Antioksidantlar

Antioksidantlar

Antioksidant orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu molekulların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.
Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla  azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma  ehtimalı artır.

Əsl cavanlaşdırma möcüzəsi

Mütəxəssislər sübut etmişlər ki, cavan qalmağın sirri antioksidan maddələrdədir. Həb halında satılan antioksidantların orqanizmə xeyiri olmur. Əksinə, immun sisteminin fəaliyyətinə zərər verir. Həkimlər ondansa təbii üsulla bu maddəni qəbul etməyi tövsiyyə edirlər. Brokoli, qarpız və pomidorda likopen, kuversitin, sülforafen, E ilə C vitaminləri kimi təbii antioksidan vardır.

Antioksidantlar immun sisteminin əsas parçalarındandır. Orqanizmdə olan zərərli maddələr hüceyrə pərdəsinə zərər verir və onların yaşlanmasına, qocalmasına səbəb olur. Antioksidantlar, hüceyrələrə zərər verən sərbəst radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox xəstəliyə və erkən yaşlanmağa səbəb ola biləcək reaksiyaları önləyir və qoruyur.

Antioksidantları orqanizm necə yığır?

Bədənin immunitet sistemi 2 saatdan bir davamlı olaraq yenilənir. Bunun qarşılığında antioksidanları özü çıxarır və lazımlı olanları ehtiyata yığır. Qidalardan aldığımız bəzi antioksidanları bədən orqanlarda, qanda, yağ toxumasında ehtiyat şəklində saxlayır.

Antioksidantı yüksək olan yeməklər Oksigen Radikalı Əmmə Tutumu (ORƏT) yüksək olan qidalar kimi adlandırılır. Hər yemək eyni nisbətdə antioksidan təsiri göstərə bilməz. Mütəxəssislərin fikrincə, bir gündə insan 3000-5000 ORƏT dəyərində qida qəbul edərsə, onun immun sistemi bir o qədər sərbəst radikalların hücumundan qorunar.

Sağlam bəslənmək və sərbəst radikalların səbəb olduğu mənfi təsirlərdən qorunmaq üçün ORAT dəyəri yüksək olan meyvə və tərəvəzlərə gündəlik bəslənmədə yer vermək lazımdır.

Bəzi tərəvəz və meyvələrin 100 qram  üçün ORƏT dəyəri belədir:

Quru kələm (1770), Brokoli (890), Çuğundur (840), Qırmızı bibər (710), Soğan (450), Quru ərik (5770), Çiyələk (1540), Albalı (670), Portağal (750), moruq(1220)

Bitki nə qədər təbii şəraitdə yetişərsə, bir o qədər antioksidan verir. Süni gübrələrdən, dərmanlardan istifadə edilərək becərilən bitkilərin tərkibində antioksidan dəyəri aşağı olur.

Bitkilərdəki antioksidan komponentlərin sərbəst radikallara qarşı təsirləri eyni olmadığı üçün  antioksidan qəbulunda müxtəliflik əhəmiyyətlidir. Mütəxəssislər deyirlər ki, antioksidan komponentləri fərqli qaynaqlardan almaq lazımdır.

Antioksidantlar orqanizmi  təmizləyir. Həkimlərin məsləhətlərinə görə, antioksidanlı qidalar balanslı şəkildə istehlak edilməlidir. Çünki bunların həddindən artıq istehlak edilməsi orqanizmdə daş yaranmasına səbəb olur.

A, C və E vitaminlərinin də antioksidant təsiri vardır.

Antioksidantların faydası nədir?

* İmmunitet sistemini gücləndirir.
* Yaşlanma təsirlərinin azalmasına (anti-aging) köməkçi olur.
* Bağ toxumasını gücləndirərək dəri sallanmasına mane olur.
* Qırışıqlara qarşı kosmetik vasitə kimi istifadə edilir. Dərinin elastik, yumşaq və daha da qırışıqsız olmasına kömək edir.
* Ürək və damar sistemindəki toxumalara elastiklik verir və ürək sağlamlığının qorunmasına köməkçi olur.
* Oynaqlarda bükülmə çətinliyinə qarşı hərəkəti asanlaşdırır.
* Xüsusilə siqaret çəkənlər, spirtli içki qəbul edənlər və hamiləliyə qarşı həb istifadə edənlər üçün çox qiymətlidir.
* Qan dövranının yaxşılaşmasına kömək edir.
* Orqanizmdə xərçəngə qarşı mübarizə çəpəri yaradır.

