1975-ci il noyabrın 8-dən 9-na keçən gecə baş vermiş hadisə barədə sənədlər Sovet İttifaqı dağılana qədər Sov.İKP MK-nın baş katiblərinin kabinetində «Xüsusi qovluq»da saxlanıb. Həmin qovluq yalnız SSRİ dağılandan sonra açılıb… «Tamamilə məxfi» qrifli «Xüsusi qovluq»dan :
SSRİ müdafiə naziri Qreçkodan Baş katib Brejnevə: «Məruzə edirəm ki, noyabrın 8-dən 9-na keçən gecə sualtı qayıqlar əleyhinə „Storojevoy“ gəmisi komandirinin siyasi məsələlər üzrə müavini, 3-cü dərəcəli kapitan V.M.Sablin gəmi komandiri A.V.Patulnını aldatmaq yolu ilə həbs edərək iki zabiti və 10-12 heyət üzvünü öz tərəfinə çəkməklə gəmini Riqa limanından Baltik dənizinə çıxarmış və heyətə Kronştadta getdiyini bildirmişdir. O, bazaya qayıtmaq barədə verilən əmrə tabe olmamışdır. Hərbi Hava Qüvvələri aviasiyası vasitəsilə mərmi atəşləri ilə xəbərdarlıqdan sonra gəmi dayanmışdır. Şəxsi heyət üzvlərinin köməyi ilə gəmi kapitanı həbsdən azad olunmuş və rəhbərliyi ələ almışdır. Sablin həbs edilmişdir. İstintaq gedir. 10 noyabr 1975-ci il».
«Storojevoy» gəmisində nə baş vermişdi?
Noyabrın 8-də axşam yeməyindən sonra Baltik donanmasına məxsus «Storojevoy» gəmisi kapitanının siyasi məsələlər üzrə müavini V.Sablin heyət üzvləri üçün «Potyomkin» zirehli gəmisi" filminə baxış təşkil edir. Film qurtardıqdan dərhal sonra saat 21.40-da isə daxili rabitə kanalı ilə «toplanış» elanı verir. Gəminin bütün matros və starşinaları göyərtədə sıraya düzülürlər.
Yalnız bu zaman aydın olur ki, Sablin gəmi kapitanı A.Patulnını həbs edib. Daha doğrusu, onun kayutunun qapısını çöldən bağlayıb və içəriyə məqsədi barədə qısaca bir məktub atıb: "...biz Vətən xaini deyilik. Bizim etirazımız sırf siyasi xarakter daşıyır. Xalqı siyasi yuxudan oyatmaq lazımdır!"
Sablin şəxsi heyət qarşısında qısa nitq söyləyir:
— Uzun müddət fikirləşəndən sonra qərara aldım ki, nəzəriyyə ilə qurtarıb praktikaya keçmək vaxtıdır. Başa düşdüm ki, mənə ölkədə mövcud vəziyyəti dəyişmək zərurəti haqqında azad fikirlərimi söyləmək üçün tribuna lazımdır. Düşündüm ki, gəmidən yaxşı tribuna tapa bilməyəcəyəm. Dənizlərdən isə ən münasibi Avropanın mərkəzində yerləşən Baltik dənizidir...
Sablin ölkədə yaranmış vəziyyətdən danışır və şəxsi heyəti dövlətin ədalətsiz qaydalarına qarşı çıxmağa çağırır. Məlumat üçün deyək ki, həmin gün gəmidə 179 nəfər matros və starşina, 15 zabit olub. Sablin gəminin hərəkət proqramını da elan edir: «Storojevoy» Kronştadta, oradan isə üç inqilab məskəni olan Leninqrada (indiki Sankt-Peterburq — M.H.) gedir ki, SSRİ rəhbərlərinin yol verdiyi faciəli səhvləri düzəltmək üçün yeni — dördüncü inqilaba bu şəhərdən başlasın!"
Sablinin qənaətinə görə, gəminin etirazı Kronştadt və Leninqrad dənizçiləri, eləcə də sadə leninqradlılar tərəfindən müdafiə olunacaq. O, Leninqrada gedib televiziya ilə xalqa müraciət etmək fikrindəydi. Güman edirdi ki, onu leninqradlılar, Leninqradı isə bütün ölkə müdafiə edəcək.
Kapitan Sablin kim idi?
