1489: Məmum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın ya bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbbdir.
Məsələ 1490: Əgər imam və məmum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamı bir sırada dayansın və imam o birilərindən qabaq dayanmasın.
Məsələ 1491: Müstəhəbbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.
Məsələ 1492: Camaat səflərinin düzgün olması (yəni nizam-intizamlı olması) hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbbdir.
Məsələ 1493: Müstəhəbbdir ki, məmumlar «Qəd-qamətissəlat» deyəndən sonra ayağa qalxsınlar.
Məsələ 1494: İmamın, halı zəif olan məmumları nəzərə alaraq, qunut, rüku və səcdələri uzatmaması müstəhəbbdir. Amma məmumların, imamın rüku və səcdələri uzatmasına meylləri olarsa, bu hal istisnadır.
Məsələ 1495: İmamın oxuduğu Həmd, surə və zikrlərdə səsini digərlərinin eşidə biləcəyi şəkildə yüksəltməsi müstəhəbbdir. Amma həddindən artıq yüksəltməməlidir.
Məsələ 1496: İmam rükuda ikən bir şəxsin gəlib, ona iqtida etmək istədiyini anlayarsa, bu zaman rükunu ikiqat uzatması və ondan sonra, iqtida etmək üçün başqalarının gəldiyini başa düşsə belə, qalxması müstəhəbbdir.
CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 1497: Əgər camaatın sırasında yer varsa, bir şəxsin tənha namaz qılması məkruhdur.
Məsələ 1498: Məmumun namazın zikrlərini imamın eşidəcəyi tərzdə deməsi məkruhdur.
Məsələ 1499: Zöhr, əsr və xiftən namazlarını iki rükət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri