Uşaqdan böyüyə hər kəsin tanıdığı qəhrəman – Cavanşir.
Azərbaycan
Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.
O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur. VII yüzilliyin birinci yarısında saysız-hesabsız ərəb qoşunları yenicə yaranmış Islam dininin bayrağı altında Şimala və Qərbə tərəf yürüşlər etməyə başladılar. Elə ilk yürüşlər ərəblərin ən yaxın qonşusu — nəhəng İran dövləti lərzəyə saldı. Beləliklə, İran hələ təzə-təzə dirçələn ərəbistanla vuruşa başladı.
Ərəblərlə son döyüşlərdə gənc alban şahzadəsi, Girdman çayının sahillərində yerləşən eyniadlı feodal vilayətinin hakimi Mehrani Qriqor Varazın oğlu Cavanşir Sasanilərlə birgə döyüşə girir. 633-cü ildə Sasani dövlətinə ərəblərin hücumu başlayır. 300 min nəfərlik qoşunla qalib olan Cavanşirə aydın olur ki, Sasani dövləti artıq süquta uğramışdır və öz ölkəsinə qayıtmağı qərarı alır. Ərəblərə qarşı döyüşlərdə Cavanşir döyüşlərdə fərqliliyinə görə İran hökmdarı III Yezdəgird tərəfindən yüksək mükafatlarla təltif etmişdir, başına qızıl tac qoymuşdu.
Bizansla müharibədə zəifləmiş Sasanilər ərəblərin hücumu qarşısında çox böyük çətinliklə dayanır. Ərəblərə qarşı mübarizədə Varaz Qriqorun oğlu Cavanşirin başçılığı ilə alban qoşunları da iştirak edir. Alban tarixçisi Moisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Atropatena ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, Cavanşirin dəstəsi isə Atropatenaya doğru çəkilir.
662-ci ildə Albaniyaya xəzərlər hücum edir. Onlar Albaniyanın şimal ərazilərini talan etməyə başlayırlar. Lakin Cavanşir qoşunuyla onlara qarşı çıxış edir və Kür çayı sahilində baş vermiş qanlı döyüşdə xəzərləri məğlubiyyətə uğradıb ölkədən qovur. 664-cü ildə xəzərlər yenidən Albaniyaya hücum edir. Bu zaman Albaniyanın cənub sərhədi boyunca ərəb qoşunu cəmləşmişdi. Ərəblərlə cənubda və xəzərlərlə şimalda müharibə aparmağın mümkünsüzlüyünü anlayan Cavanşir Xəzər xaqanının görüşünə gedir və danışıqlar aparır. Cavanşirə bir sərkərdə və dövlət başçısı kimi hörmət bəsləyən xaqan tezliklə Cavanşirlə razılığa gəlir. İmzalanmış müttəfiqlik müqaviləsini daha da möhkəmlətmək məqsədi ilə Cavanşir xaqanın qızı ilə evlənir. Beləliklə, qohumluq əlaqəsi vasitəsilə Cavanşir xəzərlərlə ittifaq yaradır, öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etməklə bərabər, özünə güclü müttəfiq qazanır. Xəzərlər alban əsirlərini, ələ keçirdikləri qəniməti və mal-qaranı da qaytarırlar. Bundan sonra lazım gələrdisə, Cavanşir öz qoşunundan başqa, xəzər qoşunundan da istifadə edə bilərdi.
O zaman Şimali Afrikadan Hindistan sərhədlərinədək uzanan Ərəb xilafəti dünyanın on möhtəşəm dövləti idi. Bunu anlayan və əbəs yerə öz adamlarının qanını axıtmaq istəməyən Cavanşir ərəblərlə danışıqlara başlamaq qərarına gəlir.
Ərəb xəlifəsi Müaviyə düşmən hesab etdiyi Cavanşirin cüzi mühafizə dəstəsi ilə Dəməşqə doğru gəldiyini eşidəndə əvvəlcə buna inanmır. O, 633 — 642-ci illərdə ərəblərə qarşı Cavanşirin igidliklə vuruşduğunu bilirdi və ona görə də albanlarla müharibə olacağını gözləyirdi. Cavanşirin gözlənilməz hərəkəti onu çaşbaş salır. Hər halda, mərd insanlara daim hörmətlə yanaşan xəlifə Müaviyə Cavanşiri hörmətlə qarşılamağı əmr edir. 667-ci ildə Dəməşqdə aparılan danışıqlarda xəlifə Albaniyanın daxili müstəqilliyini tanıyır. Bu o demək idi ki, ərəb qoşunları Albaniyaya yeridilməyəcək, Albaniyanın daxilində heç bir işə qarışmayacaqlar. Əvəzində Cavanşir hər il müəyyən məbləğdə vergi ödəyəcək. Ölkəsinin müstəqilliyini qoruyub-saxlaya bilmiş Cavanşir verginin miqdarının da az olmasına razılıq alır. Xəlifə Cavanşirə fəxri silah, qiymətli hədiyyələr və hətta fil bağışlayaraq onu hörmətlə yola salır.
Vətəninə qayıdan Cavanşir qısa zaman ərzində ölkənin həyatını normallaşdırmağa nail olur. Albaniya iqtisadi baxımdan çox inkişaf edir. Onun paytaxtı Bərdə bütün Şərqdə iri ticarət mərkəzi kimi tanınmağa başlayır. Burada şərq və qərbdən, şimal və cənubdan gələn yollar kəsişirdi. İri feodalların hakimiyyətini məhdudlaşdıran Cavanşir ölkəsində sabitlik yaratmağa müvəffəq olur. Ölkədə yeni-yeni qalalar tikilir (onlardan Cavanşir qalası öz möhtəşəmliyi ilə seçilir), şəhərlərdə yeni-yeni binalar inşa edilir.
Lakin 681-ci ildə bir neçə alban feodalı Cavanşirə sui-qəsdi təşkil edərək onu öldürür. Salnaməçilər göstərir ki, başdan-ayağadək silahlanmış suiqəsdçi saray əyanları gecə ikən silahsız Cavanşirə hücum etmişlər. Lakin o, qılıncını sıyırmağa macal tapmış və güclü müqavimət göstərmişdir. Arxadan vurulan zərbə onu ölümcül yaralamış və o, üç gün sonra dünyasını dəyişmişdir. Müəyyən edilmişdir ki, sui-qəsdin təşkilində Bizansın da əli olub: imperator Cavanşirin ərəblərlə yaxınlıq etməsindən və xəzərlərlə müttəfiqliyindən çox narahat olmuşdur.
azens.az