İbn Sina haqqında

İbn Sina haqqında

Vaxtı ilə ibn Sina hey düşünər, özünə suallar verərdi: «Doğrudanmı insan ölməkdən ötrü yaşayır? Nə üçün bütün ömrünü bilik əldə etməyə sərf edən alim kifayət qədər biliyi əldə edəndən sonra o saat ölür». Böyük loğmanı düşündürən bu problemlər Nizami Gəncəvini də düşündürmüşdü.
Bəzi tədqiqatçıların fikrincə, İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır.
Deyirlər ki, Əbu ibn Sinanın şöhrəti Qurqan şahı Kabusa çatır. O, adamlarına əmr edir ki, onu tapıb gətirsinlər, bəlkə qardaşı oğlunu bu böyük həkim sağalda bilər. Şah bu fikrində yanılmamışdı. İbn Sinanı ədəb-ərkanla xəstənin yanına gətirirlər. O, qarşısında son dərəcə gözəl, ancaq kədərli bir gənc görür, xəstənin yanında oturub nəbzini yoxlamaq üçün əllərini əlinə alır və sonra deyir: Mənə elə bir adam lazımdır ki, Qurqanın bütün ev və məhəllələrini tanısın.
Dərhal belə bir adam tapıb gətirirlər. Əbu ibn Sina əlini xəstənin nəbzi üzərinə qoyur və həmin adama deyir: «Mənə Qurqanın bütün məhəllələrini adbaad sayın.» Həmin adam məhəllələri adbaad saydıqca böyük həkim xəstəyə fikir verir. Məhəllələrdə birinin adı çəkiləndə xəstə qəribə şəkildə diksinir. Sonra həkim həmin məhəllənin küçələrini soruşur. Qəribə hərəkət təkrar edilir. Belə olduqda, İbn Sina həmin küçədəki bütün evləri tanıyan adam tələb edir. Belə bir adamı da tapıb gətirirlər. O, evləri saymağa başlayır, nəbzin qəribə hərəkəti təkrar edilir. «İndi bu evin sakinlərini xatırlayın — deyə loğman xahiş edir.» Bir qızın adı gələndə gəncin nəbzi həyəcanla döyünür. Yanaqları alışıb yanır. Şübhə yeri qalmır ki, gəncin xəstəliyinin səbəbi onun eşqə düşməsidir. İbn Sina gəncləri görüşdürməyi və qarşılıqlı razılıqları əsasında evləndirməyi məsləhət görür. Belə də edirlər, gənc sağalır və hər ikisi xoşbəxt olur.