Antioksidant orqanizmimiz tərəfindən hazırlandığı kimi çöldən qida yoluyla da alınır.

Qida yoluyla alınan antioksidanlar :

A Vitamini: Ərik, kök, pomidor, portağal, ispanaq, brokkoli, şaftalı, kələm kimi yaşıl-sarı tərəvəz-meyvələr, qaraciyər, balıq, süd və yumurta ən zəngin A vitamini qaynaqlarıdır.

C Vitamini: Cəfəri, yaşıl bibər, ispanaq, üzüm yarpağı, brokoli kimi yaşıl tərəvəzlər, sitrus bitkiləri, çiyələk, itburnu və albalıda var.

E Vitamini: Bitki mənşəli maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı toxumlar və bunlardan əldə edilən yağlar, taxıl dənələri və quru paxlalılar ən yaxşı E vitamini qaynaqlarıdır.

Flavonoidlər: Soğan, kəvər, kartof, kələm, brokoli, ispanaq, çiyələk, alma, gilənar, albalı, ərik, qara üzüm, qırmızı şərab, sitrus bitkiləri, yaşıl çay ən məşhur qaynaqlarıdır.

Selenium: Tərkibində selenium olan qidalar yetişdiyi torpağın selenium miqdarına bağlı olaraq taxıl məhsullarında və paxlalılarda, ət, böyrək, ürək kimi içalatlarda , balıq və dəniz məhsullarında tapılır.

Sink: ət, süd, pendir, yumurta, dəniz məhsulları və balıq kimi heyvan mənşəli qidaların hamısı sinklə zəngindir. Bundan əlavə  bütün taxıl məhsulları, quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink qaynaqlarıdır.

Bir çox bitkilər antioksidant xüsusiyyətli olmaları ilə bizi sərbəst radikallardan və zərərlərindən qoruyur. A, C və E vitamini,  beta karoten bizi qoruyan antioksidanlardan ilkincidir. Bunlardan əlavə soenzium Q-10 kimi antioksidanlar da çox tanınır.

Hər bitki mənşəli maddə zərərsiz deyildir. Bəzi bitkilər xeyri ilə bərabər, insana ziyan da verə bilər. Antioksidant xüsusiyyəti olan bitkilərə aid olan bəzi nümunələr və xüsusiyyətləri bunlardır:

Ginkgo Biloba (Məbəd ağacı): Yaddaş və zehnin güclənməsinə kömək edir. Yorğunluğu, baş gicəllənməsini və qulaq zingildəməsini azaldır. Bu bitki əsasən Çində, Yaponiyada, Koreyada geniş şəkildə yayılıb. Yaxın Şərqdə bu ağac gümüş ərik, fil qulağı, qız saçı, Çin yelpik şamı kimi tanınır. Yarpaqları bol antioksidan xüsusiyyətlidir.

Sarımsaq: Güclü antibakterial, antioksidan təsirə malikdir. Həzm sisteminə kömək edir, ürək xəstəliklərinə təsir göstərir, xalestrolu azaldır,  üst tənəffüs yolu  xəstəliklərinə yaxşı təsir göstərir, qan laxtalanmasının qarşısını alır, təzyiqi tarazlayır, sidikqovucudur və s.Hər gün 1-2 diş sarımsaq yemək imuniteti gücləndirər. Ona görə də xörəklərdə soğanla yanaşı 1 diş sarımsağın istifadə edilməsi məsləhətlidir.

Jenşen otu: Stressə, yorğunluğa, cinsi zəifliyə qarşı güclü təsir etmə qabiliyyətinə malikdir, qüvvətverici bir tonikdir. Qədim Çində uzunömürlülüyünün sirrini bu bitkidə axtarırdılar. Jenşen bitkisi çox xəstəliklərə. İmmuniteti gücləndirir, ağciyər, şəkər, xərçəng, böyrək və s. xəstəliklərə qarşı  qoruyucu funksiya daşıyır. İnsanı cavanlaşdıran antioksidant xüsusiyyətə malikdir.

