NƏCASATI SÜBUT ETMƏYİN YOLLARI
Məsələ 122: Hər şeyin nəcisliyini üç yolla sübut etmək olar:
1. Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin və ya əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu zənn edərsə, ondan çəkinməsi lazım deyildir. Buna görə murdar və pakı bilməyən adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasını yəqin bilmirsə, bunun eybi yoxdur.
2. Yalançı olmayan bir şəxsin öz əlində olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, xanımı, nökəri, külfəti öz əlindəki şeyin qab yaxud başqa bir əşyanın nəcis olduğunu söyləsə, o şey nəcisdir.
3) İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələriylə. Amma bir şərtlə ki, onların şahidliyi onun nəcis olmasına səbəb olsun.
Məsələ 123: Əgər şəri hökmü bilmədiyi üçün bir şeyin, məsələn, siçan füzləsinin nəcis olub-olmadığını bilməzsə, məsələni soruşub öyrənməsi lazımdır. Amma əgər məsələni bildiyi halda, bir şeyin nəcis və ya pak olduğuna şəkk edərsə, məsələn, bir şeyin qan olduğuna və ya insan, yoxsa ağcaqanad qanımı olduğuna şəkk edərsə, o şey pakdır. Axtarmaq və soruşmaq lazım deyil.
Məsələ 124: İnsan əvvəlcədən nəcis olan şeyin pak olub-olmaması haqqında şəkk edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin nəcis olub-olmaması barədə şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını araşdıraraq öyrənmə imkanı olsa belə, axtarış lazım deyildir.
Məsələ 125: İstifadə etdiyi iki qabdan və ya libasdan birinin nəcis olduğunu bildiyi halda, hansı birinin nəcis olduğunu bilməzsə, hər ikisindən çəkinməsi lazımdır. Amma əgər məsələn, nəcis olan libasın öz libasımı, yoxsa onun istifadə etmədiyi digərinin malı olan ayrı libas olduğunu bilməzsə, öz libasından çəkinməsi lazım deyil.
Məsələ 126: Əgər pak bir şey, nəcis bir şeyə dəyər və onlardan biri və ya hər ikisi bir-birinə rütubəti keçəcək şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Yenə əgər bu rütubət, üçüncü bir şeyə dəyərsə, o da nəcis olar. Məşhur deyilənə görə mutənəccis (zatən nəcis olmayıb, bir nəcasətin dəyməsi ilə nəcis olan şey) mütləq olaraq ayrı şeyi nəcis edər, fəqət vasitələr çoxaldığı halda bu hökm (ayrısını nəcis etmə hökmü) şübhəlidir. Hətta bu təqdirdə o şeyin paklığına hökm etmək daha güclü bir görüşdür. Məsələn: sağ əl bövl dəyməsi nəticəsində nəcis olarsa və rütubətli olaraq sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sonra sol əl quruduqdan sonra yeni yaş olan bir libasa dəyərsə, o libas da nəcis olur. Amma əgər o libas rütubətlə ayrı bir şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. (Bütün bunlar onlardan biri o birisinə rütubət sirayət etdiyi təqdirdə idi). Amma əgər rütubət o birisinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eynisinə dəysə, nəcis olmaz.
Məsələ 127: Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin rütubətli olub-olmadığına şəkk edərsə, pak olan şey nəcis olmaz.
Məsələ 128: İnsanın hansının nəcis, hansının pak olduğunu bilməyən iki şeydən birinə, yaş olan pak bir şey toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bəzi hallarda, məsələn iki şeyin əvvəl nəcis olduğu halda ya başqa bir vasitə ilə digər pak bir şeyə rütubətlə toxunmuş olsa, çəkinmək lazımdır.
Məsələ 129: Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər şeylər də həmçinin eyni hökmü daşıyır.
Məsələ 130: Əgər şirə, yağ və buna bənzər maddələrdən bir qədər götürüldükdə yeri boş qalmasa (yəni, axıcı və maye halında olarsa), onun bir hissəsi napak olduğu halda, hamısı napak olur. Amma əgər ondan bir qədər götürüldüyü zaman yeri boş qalsa, yəni qatı və bərk halda olsa, yalnız nəcasətin dəydiyi yer napak olur. Buna görə əgər siçanın nəcisi ona düşərsə, sadəcə nəcisin düşdüyü yer napak və murdar olur, qalan hissəsi isə pakdır.
Məsələ 131: Milçək və ya ona bənzər heyvan yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra, yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan heyvanın özü ilə birlikdə nəcasat daşıdığını bilirsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır.
Məsələ 132: Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır.
Məsələ 133: Burun və boğazdan gələn qatı bir bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən yerlər isə pakdır.
Məsələ 134: Dib tərəfi deşik olan bir abtavanı nəcis bir yer üzərinə qoysalar, əgər abtavanın suyu sızarsa və onun altında abtavadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, abtavanın suyu nəcis olur. Amma əgər abtavanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz.
Məsələ 135: Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa, nəcis deyildir. Yenə içəridə qana dəyən ağız suyu və burun suyu, bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır.