Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar

Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar

Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.

Məğlubiyyətin qeyri-hərbi səbəbləri

1. Azərbaycanda ([geo-] siyasi, [geo-] iqtisadi, dini və s.) marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etməsi (dövlətlər səviyyəsində əks tərəfə edilən maliyyələşdirmədən tutmuş, müharibə planının ssenariləşdirilməsinə qədər metodlarla — təbii ki, məxfi planlar və kanallar üzrə);

2. Erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması, və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız, şok vəziyyətində aparması;

3. İlkin mərhələdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam gətirə biləcək hakimiyyət aparatının və ya vahid liderin olmaması;

4. Azərbaycanda hərbi sənaye inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesindən asılı vəziyyətə düşməsi;

5. Müharibə ərzində döyüşlərin gedişatını analiz və proqnoz edən, ssenariləşdirən institutların olmaması, silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alimlərin cəlb edilməməsi (təkcə İkinci Dünya Müharibəsi ərzində «Katyuşadan» tutmuş atom bombasına qədər silahlar icad olunmuşdu);

6. Müharibənin Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi, başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedə-gedə «sıfır»dan başlanıb qurulması;

7. «Neft kontraktları»nın imzalanmasının yubadılması;

Məğlubiyyətin sırf hərbi səbəbləri

1. Bütün müharibə boyu döyüşün yalnız bir stilinə — güc stilinə üstünlük verilib, qalan digər bütün stillərinə — o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir əhəmiyyət verilməməsi;

2. Ordunun döyüş qabiliyyətinin heç bir vasitə ilə stimullaşdırılmaması. Başqa sözlə, fəxri ad və mükafatlar, orden və medallar, rütbə və pul mükafatları verilməsi və s. kimi çoxdan sınanılmış təhrikedici-ruhlandırıcı vasitələrdən istifadə edilməyib, əvəzində, əsgərlərin başının «namus», «qeyrət», «vətən», «borc» və s. kimi köhnə bayatılarla qatılmasına cəhd göstərilməsi;

3. Rotaların komplektləşdirilməsi işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən (!) əhəmiyyət verilməməsi. Məsələn, təkcə mənim xidmət etdiyim artilleriya divizionunda 10-a yaxın tankçı olduğu halda, qonşu tank botolyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş «StroyBat»-çılardan təşkil olunmuşdu. Eyni ilə, qonşu piyada botolyonunda onlarla tankçı, topçu və s. üzrə mütəxəssislər xidmət edirdi;

4. Tarixi, müharibə anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa — təxliyyəyə (evakuasiyaya) heç bir əhəmiyyət verilməməsi (informasiya üçün: təxliyyə — təhlükəli zonadan əmlakın və mülki vətəndaşların, o cümlədən, xəstələrin, qocaların, qadınların, uşaqların və b. köçürülməsi əməliyyatıdır), əksinə, kəndlərdə təxliyyə əməliyyatı aparmaq istəyənləri «təxribatçı» kimi yaxalayıb, «camaat arasında panika yaydığına», «kəndləri boşaltmağa cəhd etdiyinə» və s. görə həbs edilməsi. Məhz həmin səbəbdən atəşkəs elan edilən vaxt qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (onun da əksəriyyəti mülki vətəndaş, o cümlədən, xəstələr, qocalar, qadınlar, uşaqlar və b. idi) qaldığı halda, qarşı tərəfin Azərbaycanda cəmisi 27 əsiri qalmışdı.

5. Qoşunların taktiki və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi, başqa sözlə, həm hücum, həm də müdafiə (səngərdə növbətçilik) əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli botolyonlar həyata keçirdiyi halda, hücum əməliyyatları — döyüş stili həmişə dərhal seçilən, əskərlər arasında «smertniklər botolyonu» adı ilə tanınan, xalis muzdlulardan təşkil edilmiş xüsusi təyinatlı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi. Ayrı-ayrı zonalarda (Ağdam, Füzuli və s.) irəliləmək lazım olanda, bu bir diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kəndlər yerli botolyonlara təhvil verilib, geri qayıdılırdı;

6. Botolyonların komplektləşdirilməsi işində döyüş gedən ərazinin coğrafi xüsusiyyətlərinin nəzərə alınmaması. O cümlədən, məsələn, dağlıq şəraitdə (ələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (məs., 60 tonluq ağır tankların), düztuşlanan bütün artilleriya növlərinin (məs., «Qradların») və b.-nın «Faydalı İş Əmsalı» «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını, əsasən bu tip silahlarla təchiz etməyə çalışırdı. Qarşı tərəfsə, əksinə, öz qoşunlarını, hər daşı bir səngər olan dağlıq şərait üçün bu baxımdan maksimum effektli olan yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə — hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki ədəd düşür, ya düşmürdü) Şvarsneggersayaq tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verirdi. Bizimkilərsə, deyildiyi kimi, bunları«iqruşka» hesab edirdi.
Səbəb çox, nəticə isə birdir — məğlubiyyət. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə almadıqda, səhv nəticələr alına bilər. Və təəssüf ki, bugünə qədər də bu məsələdə marağı olan müxtəlif tərəflər problemin həlli ilə əlaqədar orientasiyaları çaşdırmaqdadırlar və vaxtı ilə buraxılan səhvlər problemin bu mərhələsində də, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə də, Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq üçün indiyə qədər onlarla variantlardan istifadə etsə də, indiyə qədər bu cəhdlərin hamısı, demək olar ki, nəticəsiz qalıb. Özünü «müstəqil politoloq» adlandırıb, bir-birinin dediyini təkrarlayan və xarici qrantlarla televiziyalara çıxan şərhçilərin izahına görə bunun səbəbləri əsasən aşağıdakılardır:

