Jurnalistika I Ən təhlükəli peşə

Jurnalistika I Ən təhlükəli peşə

Dünyada 200-dək jurnalistin qatili tapılmayıb; qara siyahıya İraq başçılıq edir...

Dünyada jurnalist qətilərinin sayı ilbəil artır. Faktlar göstərir ki, son 10 ildə jurnalistika dünyada artıq ən təhlükəli peşəyə çevrilib. Həmçinin zamanla Azərbaycanda da əfsus ki, jurnalist qətlləri baş verib. “Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov da daxil, ölkədə indiyədək 10 jurnalist öldürülüb. Dünya üzrə qətlə yetirilən jurnalistlərin sayı, qətlin səbəbləri və hansı şəraitdə həyata keçirilməsi ilə bağlı araşdırma aparıb sizi də bu araşdırma ilətanışetmək istədim.

 Ölkəmizdə 10 jurnalist qətlə yetirilib

Qarabağ döyüşlərinin şiddətli vaxtlarında erməni silahlı qüvvələri tərəfindən Alı Mustafayev, Osman Mirzəyev, dövlət televiziyasının operatoru Fəxrəddin Şahbazov, Salatın Əsgərova, telereportyor Çingiz Mustafayev, “Azərbaycan müəllimi” jurnalında çalışmış Kazımağa Kərimov həlak olub. 1995-ci ildə Adil Bünyadov Bakının mərkəzində “OMON”la hüquq- mühafizə orqanları arasında baş verən atışmada, Fərhad Kərimov isə Çeçenistanda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. F.Kərimov “Röyters” və “Assoşieyted press”in telereportyorluğuna qədər yüksəlib. 


Balakəndə yerli DM.TV kanalının əməkdaşı Telman Dibirov isə 1999-cu ildə müəyyən səbəblərə görə qətlə yetirilib. Həmin il “Konsensus” qəzetinin baş redaktoru İbrahim Niyazov Bakıdakı yataqxanaların birində boğulmuş vəziyyətdə tapılıb. Sonradan öz iş yoldaşının qatili olduğu bəyan edildi. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov isə 2005-ci ilin martında yaşadığı binanın qarşısında güllələnib. Hələlik onu qətlə yetirilənlər məsuliyyətə cəlb olunmayıb. “Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazımlı 2004-cü ildə Nərimanov Rayonu Pasport Qeydiyyatı Şöbəsində polis tərəfindən fiziki hücuma məruz qalıb. Ağır bədən xəsarəti alan A.Kazımov insult keçirib. 2005-ci il iyunun 19-da dünyasını dəyişib. Bu illər ərzində ölkəmizdə iki əcnəbi jurnalist (hər ikisi Rusiya KİV-in əməkdaşı olub) ermənilər tərəfindən vurulub. Onlar “Milostivıye qosudari” qəzetinin redaktoru Valeriy Dementyev və “Mayak” radiosunun müxbiri Leonid Lazareviçdir.

Rusiyada 16 qətldən yalnız birinin üstü açılıb

Rusiyada isə 1999-cu ildən bu yana 16 jurnalist öldürülüb. Bu qətllərdən ancaq birinin üstü açılıb. Lakin Anna Politkovskayanın qətlində iştirakda ittiham olunan Mahmudov qardaşları 2009-cu ilin fevralında bəraət aldılar. 2008-ci ildə yeni prezident Dmitri Medvedyev hakimiyyətə gələndə bu cinayətlərin açılacağına söz verib. Amma iki səs-küylü qətl prosesində — 2004-cü ildə öldürülən “Forbes” jurnalının redaktoru Pol Xlebnikov və 2006-cı ildə evinin girişində güllənən Anna Politkovskayanın işi üzrə məhkəmə proseslərində hakim şübhəli şəxslərə bəraət verib.

