Vacib qüsllər yeddidir:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyit qüslü.
6. Meyit qüslü.
7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.
Məsələ 514: Uşağın ilk cüzi anasının qarnından başladığı andan etibarən qadının gördüyü qan on gündən qabaq və ya onuncu günün əvvəlində kəsilirsə, nifas qanıdır. Nifas halında olan qadınlara nüfəsa deyilir.
Məsələ 515: Uşağın birinci cüzi bayıra çıxmamışdan qabaq qadının gördüyü qan nifas deyil.
Məsələ 516: Uşağın xilqətinin tamamlanmış olması lazım deyildir. Natamam doğulan uşağa «doğum» deyilərsə, on günə qədər gördüyü qan, nifas qanıdır.
Məsələ 517: Nifas qanının bir andan çox gəlməməsi mümkündür, amma 10 gündən çox olmur.
Məsələ 518: Əgər qadın özündən bir şey düşüb-düşmədiyinə şəkk etsə ya düşən şeyin uşaq olub-olmadığına şəkk etsə, araşdırmağı lazım deyil və ondan xaric olan qan şərən nifas qanı deyil.
Məsələ 519: Ehtiyata görə, məsciddə durmaq və heyzli qadına haram olan digər işlər nüfəsaya da haramdır. Hayiz qadına vacib olan şeylər nüfəsaya da vacibdir.
Məsələ 520: Nifas halında olan qadına talaq vermək və onunla yaxınlıq etmək haram olur. Amma əgər əri onunla yaxınlıq etsə, şübhəsiz olaraq kəffarəsi yoxdur.
Məsələ 521: Qadın nifas qanından pak olan vaxt gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin. Əgər sonra bir dəfə ya çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu günlər üst-üstə on gün ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak olduğu günlərdə gərək ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, qəza etməsi gərəkdir. Əgər sonda gördüyü qan on günü keçərsə, belə ki, o qadın adəti-ədədiyyə sahibi deyilsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on gündən sonrasını da istihazə qəbul etməlidir.
Məsələ 522: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğunu ehtimal verərsə, fərcinə bir miqdar pambıq daxil edib, bir qədər gözlədikdən sonra çıxarmalıdır. Əgər pakdırsa, ibadətləri üçün qüsl etməlidir.
Məsələ 523: Əgər qadının nifas qanı on günü keçsə, belə ki, heyzdə adəti vardır, onun adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə olar. Müstəhəbb ehtiyat odur ki, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qadın 10-cu gündən etibarən doğumun on səkkizinci gününə kimi istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin.
Məsələ 524: Heyz adəti on gündən az olan qadın, adət günlərindən artıq nifas qanı görərsə, adət günlərinin miqdarını nifas saymalı, ondan sonra isə on günə qədər ibadətlərini tərk etmək və ya istihazəli qadının işlərini görmək xüsusunda ixtiyar sahibidir. Amma bir gün ibadətlərini tərk etməsi daha yaxşıdır. Əgər qan on günü keçərsə, adətindən sonranı istihazə qəbul edib, o günlərdə tərk etmiş olduğu ibadətlərini qəza etməlidir. Məsələn; adəti altı gün olan bir qadın, əgər altı gündən çox qan görərsə, altı günü nifas qəbul etməlidir. Yeddinci, səkkizinci, doqquzuncu və onuncu günlərdə isə, ibadətlərini tərk etmək və ya istihazəli qadının işlərini görmək xüsusunda ixtiyar sahibidir. Belə olan təqdirdə, əgər on gündən çox qan görərsə, adətindən sonrakı gündən etibarən, o qan istihazədir.
Məsələ 525: Heyzdə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha artıq dalbadal qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan gələn on gün boyunca gördüyü qan, aylıq adət günlərində olsa belə, istihazədir. Məsələn; heyz adəti ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın, əgər ayın onunda doğar və bir ay və ya daha artıq dalbadal qan görərsə, ayın on yeddisinə qədər nifas və on yeddinci gündən etibarən on gün, hətta öz adət günləri olan ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra gördüyü qan isə, adət günlərində olarsa, istər heyz nişanələrini daşısın, istər daşımasın, heyzdir. Əgər adət günlərində olmasa (gözləməsi bir ay belə çəksə və bu müddət ərzində qan heyz nişanələrini daşısa belə), adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün olduğu təqdirdə, heyzini onun nişanələri ilə təyin etməlidir. Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü qanların hamısı eyni şəkildə olur və bir ay və ya bir neçə eyni halda davam edərsə, hər ay öz qohumlarından bəzisinin heyz adətini özünə heyz qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi bir ədədi heyz olaraq seçməlidir. Bu məsələlərin geniş açıqlanması heyz bəhsində izah olunmuşdur.
Məsələ 526: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya daha çox dalbadal qan görərsə, onun ilk on gününün hökmü 523-cü məsələdə izah olunmuşdur. İkinci on günü isə istihazədir. Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola bilir. Heyzi təyin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir.