Məsələ 576: Müsəlman meyiti fitə, köynək, sərtasər deyilən üç parçaya bükülməlidir.
Məsələ 577: Fitə ehtiyata əsasən göbəkdən dizə qədər örtülməlidir. Daha yaxşı odur ki, sinədən ayağın üzünə qədər yetişsin. Köynək gərək ehtiyata əsasən çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşı odur ki, ayağın üzünə yetişsin. Sərtasərin isə, bütün bədəni örtəcək qədər olması lazımdır. Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri tərəfinin üstünə gələcək qədər olması ehtiyata əsasəndir.
Məsələ 578: Fitənin, göbəkdən dizə qədər örtən miqdarı ilə, köynəyin çiyindən baldırın yarısına qədər örtən miqdarın kəfənin vacib olan miqdarıdır. Əvvəlki məsələdə deyilən, bundan artıq miqdarı isə, kəfənin müstəhəbb olan miqdarıdır.
Məsələ 579: Əvvəlki məsələdə deyilən kəfənin vacib miqdarı meyitin malının əslindən götürülür. Zahir budur ki, kəfənin müstəhəbb miqdarını məlum və adi qaydada meyitin şəninə görə kəfənin normal olan müstəhəbb miqdarı da meyitin malının əslindən götürülə bilər. Amma kəfənin vacib miqdarından artığını, baliğ olmayan mirasçının payından almamaq ehtiyat müstəhəbbdir.
Məsələ 580: Bir şəxs əvvəlki məsələdə deyilən kəfənin müstəhəbb olan miqdarını, onun malının üçdə birindən götürmələrini vəsiyyət edərsə və ya malının üçdə birini onun özünə xərcləməyi vəsiyyət etmiş olur, lakin onun haraya sərf ediləcəyini təyin etməmiş olursa, yaxud onun sərf ediləcəyi yerin yalnız bir miqdarını təyin etmiş olursa, kəfənin müstəhəbb olan miqdarını onun malının üçdə birindən çıxa bilərlər.
Məsələ 581: Əgər meyit, kəfəni malının üçdə birindən çıxılacağını vəsiyyət etmişdirsə və kəfəni onun malının əslindən almaq istəsələr, gərək 579-cu məsələdə söyləniləndən artığını, meyitin layiq olmadığı, xalq arasında məlum olmayan müstəhəbb şeyləri onun malının əslindən almasınlar. Əgər normaldan daha bahalı bir şeyi kəfən üçün götürürlərsə, onun artıq qiymətini malın əslindən verə bilməzlər, amma vərəsələrdən baliğ olanlar öz hissələrindən alınmasına izn verirlərsə, onların verdikləri izn miqdarında onların hissəsindən ala bilər.
Məsələ 582: Qadının özünün malı olsa da, kəfəni ərin boynundadır. Əgər qadına (talaq ehkamında izah olunacağı kimi) rici-talaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, əri onun kəfənini verməlidir. Əgər əri baliğ olmasa və ya dəli olarsa, ərinin vəlisi qadının kəfənini onun malından verməlidir.
Məsələ 583: Meyit sağ ikən nəfəqəsini təmin etmək qohumlarının üzərinə vacib olan şəxslərdən olsa belə, öldükdən sonra kəfənini təmin etmək onlara vacib deyildir.
Məsələ 584: Ehtiyata əsasən, kəfən üçün istifadə olunan parça, meyitin bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. Amma hər üçünü birləşdirdikdə, meyitin bədəni onların altından görünməyəcək şəkildə olarsa, bunun kifayət etməsi daha güclü bir görüşdür.
Məsələ 585: Qəsbi şeylə kəfən etmək, başqa şey tapılmasa da caiz deyil. Əgər meyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, gərək onu dəfn etmiş olsalar da, bədənindən çıxartsınlar. Bəzi geniş kitablarda izah olunan məqamlar istisnadır.