Jurnalist qətillərinin sayına görə İraq rekord qırır

İraq artıq 2 ildir qara siyahıda liderliyini qoruyur. 2003-cü ildə başlanan müharibədən bu yana 90 jurnalist qətlə yetirilib. Heç bir qətlin üstü açılmayıb. Doğrudur, əvvəlki illə müqayisədə İraqda jurnalist qətllərinin sayı azalıb. 2008-ci ildə İraqda cəmi 8 jurnalist öldürülüb. Hindistanda isə 7 jurnalist qətli açılmamış qalır. Ötən il saxta ərzaqlar və oğurluq malların dövriyyəsiylə bağlı yazıları çapdan çıxan kimi “Hindostan” qəzetinin jurnalisti Vikas Raca redaksiyanın qabağında motosikletçilər tərəfindən güllələnib. Banqladeşdə 2000-2005-ci illər arasında 7 jurnalist öldürülüb. Onlardan ən müdhişi 2004-cü ildə Kamal Hüseynin günorta evindən oğurlanıb, bir neçə saat sonra başı kəsilmiş meyitinin tapılmasıdır. Pakistanda açılmayan jurnalist qətllərinin sayı 10-a çatıb. Sonuncu Abdul Rəzzaq Coxranı narkotrofik haqda yazıdan sonra günorta vaxtı evindən çıxarıb güllələyiblər. Nepalda 5 jurnalist qətlinin üstü açılmayıb. Baxmayaraq ki, onlardan 4-ü indi hakimiyyətdə olan “Maoçu” qüvvələrin yaraqlıları tərəfindən mübarizə vaxtı öldürülüb. Şri-Lankada hökumət qoşunlarıyla “Tamil Pələngləri” üsyançıları arasında müharibə jurnalist qətllərinin sayını daha da artırıb. Son olaraq telereportyor Paranirupasinqama Devakumara doğranıb. Filippində isə Kənd Təsərrüfatı Nazirliyində korrupsiya faktlarını araşdıran Marlen Qarsiya Esperat öz evində, ailəsinin gözü önündə güllələnib.

2006-cı ildən Kolumbiyada jurnalist qətləri baş vermir

Meksikada narkokartellərin istədiyi kimi fəaliyyət göstərməsi üzündən jurnalistika ən təhlükəli peşəyə çevrilib. 6 jurnalistin qətlinin üstü açılmayıb. Üstəlik, son 3 ildə 7 meksikalı jurnalist oğurlanıb və tapılmayıb. Ən son Villahermoz şəhərində narkotik dövriyyəsinə qarşı kampaniya aparan radiojurnalist Alexandro Zenon Fonseka güllələnib. Braziliyada açılmayan jurnalist qətllərinin sayı 5-ə çatıb. Hakimiyyət 2007-ci ildə öldürülən əyalət televiziyasının müxbiri Luiz Karlos Barbon Filyonun qətliylə bağlı məhkəmə istintaqını başa çatdırmaq üzrədir. Məhkəmə-polis sistemindəki korrupsiya haqda araşdırmalarına görə öldürülən jurnalistin qətlində 4-ü polis olan 5 dövlət məmuru ittiham edilir.

Kolumbiyada 2006-cı ildən heç bir jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilməyib. Jurnalistləri Müdafiə Komitəsi bunu müxbirlərdə özünəsenzura ilə izah edir. 20 jurnalist qətlindən 16-sı cəzasız qalıb. 2002-ci ildə öldürülən radiojurnalist Xose Emeterio Rivasın qətlinə görə Barrankabermek şəhərinin meri və iki müavininin sifarişçi kimi məhkəmə qarşısına çıxarılması isə alqışlanacaq haldır.

Syerra-Leonedə 1999-cu ildən bəri 9 jurnalist öldürülüb. Əksəriyyəti vətəndaş müharibəsi vaxtı inqilabçılar tərəfindən qətlə yetirilib. Qəzet redaktoru olan Pol Mansarayı arvadı, iki azyaşlı uşağı və bacısı oğluyla birgə öz evində güllələyib, sonra da evi yandırıblar. Somalidə 20 ildir vətəndaş itaətsizliyi, klanlar arası mübarizələr üzündən cəzasızlıq rejimi kök salıb. 6 jurnalistin qatili cəzasız qalıb. Sonuncu dəfə, 2008-ci ildə Milli Jurnalistlər İttifaqının prezidenti Nasteh Daxir Faraa internet kafedən çıxıb evinə gedərkən güllələnib.

Beləliklə, dünyada 200-ə yaxın jurnalist qətlinin üstü açılmayıb. Faktlar isbat edir ki, onlar məhz qeyri-demokratik ölkələrdə fəaliyyət göstərdikləri üçün diktatura rejimlərinin hədəfinə gəliblər.

 

 

Müəllif: Nigar İxtiyarqızı

Top