Cənabət

Cənabət

Vacib qüsllər yeddidir:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyit qüslü.
6. Meyit qüslü.
7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.

CƏNABƏTİN HÖKMLƏRİ

Məsələ 351: İnsan iki yolla cünub olur:
1. Cima (cinsi əlaqə).
2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istər ayıq, istər az olsun istər çox, istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız.
Məsələ 352: Əgər insan ondan xaric olan rütubətin məni, yoxsa sidik, ya da başqa bir şey olduğunu bilməsə, belə ki, əgər həmin rütubət şəhvətlə və sıçrayışla xaric olubsa və xaric olduqdan sonra bədən süst olubsa, həmin rütubət məni hökmündədir. Lakin əgər bu üç əlamətdən heç biri, yaxud bəzisi olmasa, həmin rütubət məni hökmündə deyildir. Amma xəstə olan şəxsdə o rütubətin sıçrayışla xaric olması və xaric olduğu zaman bədənin süst olması şərt deyildir. Təkcə şəhvətlə xaric olsa, məni hökmündədir.
Məsələ 353: Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə aid olan bir su çıxsa və başqa nişanələrə də sahib olub-olmadığım bilməsə, o suyun çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı deyildisə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil.
Məsələ 354: İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilməyən bir nəmlik xaric olarsa, həmin nəmlik məni hökmündədir.
Məsələ 355: Əgər insan bir qadınla cinsi münasibətdə olarkən alət, xütnəgaha (dəllək kəsən yer) qədər, ya çox daxil olsa, qabaqdan olsun, ya arxadan, həddi-buluğa çatmış olsunlar ya olmasınlar, məni xaric olmasa da, hər ikisi cünub olarlar.
Məsələ 356: Xütnəgah miqdarı qədər daxil olub-olmadığından şəkk edən şəxsin qüsl etməsi vacib deyildir.
Məsələ 357: Əgər «Nəuzu-Billah» bir insan bir heyvanla yaxınlıq etsə və ondan məni xaric olsa, təkcə qüsl kifayətdir. Əgər məni xaric olmasa, belə ki, yaxınlıqdan qabaq dəstəmazı var idisə, yenə də təkcə qüsl kifayətdir. Amma dəstəmazlı olmayıbsa, vacib-ehtiyat odur ki, həm qüsl etməli, həm də dəstəmaz almalıdır. Həmçinin kişi ilə yaxınlıq edənin də hökmü belədir.
Məsələ 358: Əgər məni öz yerindən hərəkət edib xaric olmasa, ya insan onun xaric olub-olmadığından şəkk edərsə, qüsl etməsi vacibdir.
Məsələ 359: Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs, namaz vaxtı daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər.
Məsələ 360: Əgər öz libasında məni görür və onu, özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil.

CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR

Məşələ 361: Cünuba beş şey haramdır:

1.Öz bədənindən bir yeri Quranın xəttinə, Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.
2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə getmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.
3. Başqa məscidlərdə vacib-ehtiyata əsasən, İmamların (ə.s) hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.
4. Lazım-ehtiyata əsasən, bir şeyi məsciddə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq.
5. Səcdəsi vacib olan ayələrdən oxumaq. Onlar bu dörd surədədir:
32-ci «Səcdə» surəsi
41-ci «Fussilət» surəsi
53-cü «Nəcm» surəsi
96-cı "Ələq" surəsi.

 

CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 362: Doqquz şey cünuba məkruhdur:
1-2. Yemək — içmək. Lakin əllərini və ya üzünü yusa və məzməzə (ağızı su ilə yaxalama) edərsə, məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır.
3. Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.
4. Bədənindən bir yerini Quranın cildinə, haşiyəsinə, ya xətlərinin arasına toxundurmaq.
5. Quranı öz yanında gəzdirmək.
6.  Yatmaq; amma dəstəmaz alsa, ya suyun olmamağı səbəbinə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.
7. Həna və bənzəri şeylərə boyanmaq.
8. Bədənə yağ çəkmək.
9. Mühtəlim olandan sonra, yəni yuxuda ondan məni xaric olandan sonra cinsi əlaqədə olmaq.