1.   Hansısa lobbilərin güclü anti-Azərbaycan fəaliyyəti;

2.   Xaricdə Azərbaycan həqiqətləri barədə lazımi informasiyanın çatışmaması;

3.   Rusiya kimi bir nəhəngin Ermənistanın arxasında durması;

4.   Azərbaycanın xaricdə qeyri-demokratik imicə malik olması;

Azərbaycan rəhbərləri də bu yoldakı cüzi belə mövcud olan bütün baryerləri neytrallaşdırmaq məqsədilə özünün Qarabağla bağlı siyasətində bu diaqnozları nəzərə alıb onların aradan qaldırılması üçün mütəmadi tədbirlər görür. Məs., xaricdə Azərbaycan diasporasının formalaşması üçün görülən tədbirlər, imkan düşən hər bir beynəlxalq tribunadan xaricdə Azərbaycan həqiqətlərinin yayılması üçün istifadə etmək, çoxsaylı hüquqi islahatlar və b. bu qəbildəndir. Bizim fikrimizcə isə səbəblər aşağıdakılardır:

1.   Qərbin Qarabağ problemindən həm Azərbaycan və həm də Ermənistana qarşı təzyiq aləti (idarəedici pult, rıçaq) kimi istifadə edib, onların hər ikisinin xarici iqtisadi, siyasi, mədəni kursunu Rusiyadan özünə sarı döndərmək və öz nəzarəti altında saxlamaq marağı;

2.   Rusiyanı (eləcə də, İranı) üzük qaşı kimi mühasirəyə almaq və imkan düşdükcə bu həlqəni daraltmaq işində bu dövlətlərin coğrafi əhəmiyyətindən bəhrələnmək niyyəti;

3.   Bu hər iki Qafqaz dövlətini davamlı qarşıdurma ilə üzərək, bu hər iki dövlətdə həyat səviyyəsini gün-gündən ən aşağı həddə qədər endirmək və bununla da onların hər ikisinin xoş günlər, ali həyat tərzi üçün nəzərdə tutduqları hər şeylərini — işçi qüvvəsini, intellekt potensialını, ali dəyərlərini, qadınlarını, incəsənət məhsullarını, təbii sərvətlərini, kəşflərini, dövlət sirlərini və s. ölməmək üçün dəyər-dəyməzinə ixrac etməyə, su qiymətinə Qərbə satmağa vadar etmək məqsədi;

4.   Konkret olaraq varlı Azərbaycanın sərvətlərini ələ keçirmək uğrundakı rəqabətdə bu kartı, böyük dövlətlərin Azərbaycanı güzəştə məcbur etmək işində təzyiq aləti kimi görməsi;

5.   Azərbaycana qoyduğu milyardlarla dollarlıq investisiyasını sığortalamaq, Qarabağı bunun girovu kimi saxlamaq marağı;

6.   Milli münaqişələri yaradıb və bunun günahını Rusiyanın üstünə yıxmaqla Rusiyaya qarşı narazılıq formalaşdırmaq və arada yaranmış ziddiyyətlərdən bəhrələnmək fəndi;

Məhz bu səbəbdən, görülən tədbirlər heç bir bəhrə vermir. Aşağıda bu və digər faktorları da nəzərə almaqla, bu kitabda izah olunan metodlar prizmasından bu problemin cəmi həlli variantlarının ümumiləşdirilməsinə cəhd olunur:1. HÜQUQİ baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son on-on iki illik təcrübəsi qədərincə isbatlayıb. Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə də, qanunların özü də gücə tabedir. Təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir. Qanunlar heç vaxt gücü olmayan tərəfi haqlı çıxarmır — hətta dünyanın ən ədalətli dövlətlərində və ya beynəlxalq tribunallarda belə. Məhkəmə səviyyəsinə çıxarılmamış mübahisələrin özlərində də hamının nəzərində lap əvvəldən güclü tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq məğlub tərəfdir.

2. Bu problemin SİYASİ yolla həllinin iki variantı mümkündür:

Birinci halda — güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, məs., TayvanèÇinlə, Cənubi KoreyaèŞimali Koreya ilə, CARèafrikalılarla, İzrailèərəblərlə Qərbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün qurulduğu halda — belə məqam əla sövdələşmə şansıdır.