Ibn sina (Avicenna)Deyilənlərə görə, Həmədan şəhərinin bazarında, xəstələrin əhatəsində bir həkim oturubmuş. Sultan Mahmud Qəznəvinin təqibindən gizlənmək üçün bu şəhərə gəlmiş ibn Sina onların yanından keçərkən maraqlanıb dayanır. Həkim müşahidəçilik və diaqnostika məsələlərini, ağıllı həlletmə qabiliyyətini nümayiş etdirirmiş. Növbə İbn Sinaya da çatır, lakin o, həkimdən xahiş edir ki, işində olsun və ona lap axırda bir az vaxt ayırsın. Həkimin qabağında bir neçə qalın əlyazması varmış. Bunu görən İbn Sina həkimə yaxınlaşıb, özündən asılı olmadan əlyazmalardan birini qabağına çəkib küncündən tutaraq aralayır və dərhal da örtərək deyir:
— Bu ki «Qanun»dur. Həkim cavab verir:
— Tamamilə doğrudur. Siz isə İbn Sinasınız və təqibdən qaçaraq bura gəlmisiniz.
İbn Sina bütün bu görüb-eşitdiklərindən təəccüblənərək soruşur: — Möhtərəm ağa, həkimlik elminin «Qanunu»nu yazmağına baxmayaraq mən hələ heç bir zaman xəstənin nəbzindən tutmaqla vaxtilə onun başına nələr gəldiyini deyə bilmirəm. Siz buna necə nail olursunuz? Bu ki mümkün olan şey deyil. Əgər sirr deyilsə, bunu açıb deyin. Həkim dilləndi:
— Bilirsinizmi əslində heç də həkim deyiləm. Bu gördüyün kitab bir neçə il bundan əvvəl əlimə keçsə də, savadsız olduğumdan orada nələr yazıldığım bilinirdim. Sonralar oxuyub yazmağı öyrəndimsə də, orada yazılanların çoxunu heç indinin özündə də başa düşə bilməmişəm. Lakin bisavad olsam da məndəki iti fitri düşüncəni və müşahidə qabiliyyətini özünüz görürsünüz. Çarşablı qadının indicə suallarına necə də müsbət cavablar verdiyini eşitdiniz. Məsələ burasındadır ki, mən qadının çarşabında güclə seçilən ağ ləkəni gördükdə onun qatıq ləkəsi olduğunu fikirləşdim və odur ki, qadından onun bir neçə gün əvvəl qatıq yeyib-yemədiyini soruşdum və sualıma müsbət cavab aldım. Bununla da qadının qəlbində mənə və mənim həkimliyimə qarşı inam qığılcımı parlamış oldu. Cavabına bir neçə gün bundan əvvəl düşmüş qatıq ləkəsinin indiyədək təmizlənməməsi qadının pintiliyi, onun yəhudi olduğunu fikirləşməyim üçün bir əsas verdiyindən mən ona ikinci sualımı verdim: «Sizin evin pəncərələri şərq tərəfəmi baxır?» Qadından bu sualıma da müsbət cavab aldıqdan sonra onun yəhudi olması barədə məndə şübhə qalmadı. Çünki şəhərimizdə yəhudilərin yaşadıqları məhəllədə evlərin pəncərələri yalnız şərq tərəfə baxır.
Bundan sonra mən ona: «Beş gün qabaq plov yemişsən?» — dedikdə qadın barmaqlarını sayaraq sözümün doğru olduğunu gördü. O, mənim həkimliyimə daha da heyran oldu. Məsələ burasındadır ki, gün cümə axşamıdır. Yəhudilər isə nə olursa-olsun şənbə günləri mütləq plov yeməlidirlər.» Sonra isə ona «dərman» yazaraq amiranə səslə «dərmanı içib qurtaran kimi xəstəliyinin sağalacağını bildirdim. Vəssalam, mənim «dərmanlarım» adicə sudur və xəstəyə xeyri olmasa da, onlara heç bir zərəri də olmayacaq. Lakin xəstələrin sağalmasında rol oynayan başlıca amil mənim onlarda yarada bildiyim inamdır. Mən xəstələri sözün qüdrəti ilə onlarda həkimə və xəstəlikdən tezliklə sağalacaqlarına inam yaratmaqla sağaldıram.» İbn Sina ona axırıncı sualını verdi: «Biz bir-birimizi ilk dəfədir ki, görürük. Belə olan surətdə mənim İbn Sina olduğumu bəs haradan bildiniz? — Bizim əyalətin mollası sizin kitabınızı bir qədər o yan bu yana vərəqləyəndən sonra bu kitabın adını «Qanun», onu yazan adamın isə Əbu Əla ibn Sina olduğunu mənə demişdilər. Siz isə kitabı açan kimi onun olduğunu söylədikdə qarşımdakı Şəxsin müəllifin özü olduğuna şübhəm qalmadı.»

İbn Sina bir dəfə də olsun gecəni tamam-kamal yatmamışdır.
İbn Sinadan soruşmuşdular: «Dünyada əlacı olmayan dərd varmı?» Məşhur loğman demişdir: «Yaxşı adamın pis adama möhtac olması dərdinin əlacı yoxdur.»
Məlumdur ki, astrolyabiya (ulduzların yerləşdiyi yüksəkliyi ölçən cihaz) cihazının dəqiqliyini artırmaq üçün İbn Sina qurğu düzəltmişdir. Onun ölümündən 500 il sonra, portuqaliyalı Pedro Nunents 1542-ci ildə belə bir qurğunu Avropa üçün yenidən ixtira etmişdi.

XII əsrin böyük mütəfəkkir alimi Əbu Əli ibn Sina yaradıcılığının ən məhsuldar dövrünü Azərbaycanda keçirmiş, ona dünya şöhrəti qazandıran «Qanun» və digər əsərlərini burada yazmışdır.
Həkim-filosof Əbu ibn Sina vaxtilə tələb etmişdir ki, həkim şahin gözlü, qız əlləri kimi zərif, ilan dərrakəli və şir ürəkli olmalıdır!
Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləminə bir çox yeniliklər gətirən «Əl-Qanun» adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. «Tibbin İncili» adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılara nümunə olmuşdur.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Top