Lüğəti mənada qəsd etmək (yönəlmək), dində isə (istilahi mənada) təmiz torpağa qəsd edib onunla üz və əlləri məsh etmək deməkdir. Uca Allah buyurur:
«Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün.» (əl-Maidə surəsi, 6-cı ayə)
Nə zaman təyəmmüm etmək olar?
1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda.
Uca Allah buyurur:«…özünüz özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!». (ən-Nisa surəsi, 29-cu ayə)
4. İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;
5. Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.
Təyəmmümü batil edən amillər Əvvəldə göstərilmiş dəstəmaz və qüslü batil edən amillər təyəmmümü də batil edir.
Bura su tapılmadığı halda təyəmmüm edilmişsə, su tapılandan sonra onun batil olmasını və sudan istifadə etməyə imkanı olmadığı üçün təyəmmüm etmiş adamın bu imkanı əldə etməsini də əlavə etmək olar.
Təyəmmüm edib namaz qılmış şəxs su tapılandan sonra təyəmmümlə qıldığı namazı təkrar etməməlidir.
Təyəmmüm alınan namazın vaxtının çıxması həmən təyəmmümü batil etmir.
Təyəmmüm etməyin qaydası Niyyət edib [bismilləh] demək. Sonra ovucların içini təyəmmüm üçün seçilmiş yerə bir dəfə vurmaq. Onlara yapışmış toz-torpağı üfürüb və ya bir-birinə çırpıb təmizləmək. Sonra əlləri üzə çəkmək və bir-birinə sürtmək.
Təyəmmüm yalnız təmiz torpaq və buna bənzərlə edilməlidir.
Su ola-ola səbəbsiz yerə təyəmmüm almaq şəriətə müxalifdir və bu cür qılınan namaz batildir. Ona ğörə də hətta namazın vaxtı çıxırsa da qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm etmək olmaz. Su ilə qüsl və ya dəstəmaz alıb sonra namaz qılınmalıdır.
Əlixan Musayev (Şəriət Risaləsi)