1939-cu il təvəllüdlü Valeri Sablin 1960-cı ildə Frunze adına Ali Hərbi Dənizçilik Məktəbini bitirmiş, 9 il Şimal və Qara dəniz donanmalarının gəmilərində qulluq etmişdi. O, 1973-cü ildə Lenin adına Hərbi-Siyasi Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdi.
Akademiyada marksizm-leninizm klassiklərinin əsərlərini diqqətlə oxuyan Sablin bu qənaətə gəlir ki, indiki hakimiyyət kommunizm təlimini tanınmaz dərəcədə təhrif edib. Ona görə də hələ akademiyada oxuduğu illərdə qərara alır ki, hakimiyyətin səhvlərini demək lazımdır. O, bu məqsədlə cəmiyyəti yenidən qurmağa dair 30 bənddən ibarət proqram hazırlayır. 1975-ci il noyabrın 8-də Sablin qərara alır ki, həmin proqramla SSRİ ictimaiyyəti qarşısında televiziya ilə çıxış etmək vaxtıdır.
Sablin siyasi hakimiyyətin qəbul etdiyi məsuliyyətsiz qərarlardan, ölkəni bürümüş korrupsiya faktlarından, xüsusən də L.Brejnevin hədsiz dərcədə təriflənməsindən narazı idi. O hesab edirdi ki, ölkə çoxpartiyalı sistemə keçməlidir. Son iki ildə Sablin özünə həmfikirlər toplamaq niyyətilə heyətin bəzi üzvlərini planları ilə tanış edir.
Baltik donanmasının gəmiləri noyabrın 7-də — oktyabr inqilabının 58-ci ildönümü münasibətilə Riqa şəhərinə ənənəvi hərbi-dəniz paradına göndərilir. Ona görə də heyət üçün nəzərdə tutulan silah istisna olmaqla gəminin bütün silah-sursatı sahildəki anbarlara təhvil verilir.
Sablin rejim əleyhinə çıxışa məhz həmin gün — 1917-ci ildə olduğu kimi noyabrın 8-də başlamaq qərarına gəlir.
«Qiyamçı gəmi dayandırılsın!»
Sablin gəmi komandirinin yerini tutaraq Kronştadta getmək barədə əmr verir. O açıq dənizə çıxan kimi ilk kodlaşdırılmış radioqramı SSRİ Hərbi Dəniz Donanmasının baş komandanı Qorşkova göndərir. Radioqramda qeyd edir ki, «Storojevoy» Vətənin bayrağına və özünə xəyanət etmədən Leninqrada gedir. Mən orada Leninqrad və ölkə zəhmətkeşlərinə televiziya ilə müraciət etmək fikrindəyəm". Mexanik zabitlərdən biri — komsomol komitəsinin katibi Firsov gəmidən qaça bilir və yaxınlıqdakı sualtı qayığa keçir. O, «Storojevoy»da baş verənlər barədə qayığın komandirinə məlumat verir və beləliklə qiyam barədə xəbər dərhal Moskvaya çatdırılır.
Ölkənin ali hərbi rəhbərliyi sərt və qəti qərar qəbul edir: «Qiyamçı gəmi dayandırılsın. Əmrə tabe olmasa, atəşə tutulsun, yaxud bombalanmaqla batırılsın!» Noyabrın 9-da səhər tezdən Pribaltika hərbi dairəsində həyəcan siqnalı elan olunur. «Storojevoy»un ardınca hərbi gəmilər eskadrası göndərilir. 12 qırıcı-bombardmançı təyyarədən ibarət eskadrilya havaya qalxır. Gəminin burun hissəsi 300-400 metr hündürlükdən mina və mərmilərlə atəşə tutulur. Sablin həmin dəqiqələrdə gəminin idaretməsini ələ alaraq manevr yolu ilə onu aviasiya atəşlərindən qorumağa çalışır. Nəhayət, idarəetmə qurğusu sıradan çıxarılır. Gəminin sürəti azalır, tüstülənməyə başlayır. Bu vaxt heyətin bəzi üzvləri "özünə gələrək" gəmi komandirini həbsdən azad edirlər. A.Patulnı çıxan kimi Sablini tapança ilə ayağından vurur və onu həbs edir. Hərbi gəmilər «Storojevoy»u mühasirəyə alırlar. Bir az sonra Sablinin qoluna qandal vurulur. Sablin başda olmaqla qiyamçılar Riqaya gətirilir. Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları istintaqa başlayır. Bir gün sonra bütün qiyamçılar təyyarə ilə Moskvaya aparılır.