Məsələ 586: Nəcisli şeylə, xalis ipək parça ilə və ehtiyata əsasən qızıl ilə toxunmuş parça ilə meyiti kəfən etmək caiz deyil, amma çarəsiz halda eybi yoxdur.
Məsələ 587: İxtiyar halında murdar nəcisin dərisi ilə kəfən etmək caiz deyil. Hətta pak murdarın dərisi ilə və həmçinin əti haram olan heyvanın tük ya yunundan hazırlanmış parça ilə ehtiyata əsasən ixtiyar halında caiz deyil. Amma əgər kəfən, əti halal olan heyvanın dəri, yun ya tükündən olsa, eybi yoxdur. Müstəhəbb ehtiyat odur ki, bu ikisi ilə də kəfən etməsin.
Məsələ 588: Əgər meyitin kəfəni öz nəcasəti və ya başqa bir nəcasətlə nəcis olarsa, belə ki, kəfən xarab olmasa, qəbirə qoyulduqdan sonra olsa belə, nəcis olan miqdarı yuyulmalı və ya kəsilməlidir. Əgər onu yumaq və ya kəsmək mümkün deyilsə, dəyişdirilməsi mümkün olduğu təqdirdə dəyişdirilməlidir.
Məsələ 589: Həcc yaxud ümrə üçün ehram bağlayan şəxs ölsə, gərək başqaları kimi kəfən olunsun, başını və üzünü örtməyin eybi yoxdur.
Məsələ 590: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu hazırlaması müstəhəbbdir.
HƏNUTUN HÖKMLƏRİ
Məsələ 591: Qüsldən sonra meyitin hənut olunması vacibdir; yəni alnına, əllərinin içinə, dizlərinə və ya ayaq baş barmaqlarının ucuna, bir qədər onların üzərində qalacaq şəkildə, kafur sürtülməlidir. Amma kafurun o yerlərə sürtülərək vurulması da şərt deyildir. Meyitin burnunun ucuna da kafur sürtmək müstəhəbbdir. Kafurun təzə və əzilmiş olması gərəkdir. Əgər köhnə olduğuna görə qoxusu aradan getmiş olursa, kifayət deyildir.
Məsələ 592: Ehtiyat müstəhəbb odur ki, kafuru ilk olaraq meyitin alnına sürtsünlər, amma başqa yerlərdə tərtib mötəbər deyildir.
Məsələ 593: Daha yaxşı odur ki, meyiti kəfənə bükməzdən əvvəl hənut etsinlər. Əgər, kəfənə bükən vaxtda və ondan sonra da olsa, maneəsi yoxdur.
Məsələ 594: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hənut etmək caiz deyildir. 559-cu məsələdə izah olunan hallar istisnadır.
Məsələ 595: Əri ölən iddəsi tamam olmayan qadının özünü ətirli etməsi haram olsa da, öldüyü zaman onun hənutu vacibdir.
Məsələ 596: Ehtiyat müstəhəbb odur ki, meyitə müşk, ənbər, ud və sair xoş ətirlər vurmasınlar. Bunları kafurla da qarışdırmasınlar.
Məsələ 597: Kafura bir miqdar həzrəti-seyyidüş-şühəda türbətindən qarışdırmaq müstəhəbbdir. Amma türbətlə qarışdırılmış bu kafur ehtiramsızlıq olan yerlərə sürtülməməlidir. Türbət kafurla qarışdırıldıqda «artıq bu kafur deyildir» deyiləcək qədər çox olmamalıdır.
Məsələ 598: Əgər kafur tapılmasa və ya ancaq qüsl ölçüsündə olsa, hənut lazım deyildir. Belə ki, qüsldən artıq qalsa, amma yeddi üzvün hamısına yetişməsə, ehtiyat müstəhəbbə əsasən, gərək əvvəl alına və əgər artıq qalsa, başqa yerlərə sürtsünlər.
Məsələ 599: İkinci ədəd yaş və təzə çubuğu meyitlə birlikdə qəbirə qoymaq müstəhəbbdir.