CƏNABƏT QÜSLÜ

Məsələ 363: Cənabət qüslü, vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma cənazə namazı, səhv səcdəsi, şükr səcdəsi və Quranın vacib səcdələri üçün cənabət qüslü etmək lazım deyildir.
Məsələ 364: Qüsl edərkən vacib qüsl edəcəyindən niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni Allahın əmrini yerinə yetirməkdən ötrü qüsl edərsə, kifayətdir.
Məsələ 365: Namaz vaxtının daxil olduğuna əmin olub, vacib-qüsl niyyəti edərək qüsl edər və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir.
Məsələ 366: Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir.

TƏRTİBİ QÜSL

Məsələ 367: Tərtibi qüsldə, lazım-ehtiyata əsasən, əvvəlcə qüsl niyyəti ilə baş və boyun, daha sonra bədən yuyulmalıdır. Əvvəl bədəninin sağ tərəfinin, sonra isə sol tərəfinin yuyulması daha yaxşıdır. Tərtibi qüslün düzlüyü, suyun altında qüsl ilə üç üzvə hərəkət verməklə işkalsız deyildir və ehtiyat onunla kifayətlənməməkdir. Əgər qəsdən, ya unutqanlıq üzündən və yaxud şəri-hökmü bilmədiyindən bədənini başından qabaq yuyarsa, qüslü batildir.
Məsələ 368: Bədəni başdan əvvəl yuduğu halda, qüslü yenidən alması lazım deyildir, belə ki, bədəni ikinci dəfə yuyarsa, qüslü səhihdir.
Məsələ 369: Əgər iki bölümü, yəni baş və boyunla bədəni, tamamilə yuduğuna yəqini olmazsa, gərək buna əmin olması üçün hər bir bölümü yuyarkən əvvəlki bölümdən də bir miqdarı onunla birlikdə yusun.
Məsələ 370: Əgər qüsldən sonra bədəninin bir tərəfini yumadığını bilər və hansı tərəfi olduğunu bilməsə başı yenidən yuması lazım deyil, bədəninin yumadığına ehtimal verdiyi yerini yumalıdır.
Məsələ 371: Əgər qüsldən sonra, bədənin bir miqdar yeri yuyulmadığını bilərsə, o yuyulan yer sol tərəfdirsə, o qədər yeri kifayətdir. Əgər sağ tərəfdirsə, o miqdarı yuduqdan sonra, sol tərəfi yenidən yuması ehtiyat-müstəhəbbdir. Amma əgər baş və boyundursa, gərək o miqdarı yuduqdan sonra bədəni yenidən yusun.
Məsələ 372: Əgər qüsl tamam olmazdan əvvəl sol və ya sağ tərəfin bir miqdarının yuyulub-yuyulmamasından şəkk edərsə, o miqdarı yuması lazımdır. Amma əgər baş və boynunun bir miqdarının yuyulmasında şəkk edərsə, lazım ehtiyata əsasən, şəkk etdiyi yeri yuduqdan sonra gərək yenidən sağ və sol tərəfi yumalıdır.

İRTİMASİ QÜSL

İrtimasi qüsl iki şəkildə, ani və tədrici olaraq edilir.
Məsələ 373: Ani irtimasi qüsldə, su bədənin hamısını bir anda əhatə etməlidir, amma qüslə başlamazdan əvvəl bədənin hamısının suyun xaricində olması şərt deyildir. Əgər bədənin bir miqdarı xaricdə olub, qüsl niyyəti ilə suya girərsə, kifayət edir.
Məsələ 374: Tədrici olaraq edilən irtimasi qüsldə, gərək bədəni ürfı birliyi qorumaq şərti ilə yavaş-yavaş suya salınmalıdır. Bu cür irtimasi qüsldə, qüslə başlamazdan əvvəl bədənin su xaricində olması lazımdır.
Məsələ 375: İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir.
Məsələ 376: Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi qüsl etməlidir.
Məsələ 377: Həcc və ya ümrə üçün ehram geyən şəxs irtimasi qüsl edə bilməz, amma əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir.