Sablin «Lefortovo» həbsxanasında bütün günahı öz üzərinə götürür və heç kimin adını çəkmir. Müstəntiqlər yalnız Şeyin familiyalı bir matrosu istintaqa cəlb edə bilirlər. Qalan starşina və matroslar da tədricən azadlığa buraxılır, bir çoxu ordudan tərxis edilir. Bu hadisə barədə heç nə danışmamaq barədə hamıdan iltizam alınır. Hələ məhkəməyə qədər Sablinin əməli Vətənə xəyanət və gəmini xarici ölkəyə qaçırmağa cəhd kimi tövsif edilir. Özü də bu məsələ ən yüksək səviyyədə — Siyasi Büroda həll olunur…
«Tamamilə məxfi»
Sov.İKP MK-ya: «Dövlət Təhlükəsizliyi Komitəsi „Storojevoy“ gəmisində cinayətkar aksiyanın iştirakçılarının — 3-cü dərəcəli kapitan V.M.Sablin və başqalarının törətdiyi cinayət üzrə istintaqı yekunlaşdırır. Müəyyən edilmişdir ki, cinayətin təşkilatçısı Sablində təftişçi burjua ideologiyasının təsiri altında uzun illər boyu sovet həqiqətlərinə qarşı düşmən baxışlar formalaşmışdır. O, 1975-ci ilin aprelində düşmən baxışlarını kağıza köçürmüş və maqnitofon lentinə yazdırmışdır. „Storojevoy“da baş verən hadisələr zamanı isə şəxsi heyət qarşısında antisovet nitqi söyləmişdir. Sablinin siyasi „platforması“ burjua təbliğatının marksist-leninçi təlimin „köhnəlməsi“ barədə böhtanlarına əsaslanmışdır. ...O Sov.İKP MK-nın cəmiyyətə rəhbərlikdən uzaqlaşdırılmasına və yeni „daha mütərəqqi“ partiya yaradılmasına çağırmışdır. Sablin hərbi gəmidən SSRİ-də dövlət quruluşunu dəyişmək barədə tələblər irəli sürmək və sovet hakimiyyəti ilə mübarizə aparmaq üçün „siyasi tribuna“ kimi istifadə etmək məqsədilə 1975-ci ilin yazında hərbi gəminin tutulması planını işləyib hazırlamışdır. O nəhəng hərbi gəminin sovet ərazi sularından icazəsiz çıxarılmasını təşkil etmiş və buna nail olmuşdur. Sablinin hərəkətləri Vətənə xəyanət kimi tövsif edilmişdir...
DTK sədri Andropov
Baş prokuror Rudenko
Müdafiə naziri Qreçko
SSRİ Ali Məhkəməsinin sədri Smirnov.
18 fevral 1976-cı il».
Məktubun üstündə Siyasi Büro üzvlərinin hamısının — Brejnev, Suslov, Pelşe və başqalarının imzaları var.
Bununla da Siyasi Büro kapitan barəsində ölüm hökmü çıxarılmasına razılıq verir...
Məhkəmədən əvvəl Sablinə ailəsi və azyaşlı oğlu ilə beş dəqiqəlik görüş verilir…
1976-cı il iyulun 13-də isə SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının son qapalı iclası keçirilir və V.Sablin hərbi rütbəsi, orden və medalları alınmaqla Cinayət Məcəlləsinin «Vətənə xəyanət» maddəsi ilə ölüm cəzasına məhkum olunur.
Hökmün sərtliyi Sablin üçün gözlənilməz olur. Hökm elan edilən kimi mühafizəçilər onun qollarına qandal vurur, ağzını isə plastrla bağlayıb aparırlar. O dartınır, nəsə demək istəyir, amma heç nə eşidilmir...
Məhkəmədən 19 gün sonra — 1976-cı il avqustun 3-də Sablin güllələnir… «Storojevoy» gəmisi isə hadisədən sonra təmirə göndərilir. Gəminin modeli, təyinatı, bort nömrəsi və hətta adı dəyişdirilir. Komandanlıq da təzələnir və gəmi Sakit Okean Donanmasına göndərilir. Hər şeyin və hamının unudulması üçün...