Məssi-meyit qüslü

Məssi-meyit qüslü

Məsələ 527: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə toxunarsa, yəni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istər ayıqlıqda, istər ixtiyari olsun, istər qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri meyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyit (meyitə toxunmaq) qüslü etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir.
Məsələ 528: Bədəni tam soyumamış olan bir meyitin soyumuş olan bir yerinə toxunularsa, qüsl vacib olmaz.
Məsələ 529: Əgər öz tükünü meyitin bədəninə toxundursa ya öz bədənini meyitin tükünə ya tükünü meyitin tükünə toxundursa, qüsl vacib deyildir.
Məsələ 530: Ölü uşağa, hətta bədəninə ruh daxil olan yarımçıq salınmış uşağa toxunan üçün məssi-meyit qüslü vacibdir. Uşaq ölü şəkildə dünyaya gəlsə və bədəni soyuyandan sonra ananın bədəninin zahirinə toxunarsa, onun anası gərək məssi-meyit qüslü etsin. Hətta əgər onun bədəninin zahirinə dəyməsə belə, vacib ehtiyata əsasən məss-meyit qüslü etməlidir.
Məsələ 531: Anasının ölüb, bədəninin soyumasından sonra dünyaya gələn uşağın, anasının bədəninin zahirinə toxunmuşdursa, baliğ olduqdan sonra məssi-meyit qüslü etməsi vacibdir. Hətta anasının bədəninin zahirinə toxunmasa belə, ehtiyata əsasən baliğ olduqdan sonra qüsl etməlidir.
Məsələ 532: Əgər bir adam, tamamilə üç qüsl verilmiş meyitə məss etsə, ona qüsl vacib deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyit qüslü etsin.
Məsələ 533: Əgər dəli və ya yetkin olmayan uşaq meyitə toxunsa, o dəli ağıllandıqdan sonra və uşaq yetkin olandan sonra, gərək məss-meyit qüslü etsin.
Məsələ 534: Əgər diri bədəndən ya qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa, ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, əqvaya əsasən, məss-meyit qüslü lazım deyil. Əgər o hissədə sümük olmuş olsa da hökm eynidir.
Məsələ 535: Qüslü verilməmiş bir sümüyə toxunmaq, istər ölüdən ayrılmış olsun, istərsə də canlı insandan, qüslü vacib etməz. Ölü və ya canlı insandan ayrılan dişə toxunmaq da eyni hökmü daşıyır.
Məsələ 536: Məss-meyit qüslü cənabət qüslü kimi yerinə yetirilir. Bu qüslü etdikdən sonra namaz qılmaq istəyən şəxsin dəstəmaz alması ehtiyat-müstəhəbbdir.
Məsələ 537: Əgər bir neçə meyitə toxunsa ya bir meyitə neçə dəfə məss etsə, bir qüsl kifayətdir.
Məsələ 538: Meyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma
namaz və bu kimi əməllər üçün qüsl etməlidir.

Top