QÜSL ETMƏYİN HÖKMLƏRİ

Məsələ 378: İrtimasi və ya tərtibi qüsldə, qüsldən qabaq bədənin tamamilə pak olması lazım deyil, bəlkə suya batmaqla ya qüsl qəsdi ilə suyu bədənə tökməklə bədən pak olsa, qüsl gerçəkləşmiş olur.
Məsələ 379: Haramla cünub olmuş şəxs isti su ilə qüsl etsə, hətta tərləsə belə, onun qüslü səhihdir və müstəhəbb-ehtiyat odur ki, soyuq su ilə qüsl etsin.
Məsələ 380: Qüsl edərkən başın bir tükü qədər bədəndən yuyulmamış yer qalsa, qüsl batildir. Amma qulağın içi, burunun içi kimi bədənin iç qismi sayılan hər bir yerin yuyulması vacib deyil.
Məsələ 381: Bədənin zahirindən və ya batinindən olmasına şəkk edilən yer yuyulmalıdır.
Məsələ 382: Sırğa yerinin dəliyi və bunun kimi yerlər bədənin zahirindən sayılacaq qədər açıq olarsa, yuyulması lazımdır, əks halda yuyulması lazım deyildir.
Məsələ 383: Suyun bədənə yetişməsinə mane olan şeyi aradan qaldırmaq lazımdır. Əgər aradan qaldırdığına əmin olmadan qüsl edərsə, qüslü batildir.
Məsələ 384: Qüsl edərkən suyun bədənə yetişməsinə mane olan şeyin bədənində olub-olmadığına şəkk edərsə, axtarıb maneənin olmadığına əmin olmalıdır.
Məsələ 385: Qüsl edərkən bədənin bir cüzvündən sayılan qısa tüklər yuyulmalıdır, amma uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə bədənin dərisinə suyu çatdırarsa qüslü səhihidir. Amma əgər bədəninin dərisinə suyu çatdırmaq, onları yumadan mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır.
Məsələ 386: Dəstəmazın səhih olması üçün söylənən, suyun pak, qəsbi olmaması kimi şərtlər bütünlüklə qüslün səhih olması üçün də şərtdir. Amma qüsldə bədənin yuxarıdan aşağıya doğru yuyulması lazım deyil. Həmçinin tərtibi qüsldə də, başı və boyunu yuduqdan dərhal sonra bədəni yumaq vacib deyildir. Belə ki, baş və boyunu yuduqdan sonra səbir edərək bir müddət sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun bütünlüklə bir dəfəyə yuyulması da vacib deyildir. Belə ki, başı yuduqdan bir müddət sonra boyunun yuyulması caizdir. Amma özündən bövl və ya ğaitinin gəlməsinin qarşısını ala bilməyən şəxs, əgər qüsl edib, namaz qıla biləcəyi bir müddət ərzində ondan ğait və ya bövl gəlməsə, dərhal qüsl etməli və qüsldən dərhal sonra namaz qılmalıdır.
Məsələ 387: Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq qəsdində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir.
Məsələ 388: Hamam pulunun nisyə verilməsinə hamamçının razı olduğu təqdirdə, əgər qüsl edən şəxsin məqsədi, onun pulunu ödəməmək və ya haram puldan ödəmək olarsa, qüslü batildir.
Məsələ 389: Əgər xumsu verilməmiş pulu hamamçıya versə, harama mürtəkib olsa da, zahir budur ki, onun qüslü səhihdir və xümsə müstəhəqqlərin haqqı onun boynunda qalır.
Məsələ 390: Əgər ğait yerini su xəzinəsində paklayar və qüsl etməmişdən əvvəl özünü xəzinədə pakladığına görə, hamamçının onun qüslünə razı olub-olmadığını şəkk edərsə, qüsldən öncə hamamçını razı salmasa, qüslü batildir.
Məsələ 391: Qüsl edib-etmədiyinə şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra etdiyi qüslün doğru olub-olmadığına şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil.
Məsələ 392: Əgər qüsl əsnasında kiçik hədəs baş versə, məsələn, bövl etsə, qüslü tərk etməsi və digər qüsl etməsi lazım deyil, bəlkə öz qüslünü tamam edə bilər və bu halda lazım ehtiyata əsasən gərək dəstəmaz da alsın. Amma əgər tərtibi qüsldən irtimasiyə və ya irtimasidən tərtibi qüslə niyyətini çevirirsə dəstəmaz almağı da lazım deyil.
Məsələ 393: Əgər vaxtın dar olması üzündən mükəlləfin vəzifəsi təyəmmüm olubsa, amma o, qüsl və namaz qədər vaxtın qaldığını sanıb qüsl edərsə, qüslü qürbət qəsdi ilə etmiş olsa, onun qüslü səhihdir. Hətta namazı yerinə yetirmək üçün qüsl etmiş olsa belə qüslü səhihdir.
Məsələ 394: Cünub olmuş şəxs qüsl edib, ya etmədiyinə şəkk etsə, qıldığı namazlar səhihdir. Amma sonrakı namazlar üçün qüsl etməlidir. Əgər namazdan sonra ondan kiçik hədəs baş veribsə, dəstəmaz da alması lazımdır. Əgər vaxt qalmışdırsa, lazım ehtiyata əsasən qıldığı namazı yenidən təkrarlamalıdır.
Məsələ 395: Üzərinə bir neçə qüsl vacib olan şəxs hamısının niyyətinə bir qüsl edə bilər və zahir budur ki, əgər onlardan müəyyən birini qəsd etsə, qalanları üçün kifayət edir.
Məsələ 396: Əgər bədənin bir yerinə Quran ayəsi ya Allah-təalanın adı yazılmış olsa, belə ki, dəstəmaz ya tərtibi qüsl əmələ gətirmək istəsə, suyu bədəninə əli yazıya dəyməyəcək şəkildə çatdırmalıdır.
Məsələ 397: Cənabət qüslü edən şəxsin, namaz üçün dəstəmaz alması lazım deyil. Hətta dəstəmaz almasının ehtiyat-müstəhəbb olmasına baxmayaraq (mutəvəssitə-istihazədən başqa) digər vacib qüsllər və 651-ci məsələdə izah olunacaq müstəhəbb qüsllərlə də dəstəmaz almadan namaz qıla bilər.