İkinci variant siyasət — bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya ↔ ABŞ, ABŞ ↔ Avropa və ya Rusiya ↔ Avropa arasındakı siyasi; ABŞ ↔ Avropa, Avropa ↔ Yaponiya və ya Yaponiya ↔ ABŞ arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana bilməsindən asılıdır. Bu ziddiyyət — Rusiya ilə həmsərhəd, və ya Qərblə iqtisadi əlaqəli, yaxud bölgədə ABŞ-ın maraqlarının təmsilçisi bir dövlət kimi, Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər Bu qütbləşmədə Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün istifadə etməsi onun başlıca təsir rıçağıdır.

Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq gərəkdir ki, Qarabağ — bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın) buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir.

3. Qarabağ probleminin HƏRBİ yolla həlli variantı — bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız [yalnız və yalnız!] çox məhdud olan aşağıdakı şərtlər çərçivəsində mümkündür:

a) Qarabağ-Ermənistan sərhədini — hansı ki, Azərbaycana təzyiq göstərmək istəyən xarici dövlətlərin ermənilərə başlıca hərbi dəstək kanalıdır — hər hansı fəndləsə [o cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik təminatına qarşı edilən istənilən güzəştlə] ələ keçirib, Laçın dəhlizini tam bağladıqdan sonra. Yalnız ondan sonra istənilən razılaşmanı pozub [Siyasətdə ''kişi sözünün'', sənədin, razılaşmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qədər olduğunu Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir] danışıqların ardını ''Kalaşnikov dilində'' davam etdirmək olar. Ona qədərsə bu addımı atmağın, altıdəlik çəlləyə su doldurmaq cəhdindən heç bir fərqi olmayacaq. Əks halda isə, hər bir münaqişədən yararlanmaq istəyən və buna görə də, onun sonsuzluğa qədər uzanmasına əlindən gələn hər cür gizli yardım göstərən kifayət qədər xarici qüvvə tapılacaq — necə ki, Əfqanıstan, Fələstin, Çeçenistan və s. variantlarında olduğu kimi;

b) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi binalarının bütün heyəti ilə birlikdə hansısa qəfil zərbə ilə dağıdıldığı saatlarda;

c) Qlobal miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz problemləri və ya daha ciddi olan nə iləsə qarışdığı mərhələlərdə (məs., 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində olduğu kimi);

d) Bütün aparıcı böyük dövlətlərin hamısı ilə (ələlxüsus Rusiya və ABŞ-la) eyni vaxtda razılığa gəlindikdən sonra (əks halda, Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə başlayan, elə onun kimi də, axırda hər dəfə o birinin süngüsünə rast olub geri qayıtmaq məcburiyyətində qalasıdır); və s...

Qarabağ problemində, faktik olaraq bu faktorların hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii proseslərin nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər ki, bu konsepsiyadan da əsas məqsəd bunun mümkün yollarını izah etmək idi.

Bu kitabda, əsasən aşağıdakı məsələlər barədə danışıldı, bunun mümkün yolları göstərildi:1.   Türk xalqlarını, ərənlik psixologiyasından çəkindirib, müasir siyasi texnologiyaları, nəhayət ki, onlara necə aşılamaq;

2.   Qarabağ probleminin istər hüquqi, istər siyasi və istərsə də hərbi həlli üçün zəruri olan həmin münbit zəmini süni yolla necə formalaşdırmaq və prosesin istənilən mərhələsində situasiya üzərində nəzarət imkanını necə əldə etmək;

3.   Azərbaycanın manevr imkanlarının diapazonunu və istər Qərb, istərsə də Ermənistana qarşı tətbiq edə biləcəyi təzyiqlər arsenalını necə genişləndirmək;

4.   Problemin siyasi tərəfini həll etmək məqsədilə bölgədə və ya heç olmazsa Azərbaycanda nəhəng derjavaların maraqlarını necə uzlaşdırmaq və bunun ən optimal variantını müəyyənləşdirənə qədər, onların qüvvələr balansını olduqca geniş diapazonda necə dəyişdirmək və ya bir-biri ilə mümkün olan bütün variantlarda necə kombinasiya etdirmək;

5.   Ermənistanı beynəlxalq arenada necə təkləyib, hüquqi münasibətlərdə dominant mövqeni necə qazanmaq;

6.   Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı, daxili iğtişaş və ya siyasi durumun qeyri-sabitliyini süni şəkildə necə təşkil edib, onu necə zəiflətmək və ya müharibəyə başlamaq üçün münbit zəmini necə formalaşdırmaq;

7.   Vəziyyət müharibə həddinə çatarsa, bunu müxtəlif siyasi, iqtisadi, ideoloji və s. diversiya metodlarının geniş tətbiqi ilə necə həyata keçirib, Milli Ordunun güc əmsalını birə min qat necə artırmaq (əgər məsələ bu variantların köməyi ilə elə yarıyolda həll olunmayıb, müharibə mərhələsinə qədər gəlib çatarsa) və s.

İzah edilən hər bir metod dünya təcrübəsindən seçilən nümunələrlə əsaslandırılırdı.


Mənbə: Cabbar Məmmədov — Diplomatik psixologiya.
Top