Məsələ 763: İnsan gərək əsr namazını, zöhr namazından sonra və xiftən namazını şam namazından sonra qılsın. Əgər bilərəkdən əsr namazını zöhrdən qabaq və yaxud xiftən namazını, şam namazından qabaq qılsa, namazı batildir.
Məsələ 764: Əgər zöhr namazı niyyəti ilə namaza başlayar və namaz əsnasında zöhr namazını qıldığını anlayarsa, niyyətini əsr namazına çevirə bilməz. Belə ki, namazını pozub, əsr namazını qılmalıdır. Şam və xiftən namazlarında da hökm eynidir.
Məsələ 765: Əgər şəxs əsr namazında ikən zöhr namazını qılmadığını yəqin edər və niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını qılmış olduğunu xatırlarsa, niyyəti əsr namazına döndərib və əgər namazın bəzi qisimlərini zöhr niyyəti ilə yerinə yetirməyibsə, namazı tamam edə bilər. Yaxud əgər yerinə yetiribsə, onları əsr niyyəti ilə yerinə yetirərək, namazı sona çatdıra bilər. Amma əgər o qisim (zöhr niyyəti ilə yerinə yetirmiş olduğu qisim) rükət olursa, namazı batildir. Yenə əgər rüku və ya bir rükətin iki səcdəsi olursa da, lazım ehtiyata görə namazı batildir.
Məsələ 766: Əsr namazında ikən, zöhr namazım qılıb-qılmadığından şəkk edərsə, o namazı əsr niyyəti ilə tamamlamalı, sonra da zöhr namazını qılmalıdır. Amma əgər vaxt, namazın tamamlamasından sonra günəşin batacağı qədər az olur və bir rükət namaz qıla biləcək miqdarda belə, vaxt qalmazsa, zöhr namazını qəza etməsi lazım deyildir.
Məsələ 767: Xiftən namazında ikən, şam namazını qılıb-qılmadığı barədə şəkk edərsə, xiftən niyyəti ilə namazı tamamlamalı, sonra da şam namazını qılmalıdır. Amma əgər vaxt, namazın tamamlanmasından sonra gecə yarısı olacaq qədər az olur və bir rükət namaz qılacaq miqdarda belə, vaxt qalmazsa, şam namazını qəza etməsi lazım deyil.
Məsələ 768: Əgər xiftən namazında, dördüncü rükətin rükusuna çatdıqdan sonra, şam namazını qılıb-qılmadığı barədə şəkk edərsə, namazını tamamlamalıdır. Əgər sonradan şam namazı üçün vaxt qalırsa, şam namazını da qılmalıdır.
Məsələ 769: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa və namaz arasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılası olduğu namazı qılmamışdır, niyyətini o namaza döndərə bilməz. Məsələn, əgər əsr namazını ehtiyat üzündən qılan vaxt zöhr namazını qılmadığı yadına düşsə, niyyətini zöhr namazına çevirə bilməz.
Məsələ 770: Niyyəti qəza namazından əda namazına və müstəhəbb namazından vacib namazına döndərmək olmaz.
Məsələ 771: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz arasında onun boynunda qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Məsələn; zöhr namazını qılarkən, üçüncü rükətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər.