Meyitin qüslü

Meyitin qüslü

Məsələ 548: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imamlı olmasa da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli ya da bir başqasını ona məmur etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyitin vəlisi olmasa yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər, bəziləri yerinə yetirsələr, başqalarının boynundan düşür və belə ki, heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyitin vəlisi imtina edən surətdə onun icazəsi mötəbər deyil.
Məsələ 549: Əgər bir şəxs meyitin işləri ilə məşğul olsa, başqasına bu işlə məşğul olmaq vacib deyildir. Amma əgər o əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər.
Məsələ 550: Əgər insan, başqa birisinin meyitin işləri ilə məşğul olduğuna əmindirsə, meyitin işləri ilə məşğul olması ona vacib deyildir. Amma əgər şəkk və ya zənn edərsə, məşğul olmalıdır.
Məsələ 551: Bir şəxs meyitin qüsl, kəfən, namaz və ya dəfninin batil yerinə yetirildiyini bilərsə, yenidən yerinə yetirməlidir. Amma əgər batil olduğunu zənn edərsə və ya düzgün olub-olmadığından şəkk edərsə, məşğul olması lazım deyildir.
Məsələ 552: Qadının vəlisi onun əridir. Qadından qeyri-meyitlərdə isə, miras təbəqələrində deyildiyi kimi, meyitdən miras alan kişilər, aralarındakı tərtibə əsasən, başqalarından qabaqdırlar. Meyitin atasının meyitin oğlundan, meyitin babasının qardaşından, meyitlə atabir-anabir qardaş olanın yalnız ata və ana tərəfdən olan qardaşından yalnız ata tərəfdən olan qardaşının ana tərəfdən olan qardaşından və əmisinin meyitin dayısından irəli olduğu mübahisəlidir. Başqa sözlə, belə hallarda ehtiyata əməl olunmalıdır.
Məsələ 553: Həddi-buluğa çatmamış uşaq və dəli, meyitin işlərini görmək xüsusunda vəli deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri meyitin işlərini görməyə təyin edə bilməyən qaib bir şəxsin vilayət haqqı yoxdur.
Məsələ 554: Əgər bir şəxs «mən meyitin vəlisiyəm» və ya «meyitin vəlisi mənə, meyitin qüsl, kəfən və dəfnini etmək üçün izn vermişdir» və ya «meyitin təchizi xüsusunda mən onun vəlisiyəm» deyərsə, əgər ona xatircəmlik hasil olarsa ya meyit onun ixtiyarında olsa və yaxud da iki adil şəxs onun dediyi sözə şəhadət verərlərsə, onun sözü qəbul edilməlidir.
Məsələ 555: Əgər meyit qüsl, kəfən, dəfn və namazı üçün vəlisindən qeyrisini təyin edərsə, bu işləri yerinə yetirmənin vilayəti ona aiddir. Meyitin bu işləri yerinə yetirməsinə vəsiyyət etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım deyildir. Əgər qəbul edərsə, gərək ona əməl etsin.

