Nəhəng Rusiyanın ucsuz-bucaqsız torpaqlarında o qədər su var ki, onunla bir yox, iki planetin susuzluğuna son qoymaq olar. Ölkənin təbii su ehtiyatları bütün planetin su ehtiyatlarının beşdə bir hissəsini təşkil edir. Şübhə yoxdur ki, tezliklə su neftlə bərabər Rusiya dövlətinin uduş kartlarından biri olacaq.
Rusiyanın nəhəng su sərvətinin tərkib hissələri məhz nədən ibarətdir? Ölkədə 2,5 milyon çay var. Onların 214-ü uzunuluğu 500 kilometrdən çox olan iri çaylardır. Məcmu axının həcminə (orta illik göstərici 4262 kubkilometrə bərabərdir) görə Rusiya çayları dünyada ikinci yeri tutur, yalnız Braziliya çaylarından geri qalır. Sibir böyük çayları ilə məşhurdur. Burada Ob, Yenisey, İrtış, Anqara, Kolıma və başqa çaylar axır. Dünyanın on böyük çayından biri olan Lena haqqında ayrıca danışmağa dəyər. Lena Şərqi Sibirin insan ayağı dəyməmiş əraziləri ilə 4400 kilometr məsafədə axır, məcrası ilə tayqanı, tundranı, əbədi buzlaq zonasını yarıb keçir. Bu çay böyük olduğu qədər də qəzəblidir və su çox gələndə yolu üstündə hər şeyi yuyub aparmağa qadirdir. Sibir çayları Arktika hövzəsinə tökülür, Dünya okeanını böyük miqdarda şirin su ilə təmin edir.
Rusiyada göllərin sayı 3 milyondan çoxdur. Bu göllərdə ümumi su ehtiyatı 26 min kubkilometr həcmində dəyərləndirilir. Ölkənin şimal-qərbindəki Kareliya Respublikasını «göllər diyarı» adlandırırlar. Ölkənin digər ucunda, Şərqi Sibirin şimalında yerləşən Saxa-Yakutiya Respublikası da göllərlə zəngindir. Şərqi Sibir regionunun cənubunda, Monqolustanla sərhədinin yaxınlığında isə dünyanın ən dərin gölü — Baykal (1741 metr) yerləşir. Bu, 25 milyon il əvvəl tektonik dağ parçalanmasında yaranmış nadir su hövzəsidir. Baykal «təbiət şedevri» statusuna malikdir və YUNESKO-nun "Ümumdünya təbiət irsi" siyahısına daxil edilmişdir. Baykalda Yer üzündəki şirin suyun hər beş damlasından biri — 23 milyard ton su var. Belə bir ehtiyat bütün bəşəriyyətə 40 il bəs edər. Bu həm də Baykaldan sivilizasiyanın strateji ehtiyatı kimi danışmağa imkan verir.
Rusiyanın su sərvətlərini 1200 su anbarı, bol yeraltı sular, şimal ərazilərini əhatə edən, habelə dağlarda — Qafqazda, Altayda, Sayanıda, Xibinidə və s. yerləşən buzlaqlar tamamlayır.
Buzlaqlardakı ekoloji cəhətdən təmiz su bütün Rusiya çaylarının illik axınının həcmindən üç dəfə çoxdur. Rusiya şimal ölkəsi olduğundan qarın da öz əhəmiyyəti var. Çünki qar da sudur, bircə fərqi odur ki, bərk formadadır. İtaliya, İspaniya və Fransanın ərazilərinə bərabər sahəni tutan Rusiya bataqlıqlarını da unutmaq olmaz. Mütəxəssislər hesab edirlər ki, ölkənin bütün su sərvəti pula çevrilsə, ildə minimum 800 milyard dollardan danışmaq olar.
Heç də hər bir dövlət bol su ehtiyatlarına malik deyil. Bu mənada Rusiya üstün vəziyyəti ilə seçilir. Ölkə öz ehtiyacları üçün mövcud su ehtiyatının maksimum 2 faizini götürür və onu susuz ölkələrlə bölə bilərdi. Rusiyanın "şəffaf qızıl" bazarında yaxşı imkanları var və bu imkanları məmnuniyyətlə reallaşdırmaq istərdi. Amma su «təmiz ehtiyat» şəklində ixrac edilə bilməz. Sudan istifadədə itmə qanunu fəaliyyət göstərir. Sənaye, təsərrüfat-istehlak və kənd təsərrüfatı miqyasında suyun nəqlinə çəkilən xərclər bu və ya digər mənbəyin hövzəsinin sərhədlərini keçərkən kəskin şəkildə artır. Məhz bu səbəbdən neft kimi su ilə də alver etmək mümkün deyil.
Ola bilsin ki, yeni nəsillər suyu böyük məsafələrə, dünyanın müxtəlif regionlarına effektiv nəqli məsələsini həll edə biləcəklər. Bu perspektiv nəzərə alınmaqla Rusiyanın su ehtiyatlarını bütün bəşəriyyətin nadir sərvəti hesab etmək olar.