Dəstəmazın hökmləri

Dəstəmazın hökmləri

Məsələ 305: Dəstəmaz əməllərində və şərtlərində suyun pak olması və qəsbi olmaması kimi, çox şəkk edən şəxs gərək öz şəkkinə etina etməsin.
Məsələ 306: Dəstəmazın batil olub-olmadığına şəkk edərsə, dəstəmazın batil olmadığına qərar verməlidir. Amma əgər bövl etdikdən sonra istibra etməmiş dəstəmaz almışdırsa və dəstəmazdan sonra bövl olub-olmadığına bilmədiyi bir nəmlik ondan zahir olursa, dəstəmazı batildir.
Məsələ307: Bir şəxs dəstəmaz alıb-almadığı barədə şəkk edərsə, dəstəmaz almalıdır.
Məsələ308: Əgər bir şəxs həm dəstəmaz aldığını, həm də onda bir hədəsin baş verdiyini, məsələn bövl etdiyini bilsə, lakin hansının əvvəl və hansının sonra olduğunu bilməsə, bu halda əgər namazdan əvvəl şəkkə düşsə, gərək dəstəmaz alsın. Əgər namaz əsnasında şəkk etsə, gərək namazı kəsib dəstəmaz alsın. Amma əgər namazdan sonra şəkk etsə, qıldığı namaz düzdür və sonrakı namazlar üçün dəstəmaz almalıdır.
Məsələ 309: Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz üzvlərinin bəzi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər o yerdən öncə olan yerlərin rütubəti çox vaxt keçdiyindən qurumuşsa, yenidən dəstəmaz almalıdır. Ancaq qurumamış olsa və ya havanın isti olması və buna bənzər bir səbəblər üzündən qurumuş olsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. Dəstəmaz aldığı zaman bir yerin yuyulmasından və ya məsh edilməsindən şəkk edərsə də, bu qaydaya əməl etməlidir.
Məsələ 310: Əgər namazdan sonra dəstəmaz alıb-almamasına şəkk etsə, namaz səhihdir, lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın.
Məsələ311: Əgər namaz əsnasında dəstəmaz alıb-almadığından şəkk edərsə, namazı batildir və dəstəmaz alıb, yenidən namaz qılması gərəkdir.
Məsələ 312: Namazdan sonra, dəstəmazının batil olmuş olduğunu bilər, amma namazdan qabaqmı, yoxsa sonramı batil olduğundan şəkk edərsə, qıldığı namaz səhihdir.
Məsələ 313: İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya ğaitinin çıxmasının qarşısını ala bilmirsə, əgər namaz vaxtının əvvəlindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməlidir; azan, iqamə və qunut kimi müstəhəbb olan şeyləri tərk etməlidir.
Məsələ 314: Əgər sadəcə dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir fürsət tapırsa və namaz əsnasında bir və ya bir neçə dəfə ondan bövl və ğait xaric olursa, lazım ehtiyat olaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan bövl və ğait üçün dəstəmazını təzələməsi gərək deyil. Yanına bir qab su qoyub ondan bövl və ğait xaric olduğu zaman, dərhal dəstəmaz alaraq namazın qalan qismini qılması müstəhəbb ehtiyatdır. Əlbəttə bu ehtiyat, bövl və ya ğaitin çıxma müddəti və ya dəstəmaz alma müddətinə əlavə olaraq namazın qisimləri arasında gərəkli olan müvalatı (ardıcıllığı) aradan qaldıracaq qədər uzun sürmədiyi təqdirdədir. Əks halda belə bir ehtiyatdan söhbət gedə bilməz.
Məsələ 315: Şübhəsiz olaraq dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq şəkildə bövl və ya ğaiti ardıcıl xaric olan şəxsin hər namazı üçün bir dəstəmaz kifayətdir. Hətta əgər ayrı bir səbəbdən dəstəmazı pozulmazsa, bir dəstəmazın bir neçə namaz üçün yetərli olduğu daha güclü görüşdür. Amma hər namaz üçün bir dəstəmaz alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün ayrı bir dəstəmaz alması lazım deyil.
Məsələ 316: Bövl və ya ğaiti ardıcıl curətdə xaric olan şəxsin dəstəmazdan sonra dərhal namaz qılması yaxşı olsa da, məcburi deyildir.
Məsələ 317: Bövl və ya ğaiti ardıcıl xaric olan kimsənin namaz halından kənar vaxtda olsa belə, dəstəmaz aldıqdan sonra Quranın yazılarına toxunması caizdir.
Məsələ 318: Bövlü damla-damla tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir şey olub bövlünün başqa yerlərə yetişməsinin qarşısını alan bir şeydən özünü qorumalıdır. Vacib ehtiyat olaraq namazdan əvvəl nəcis olmuş olan bövl məxrəcini ayrıca yumalıdır. Yenə ğaitinin xaricə çıxmasının qarşısını almayan şəxs mümkün olduğu təqdirdə namaz müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Vacib ehtiyat odur ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun.
Məsələ 319: Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün olduğu təqdirdə namaz müddətində məsrəfi belə vacib edirsə, bövl və ya ğaitin xaricə çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asan aradan qaldırıla bilirsə, özünü müalicə etdirməlidir.
Məsələ 320: Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin xəstəliyi zamanında vəzifəsi daxilində qılmış olduğu namazlarını xəstəliyi yaxşılaşdıqdan sonra qəza etməsi gərək deyil. Amma namaz vaxtı keçməmişdən xəstəliyi yaxşılaşsa, lazım ehtiyat olaraq o vaxtda qılmış olduğu namazı yenidən qılmalıdır.
Məsələ 321: Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala bilməyən şəxsin vəzifəsinə görə əməl etməlidir.
Top