MEYİT QÜSLÜNÜN QAYDASI
Məsələ 556: Meyitə üç qüsl vermək vacibdir:
1. Sidr ilə qarışmış su ilə
2. Kafur ilə qarışmış su ilə
3. Xalis su ilə.
Məsələ 557: Sidr və kafur, suyu muzaf hala yetirəcək qədər çox, «sidr və kafur su ilə qarışdırılmadır» deyiləcək qədər də az olmamalıdır.
Məsələ 558: Əgər lazımi miqdarda sidr və kafur tapılmasa, ələ keçirilən miqdarda suya qarışdırılması müstəhəbb ehtiyatdır.
Məsələ 559: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməyib, onun əvəzində xalis su ilə qüsl verilməlidir. Amma onun ehramı həcci-təməttö ehramıdırsa, təvaf, namaz və səyi tamamlanmış olur ya da qiran və ya ifrad həcci ehramında olur və həlq (başın tükünü qırxmaq) etmiş olursa, bu iki halda ona kafurlu su ilə qüsl verilməsi lazımdır.
Məsələ 560: Əgər sidr və kafur ya bunlardan biri tapılmasa ya onun istifadəsi caiz olmasa, məsələn, qəsbi olarsa, gərək ehtiyata əsasən, mümkün olmayanın yerinə meyitə xalis su ilə qüsl verdikdən sonra təyəmmüm də etdirməlidirlər.
Məsələ 561: Meyitə qüsl verən aqil, müsəlman və məşhur görüşə əsasən on iki imam şiəsi olmalı və həmçinin qüsl hökmlərini də bilməlidir. Zahir odur ki, əgər müməyyiz uşaq qüslü səhih yerinə yetirsə, kifayət edər. Belə ki, isna-əşəridən (1. İsna-əşəri — yəni şiə məzhəb) başqa müsəlman meyitə öz həmməzhəbi, məzhəbinin qaydası üzrə qüsl versə, isna-əşəri mömindən təklif saqitdir. Amma əgər meyitin vəlisi şiə olsa, təklif ondan saqit olmur.
Məsələ 562: Meyitə qüsl verən şəxsin qürbət qəsdi olmalı, yəni qüslü Allah-təalanın əmrini yerinə yetirmək məqsədilə verməlidir.
Məsələ 563: Müsəlman uşağına qüsl vermək, zinadan doğulmuş olsa belə, vacibdir. Kafirin və övladının qüsl, kəfən və dəfni məşru (məşru — yəni şəriətdə icazə verilən) deyildir. Uşaqlıqdan dəli olub, bu halla baliğ olan şəxsin, əgər İslamın hökmlərinə tabedirsə, qüsl edilməsi lazımdır.
Məsələ 564: Siqt olan (düşən, salınan) uşaq, əgər dörd aylıq və ya daha çox olarsa, qüsl edilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quruluşu tamamlanmış olarsa, ehtiyata əsasən ona qüsl verilməlidir. Bu iki haldan başqa ehtiyata əsasən, onu bir parçaya bükərək, qüsl verilmədən dəfn edilməlidir.
Məsələ 565: Kişi, qadına qüsl verə bilməz və həmçinin qadın da kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə qüsl verə bilər və ər də öz arvadına qüsl verə bilər. Baxmayaraq ki, müstəhəbb ehtiyat odur ki, arvad öz ərinə və ər də öz arvadına ixtiyar halında qüsl verməsin.
Məsələ 566: Kişi müməyyiz olmayan qız uşağına və qadın da müməyyiz olmayan oğlan uşağına qüsl verə bilər.
Məsələ 567: Əgər kişi meyitə, qüsl verməkdən ötrü kişi tapılmasa, ona qohumluq nisbətləri olan məhrəm qadınlar: ana, bacı, bibi, xala və s. kimi ya da süd əmmək vasitəsilə və ya evlənmək yolu ilə ona məhrəm olanlar ona qüsl verə bilərlər. Həmçinin əgər qadın meyitinin qüslünü vermək üçün başqa qadın olmasa, ona qohumluq nisbətləri olan məhrəm kişilər və ya süd əmmək vasitəsilə yaxud izdivac yolu ilə ona məhrəm olanlar, ona qüsl verə bilərlər. Hər iki halda, ehtiyata uyğun olmasına baxmayaraq, qüslün paltar altından verilməsi lazım deyildir, Amma övrət yeri örtülü olmalıdır.
Məsələ 568: Əgər meyit və ona qüsl verən kəs hər ikisi kişi ya hər ikisi qadın olsa meyitin övrətindən başqa digər yerlərinin lüt olması caizdir. Amma daha yaxşı odur ki, libasın altından qüsl verilmiş olsun.
Məsələ 569: Meyitin övrətinə baxmaq haramdır, əgər ona qüsl verən adam baxsa, günah edib, lakin qüsl batil olmaz.
Məsələ 570: Əgər meyitin bədəninin bir yerində eyni-nəcis olursa, qüsl verməzdən əvvəl oranı paklamaq lazımdır. Meyitin bütün bədəninin, qüsl verilməzdən əvvəl nəcasatdan pak olması daha yaxşıdır.
Məsələ 571: Meyit qüslü, cənabət qüslü kimidir. Vacib ehtiyat odur ki, tərtibi qüsl vermək mümkün olduğu qədər, meyitə irtimasi qüsl verilməməlidir. Tərtibi qüsldə də sağ tərəfi sol tərəfdən əvvəl yumalıdırlar. Yenə mümkün olduğu təqdirdə bədənin üç qismini ayrı-ayrı suya salmaq əvəzinə, suyu onun üstünə tökmək ehtiyatən müstəhəbbdir.
Məsələ 572: Heyz ya cənabət halında ölən adama, heyz ya cənabət qüslünü vermək lazım deyil, elə həmin meyit qüslü onun üçün kifayətdir.
Məsələ 573: Meyitə qüsl vermək üçün muzd almaq (əmək haqqı), ehtiyata əsasən, haramdır. Əgər bir kəs muzd almaq üçün meyitə qüsl versə, belə ki, qəsdi-qürbətində ixtilaf olmuş olsa, o qüsl batildir. Amma qüsldən qabaq bəzi hazırlıqlar üçün muzd almaq haram deyildir.
Məsələ 574: Meyit qüslündə cəbirə qüslü məşru deyildir. Əgər su tapılmasa və ya sudan istifadə etməyin zərəri vardırsa, qüsl əvəzinə meyitə bir təyəmmüm verməlidirlər. Amma üç təyəmmüm vermələri müstəhəbb-ehtiyatdır. Bu üç təyəmmümlərin birində mafiz-zimmə qəsdi edilməli, yəni təyəmmüm verən şəxs, bu təyəmmümü "əməl etməli olduğum təklif üçün yerinə yetirirəm" deyə, etməlidir.
Məsələ 575: Meyitə təyəmmüm verən şəxs, öz əlini torpağa vurub, meyitin üzünə və əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, meyitin öz əli ilə ona təyəmmüm verilməlidir.

Top