İSTİHAZƏ

Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.
Məsələ 398: Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur. Təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olur. Təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.
Məsələ 399: İstihazə üç növdür:
1 — Qəlilə (az)
2 — Mütəvəssitə (orta)
3 — Kəsirə (çox)
… Qəlilə istihazə odur ki, qan yalnız qadının özü ilə götürdüyü pambığın üzünə bulaşsın, ona hopmasın. Müstəvəssitə istihazə odur ki, qan pambığa hopsun, lakın qadınların qayda üzrə qanın qarşısını almaq üçün bağladıqları dəsmalın üstünə çıxmasın. Kəsirə istihazə odur ki, qan pambığı bürüyərək və dəsmala yetişsin.

İSTİHAZƏNİN HÖKMLƏRİ

Məsələ 400: Qəlilə istihazədən qadın, hər namaz üçün dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.
Məsələ 401: Mütəvəssitə istihazədə, lazım ehtiyata əsasən, qadın öz gündəlik namazları üçün bir qüsl etməli və həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazənin vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl ya həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Və əgər qəsdən ya unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək şam və xiftən namazından əvvəl qüsl etsin, istər qan gəlsin ya kəsilmiş olsun, fərqi yoxdur.
Məsələ 402: Kəsirə istihazədə vacib-ehtiyata əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli yaxud da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl də şam və xiftən namazı üçün yerinə yetirməsi lazımdır. Zöhr və əsr namazı arasında fasilə verməsin. Əgər fasilə versə, gərək əsr namazı üçün ikinci dəfə qüsl etsin. Həmçinin, əgər şam və xiftən namazı arasında fasilə versə, gərək xiftən namazı üçün təzədən qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan dəsmala yetişdiyi üçündür. Amma qanın pambıqdan dəsmala çatmasından bir qədər fasilə olsa, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, lazım ehtiyat odur ki, hərgah qan pambıqdan dəsmala yetişsə pambıq və dəsmalı və ya suya çəksin və qüsül etsin. Əgər qadın qüsül etsə və zöhr namazını qılsa, məsələn əsr namazını qılmamışdan qabaq və ya onun arasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsül etməlidir. Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan iki dəfə pambıqdan dəsmala yetişməzdən qabaq, şam və xiftən namazında qıla bilsə, zahir odur ki, o namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər necə olursa olsun, kəsirə istihazə üçün qüslün dəstəmaz əvəzinə də yetərli olduğu daha mötəbər nəzərdir.
Məsələ 403: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün dəstəmaz və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, dəstəmaz almalı və ya qüsl etməlidir.
Məsələ 404: Həm qüsl etməsi, həm də dəstəmaz alması vacib olan mütəvəssitə istihazəli qadın, lazım-ehtiyata əsasən əvvəlcə qüsl etməli və sonra dəstəmaz almalıdır. Amma kəsirə istihazəli qadın dəstəmaz almaq istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır.
Məsələ 405: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra müvəssitə olsa, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazından sonra mütəvəssitə olsa, gərək şam və xiftən namazı üçün qüsl etsin.
Məsələ 406: Əgər qadının qəlilə ya mütəvəssitə istihazəsi sübh namazından sonra kəsirə olsa və bu halda qalsa, gərək 402-ci məsələdə deyildiyi hökmə uyğun, zöhr, əsr, şam və xiftən namazına əməl etsin.
