Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır.
Məsələ 330: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməsə, gərək adi vəziyyətdə dəstəmaz alınsın.
Məsələ 331: Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin. Həmçinin onun üstünə pak parça qoysun (yəni, yaranın) və əlin suyunu parçanın üzərinə çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır.
Məsələ 332: Əgər yara, çiban, sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa, belə ki, ona məhs çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə təyəmmüm etmək lazımdır. Həmçinin dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça qoyaraq, onun üzərindən əlində olan dəstəmaz suyunun nəmliyi ilə məsh etməsi müstəhəbb-ehtiyatdır.
Məsələ 333: Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər yara və onun misli üzdə və əllərdə olsun, istər başın qabağında və ayaqların üstündə olsun.
Məsələ 334: Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafından mümkün olan miqdarı yumalı və «cəbirə»nin üzünə məsh etməlidir.
Məsələ 335: Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və üzərinə qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri olmasa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olarsa, onu yumalı və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona çatdırmaq mümkün olmasa yaxud yara nəcis olar və onu yumaq mümkün olmazsa, təyəmmüm etməlidir.
Məsələ 336: Əgər cəbirə, dəstəmaz üzvlərinin bəzisinin hamısını örtmüş olsa, zahir budur ki, cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını örtmüş olsa, ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır.
Məsələ 337: Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın hissələrindən olsa belə, onun üzərinə məsh çəkmək olar
Məsələ 338: Əlinin içində və barmaqlarında cəbirə olub, dəstəmaz aldığı zaman islanmış əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər.
Məsələ 339: Cəbirə eninə ayaq üzərinin hamısını əhatə etmiş olduğu halda barmaq tərəfiylə ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.
Məsələ 340: Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirə olan yerlərdə isə cəbirə göstərişi ilə əməl etsin.
Məsələ 341: Cəbirə yaranın ətrafından normadan çox yeri tutur və əziyyətsiz onu qaldırmaq mümkün olmursa, cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni qaldırmaq əziyyət vermirsə, onu qaldırmalıdır. Həmçinin əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər baş və ya ayaqlar üzərindədirsə, onun ətrafmı məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə görə əməl etməlidir.
Məsələ 342: Əgər dəstəmaz üzvlərində yara və sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir.
Məsələ 343: Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin.
Məsələ 344: Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya dözülməyəcək qədər əziyyətli olan bir şey yapışarsa və həmin şey təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, cəbirə hökmünü daşıyır.
Məsələ 345: Meyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı kimidir. Amma lazım ehtiyat olaraq o, tərtibi qaydada yerinə yetirməlidir. Daha aydın nəzərə görə, bədəndə yara və çiban olduğu təqdirdə mükəlləf qüsl və ya təyəmmüm arasında sərbəstdir, hansını istəsə edə bilər. Qüsl etməyi seçdiyi təqdirdə də, əgər onların üzərində cəbirə yoxdursa, üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh çəkməsi müstəhəbb ehtiyatdır. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır.
Məsələ 346: Vəzifəsi təyəmmüm olan bir şəxsin təyəmmüm üzvlərinin bəzisində yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında söylənən qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir.
Məsələ 347: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, səbir etməli və əgər üzrü aradan qalxmasa, vaxtın sonunda namazının cəbirə qüslü və ya dəstəmazı ilə qılması daha yaxşıdır. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, bu zaman dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 348: Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin.
Məsələ 349: Vəzifəsi təyəmmüm və ya cəbirə dəstəmazı olmasını bilməyən şəxs vacib ehtiyata əsasən hər ikisini yerinə yetirməlidir.
Məsələ 350: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı namazları da qıla bilər.