Üzüm: Damar sərtliyini, sərbəst radikalların zərərlərini önləyər, qan dövranını artırar, immuniteti gücləndirər və s. İltihab qaldırıcı təsiri vardır. Yaranın tez sağalmasını  sürətləndirər. 1 kq üzümün tərkibindəki qida dəyəri 1.150 litr südə, 390 qram ətə və 1.5 kq kartofa bərabərdir. Üzüm xərçəngə, dərinin qocalmasına, ürək-damar xəstəliklərinə  qarşı yaxşı təsir göstərir. Kalori dəyəri yüksək olan üzüm kalsium, kalium, natrium və dəmirlə zəngin olduğu kimi, A, B1, B2, və C vitaminləri ilə də  əhəmiyyətli bir qida qaynağıdır. Bir sözlə, üzümün faydalarını saymaqla bitməz.

Soya paxlası (lobya): Xolestrolun miqdarını tənzimləyir, zərərli xolestrolun qarşısını alır, ürək xəstəliklərinə, infarkt, xərçəng və xroniki xəstəliklərə qarşı yaxşı təsir göstərir. Menopoz (qadınlarda menstruasiya prosesinin erkən başa çatması) və osteoporaz (sümük əriməsi) xəstəliklərinin müalicəsində əvəzedilməz təsirə malikdir.

Çay: Güclü antioksidan təsirə malik olan bu bitkinin sağlamlığa demək olar ki, ziyanı çox azdır. Çayın xolesterol səviyyəsini aşağı saldığı mütəxəssislər tərəfindən təsdiqlənmişdir. Susuzluğu yox edir, qaraciyəri təmizləyir və təzələyir, diş çürüklərinin qarşısını alır, yorğunluğu götürür, sakitləşdirici təsirə malikdir. Ürək-qan-damar xəstəliklərinin qarşısını alır, ürəyi gücləndirir, asmanın qarşısını alır. C və E vitamini ilə karoten maddəsi sayəsində qan xərçənginə qarşı immuniteti artırır, sonsuzluğun qarşısını alır. Tərkibində olan antioksidant təsir orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir və ağciyər, mədə, bağırsaqda xərçəngin, gözdə kataraktanın yaranmasının  qarşısını alır. Çay həm də antibakterial təsirə malikdir. Yaşıl çayın tərkibində daha çox antioksidan maddələr vardır.

Soğan, kəvər, kərəviz, kələm fəsiləsi də antioksidan xüsusiyyətə malikdir. Xərçəngə qarşı güclü təsirə malikdir.

Qara qarağat, quşüzümü, çiyələk, moruq, nar, böyürtkən də güclü antioksidant təsiri vardır. İmmuniteti gücləndirir, göz xəstəliklərinə qarşı istifadə edilir.

Pomidor, ərik, qreyfrut,qarpız çox güclü bir antioksidant olan likopen baxımından zəngindirlər. Likopen məmə, prostat xərçəngi kimi bəzi xərçəng növlərinin riskini  azaldır. Orqanizmi ürək-damar sistemi xəstəliklərinə qarşı qoruyur.

Sitrus bitkiləri: Limonen, fenolik turşusu kimi antioksidantları özündə birləşdirirlir. Dəri, məmə və ağciyər xərçəngləri başda olmaqla, xərçəng riskini azaldar. C vitamini qaynağı olduqlarından dərinin elastikliyini qoruyar. Orqanizmdə dəmir kimi bəzi qida elementlərinin sorulmasına kömək edər.

Yabani ənginar: Ənginar bitkisi ən çox Türkiyə, İtaliya, Fransa, İspaniya, ümumilikdə Cənubi Avropa və Ağ dəniz hövzəsindəki ölkələrdə yetişdirilir. Azərbaycanda isə əkin ənginarı, əkin artişoku, tikanlı ənginar  adlandırılan növü yetişdirilir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilib. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar. Ənginardan xroniki qaraciyər iltihabı, qaraciyərin yağlanmasının qarşısını almaq üçün istifadə edirlər. Ənginar bitkisi ödün fəlaiyyətini tənzimləyir və öd şirəsinin bağırsağa ifraz edilməsinə, yayılmasına kömək edir.