Məsələ 407: Kəsirə istihazəsi olan qadının 402-ci məsələdə deyildiyi kimi, qüslü ilə namazı arasında fasilə edilməməsi lazım olduğu halda əgər namaz vaxtı çatmamışdan əvvəl qüsl etməsi araya fasilə düşməsinə səbəb olursa, vaxtından əvvəl verilən qüslün faydası yoxdur və namaz üçün yenidən qüsl etməsi gərəkdir. Bu hökm mütəvəssitə istihazəli qadına da aid oluna bilər.
Məsələ 408: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən gündəlik namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəbb, hər namaz üçün dəstəmaz almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyat olaraq yenidən qılmaq istəyərsə və ya münfəridən (tək) qıldığı namazı yenidən camaat ilə qılmaq istəyərsə, istihazə üçün söylənilən bütün işləri yerinə yetirməlidir. Amma namazdan dərhal sonra yerinə yetirdiyi təqdirdə, ehtiyat namazını unudulan səcdə və təəhhüdü və yenə bütün hallarda, səhv səcdəsini yerinə yetirmək üçün, istihazə işlərini görmək lazım deyildir.
Məsələ 409: İstihazəli qadının qanı kəsildikdən sonra yalnız qılacağı birinci namaz üçün gərək istihazənin işlərini yerinə yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir.
Məsələ 410: İstihazənin hansı növdən olduğunu bilməyən qadın, namaz qılmaq istədiyi zaman, ehtiyata əsasən özünü yoxlamalıdır məsələn, fərcinə bir qədər pambıq daxil edərək, bir az səbr etdikdən sonra zahirə çıxarır və istihazənin üç növdən hansı birinin olduğunu bildikdən sonra, o növə aid olan işləri yerinə yetirə bilər. Həmçinin əgər namaz qılacaq vaxta qədər istihazənin dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan özünü yoxlaya bilər.
Məsələ 411: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başlasa, belə ki, qürbət qəsdi ilə öz vəzifəsinə əməl etmiş olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun namazı səhihdir. Əgər qürbət qəsdi ilə olmasa və ya əməl vəzifəsinə uyğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olub, qəlilə vəzifəsinə əməl etsə, namazı batildir.
Məsələ 412: İstihazəli qadın özünü yoxlaya bilməsə, həqiqi vəzifəsinə əməl etməlidir. Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə olduğunu bilmirsə, qəlilə istihazənin işlərini yerinə yetirməlidir. Əgər istihazəsinin mütəvəssitə və ya kəsirə olduğunu bilmirsə mütəvəssitə istihazəsinin işlərinə əməl etməlidir. Amma əgər əvvəlki üç növdən hansı birinin olduğunu bilmirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir.
Məsələ 413: Əgər istihazə qanı birinci dəfə zahir olanda, daxilində olsa və zahirə gəlməsə, qadının malik olduğu dəstəmaz ya qüslü batil olmaz. Əgər zahirə gəlsə, az olsa da belə, dəstəmaz və ya qüslü batil edər.
Məsələ 414: Müstəhazə əgər namazdan sonra özünü yoxlasa və qan görməsə, yenə qan gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər.
Məsələ 415: Əgər müstəhazə dəstəmaz və ya qüslə başladığı andan etibarən özündən qan gəlmədiyini və fərcin daxilində də olmadığını bilərsə, namaz qılmasını pak qalacağını bildiyi zamana qədər təxirə sala bilər.
Məsələ 416: Əgər müstəhazə namaz vaxtı keçməzdən qabaq tamamilə paklanacağını və ya namaz qıla biləcəyi bir ölçüdə qanın dayanacağını bilərsə, lazım ehtiyata əsasən səbr edib, pak olduğu vaxt namazını qılmalıdır.
Məsələ 417: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilmiş olsa, istihazəli olan qadın namazını təxirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yetirəcək qədər tam pak olacağını bilərsə, lazım-ehtiyata əsasən, namazını təxirə salmalıdır. Tamamilə pak olduğu zaman, yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi zaman namazın vaxtı daralarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyildir. Qabaqcadan aldığı dəstəmaz və qüsl ilə namazını qıla bilər.
Məsələ 418: Kəsirə istihazəsi olan qadın qandan tamamilə pak olduğu zaman əvvəlki namaz üçün qüsl etməyə başladığı andan etibarən, artıq qan gəlmədiyini bilirsə, yenidən qüsl etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Əlbəttə bu hökm ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qandan tamamilə pak olması üçün qüsl etməsi lazım deyildir.
Məsələ 419: Qəlilə istihazəli qadın dəstəmazdan sonra, mütəvəssitə istihazəli olan qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli olan qadın isə qüsldən sonra (402 və 405-ci məsələdə işarə olunan iki hal istisna olaraq) dərhal namaza məşğul olmalıdır. Amma namazdan qabaq azan və iqamət demələrinin eybi yoxdur. Namaz vaxtı qünut kimi müstəhəbb olan əməlləri də yerinə yetirə bilər.
Məsələ 420: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə etməmək olan qadın, əgər vəzifəsinə əməl etməsə, yenidən dəstəmaz alıb və ya qüsl edib, dərhal namaza məşğul olmalıdır.
Məsələ 421: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona bir zərəri olmadığı təqdirdə, qüsldən sonra qanın gəlməsinin qarşısını almalıdır. Belə ki, səhlənkarlıq etməsi nəticəsində ondan qan xaric olarsa, əgər namaz qılmışdırsa, onu yenidən qılmalıdır. Hətta yenidən qüsl etməsi də müstəhəbb-ehtiyatdır.
Məsələ 422: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. Amma qüsl arasında mütəvəssitə istihazə kəsirsə, lazımdır ki, qüslü başdan başlasın.
Məsələ 423: Müstəhəbb-ehtiyat odur ki, istihazə olan qadın orucdursa, bütün gün ərzində bacardığı qədər qanın gəlməsinin qarşısını alsın.
Məsələ 424: Məşhur görüşə əsasən, kəsirə istihazəli qadının orucu, yalnız oruc tutacağı gecənin şam və xiftən namazının qüslünü və həmçinin gündüzün də gündüz namazları üçün vacib etdiyi qüslləri etdiyi təqdirdə, səhihdir. Amma onun orucunun səhih olmasında qüslün şərt olmaması uzaq bir görüş deyildir. Həmçinin daha güclü görüşə əsasən, bu mütəvəssitə istihazəli olan qadında da şərt deyildir.
Məsələ 425: Əgər qadın əsr namazından sonra müstəhazə olsa və axşam çağına kimi qüsl etməsə, orucu eyibsiz və səhihdir.
Məsələ 426: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, ya kəsirə olsa, gərək mütəvəssitə, ya kəsirə üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə istihazə kəsirə olsa, gərək kəsirə istihazənin əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə istihazə üçün qüsl etmiş olsa, faydası yoxdur, gərək ikinci dəfə kəsirə üçün qüsl etsin.
Məsələ 427: Namaz əsnasında mütəvəssitə istihazəsi kəsirə olan qadın, namazını pozub kəsirə istihazəsi üçün qüsl etməli və digər şərtləri də yerinə yetirdikdən sonra, eyni namazı yenidən qılmalıdır. Qüsldən qabaq dəstəmaz alması da ehtiyat müstəhəbbdir. Əgər qüsl etməyə vaxtı çatmasa, qüsl yerinə təyəmmüm etməlidir. Əgər təyəmmüm etməyə də vaxt yoxdursa, ehtiyata əsasən, namazını pozmadan, həmin halla namazını tamamlamalıdır. Amma vaxtın xaricində qəzasını qılması lazımdır. Yenə əgər namaz əsnasında qadının qəlilə istihazəsi mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə və ya kəsirə istihazənin əməllərini yerinə yetirməlidir.