Xərçəng xəstəliyinin qənimi

Antioksidant maddələr ən çox xərçəngin yaranma riskini əngəlləyir. Spirtli içki qəbul edənlər və  siqaret çəkənlərin daha çox antioksidan maddələrə ehtiyacı vardır. Çünki spirt və siqaret orqanizmi zəhərləyərək zəiflədir, immun sistemini məhv edir. Belə şəraitdə sərbəst və zərərli birləşmələr insan orqanizmini özünə tabe edir. Antioksidantın bol olması ən azından bu birləşmələrin zərərli təsirinin qarşısını alır, dəri hüceyrələrini məhv etməsinə və zədələməsinə şərait yaratmır. Ona görə də xüsusilə xərçəngə tutulmamaq üçün siqaretdən və hansı şəraitdə hazırlanması bəlli olmayan spirtli içkilərdən tamailə imtina etmək məsləhətdir.

Sonda unutmamaq lazımdır ki, insan üçün həyatda özünün və yaxınlarının sağlamlığından dəyərli heç nə yoxdur. Ona görə də hər kəs necə və nə ilə bəslənməsinə ciddi fikir verməlidir. Həmişə təbbii məhsullarla qidalanmalıdır.

Tədqiqatlara əsasən, qoz tərkibindəki ən yüksək antioksidantlara görə digər qida məhsullarından fərqlənir. Antioksidantlar insan orqanizmində turşuluq nəticəsində hüceyrələri parçalayan zəncirvari reaksiyanın qarşısını alır. Alimlər hesab edirlər ki, fındıq, araxis, badam və püstə ilə müqayisədə qoz daha xeyirlidir. Skrenton Universitetinin əməkdaşı Co Vinsonun hesablamalarına görə, qozun tərkibində antioksidant digərlərinə nisbətən iki dəfə çoxdur. Qozdakı antioksidantın bioloji fəallığı başqaları ilə müqayisədə yüksəkdir. Tədqiqatların nəticəsinə görə, qozun tərkibindəki antioksidantlar E vitamininə nisbətən 15 dəfə çox güclü təsirə malikdir. Nəzərə almaq lazımdır ki, E vitamini insan orqanizmindəki hüceyrələrin təbii kimyəvi vasitələrlə zədələnməsi nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən qoruyur. Qozun tərkibində yüksək keyfiyyətli zülal, çoxlu vitamin və minerallar var. Bununla yanaşı, allergiya yaradan kleykovinalar yoxdur. İndiyə qədər aparılmış tədqiqatlar göstərir ki, az miqdarda qoz yemək ürək xəstəlikləri, xərçəng, diabetin hər iki növündə riski azaldır. Tədqiqatçı Co Vinson deyir ki, qoz yüksək temperaturda qovrulduqda antioksidantların keyfiyyəti aşağı düşür. Məsələ bundadır ki, tərkibindəki antioksidantların səmərəliyini saxlamaq üçün insanlar qozu çiy şəkildə və lazım olan qədər yeyə bilər.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, yaşlanma damar xəstəliyi ilə bağlıdır. Damar nə qədər yumşaq olsa, yaşlanma prosesi də bir o qədər yavaş gedir. Bunun üçün tərkibində antioksidantlar, C vitamini və selenium olan qidalar qəbul etmək daha faydalıdır.
Ən mühüm antioksidantlar
* C vitamini meyvə-tərəvəzdə, əsasən də pomidorda daha çoxdur və bu vitamin dərinin və toxumaların yaşlanmasının qarşısını alır.
* Bir çox fərqli növləri olan B vitamini dərini, saçları və gözləri qoruyur.
* E vitamini xüsusən zeytun yağında boldur və dərinin gənc qalması üçün mühüm rola malikdir.
* Selenium hüceyrələri qoruyur, “Omeqa-3“ yağ turşusu yaşlanmanın təsirini azaldır, yerköküdəki və müxtəlif rəngli meyvə-tərəvəzlərdəki betakaroten dərini günəş şüalarından qoruyur, gözləri gücləndirir.
* Sink dərini gözəlləşdirir, dırnaq və saçları möhkəmləndirir...
Top