Məsələ 428: Namaz əsnasında qan kəsilir və müstəhazə qadın qanın içəridən də kəsilib-kəsilmədiyini bilməzsə, əgər namazdan sonra tamam kəsilmiş olduğunu anlayar və namazı pak halında qılmağa vaxt da geniş olsa, qadın qanın kəsildiyindən ümidsiz deyildirsə, lazım ehtiyat olaraq vəzifəsi nə müvafiq dəstəmaz alaraq və ya qüsl edərək namazı yenidən qılması lazımdır.
Məsələ 429: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün mütəvəssitə halının əməlini yerinə yetirsin. Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istihazə mütəvəssitə olsa, gərək zöhr namazı üçün qüsl etsin və əsr, şam və xiftən namazı üçün yalnız dəstəmaz alsın. Amma əgər zöhr namazı üçün qüsl etməsə və yalnız əsr namazı miqdarında vaxtı olmuş olsa, gərək əsr namazı üçün qüsl etsin və əgər əsr namazı üçün də qüsl etməsə, gərək şam namazı üçün qüsl etsin və əgər onun üçün də qüsl etməsə və yalnız xiftən namazı miqdarında vaxtı olmuş olsa, gərək xiftən namazı üçün qüsl etsin.
Məsələ 430: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəli olan qanı kəsilsə və ikinci dəfə gəlsə, hər namaz üçün gərək bir qüsl etsin.
Məsələ 431: Əgər kəsirə istihazəli qəlilə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin və həmçinin əgər mütəvəssitə istihazə qəlilə olsa, gərək birinci namaz üçün, mütəvəssitənin əməlini və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin.
Məsələ 432: Əgər istihazəli qadın, ona vacib olan işlərdən birini tərk etsə, namazı batildir.
Məsələ 433: Qəlilə ya mütəvəssitə istihazəli olan qadın, əgər namazdan başqa dəstəmaz şərt olan bir iş görmək istəsə, məsələn, bədəninin bir yerini Quranın xəttinə toxundurmaq istəsə, beləki, namaz tamam olandan sonra olsa belə, gərək dəstəmaz alsın və namaz üçün aldığı dəstəmaz kifayət deyildir.
Məsələ 434: İstihazəli qadın, boynuna vacib olan qüslləri yerinə yetirdiyi təqdirdə, məscidə daxil olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq etməsi, hərçənd namaz üçün yerinə yetirmiş olduğu, pambığı və parçanı dəyişdirmək kimi digər işləri yerinə yetirməmiş olsa belə, ona halal olur. Bu işlərin qüslsüz belə caiz olması uzaq bir görüş deyildir. Amma ehtiyat, tərk etməkdədir.
Məsələ 435: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər namaz vaxtından əvvəl, vacib səcdəsi olan ayəni oxumaq və ya məscidə getmək istəsə, qüsl etməsi müstəhəbb-ehtiyatdır. Əri onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır.
Məsələ 436: Ayət namazı istihazəli qadına vacibdir və gərək ayət namazı üçün də gündəlik namazlar üçün deyilən işləri yerinə yetirsin.
Məsələ 437: Gündəlik namazın vaxtında, istihazəli qadına ayət namazı vacib olsa, hər ikisini dalbadal yerinə yetirmək istəsə belə, lazım ehtiyata əsasən, hər ikisini bir qüsl və dəstəmazla qıla bilməz.
Məsələ 438: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün vacib olan bütün əməlləri, hər qəza namazı üçün də yerinə yetirməlidir. Həmçinin ehtiyata əsasən, əda namazında yerinə yetirdiyi əməllərlə, qəza namazında kifayətlənə bilməz.
Məsələ 439: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilir və istihazə, heyz ya nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şəri baxımdan heyz və nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə görə əməl etməlidir. Hətta əgər istihazə qanı yoxsa digər qanların olduğundan şəkk edərsə, onların nişanəsini daşımırsa, vacib-ehtiyata əsasən, istihazənin əməllərini yerinə yetirməlidir.

Top