Beynəlxalq hava hüququ

Beynəlxalq hava hüququ

Beynəlxalq hava hüququ – hava məkanının hüquqi statusu və ondan istifadə rejimi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq hava hüququnun tətbiq sahəsindən danışarkən nəzərə almaq lazımdır ki,hava məkanı (dünya okeanının səviyyəsindən kosmik fəzanın sərhədinə qədər olan sahə) iki növə — dövlətlərin quru və su ərazisi üzərində yerləşən suveren hava məkanına və dövlət sərhədlərinin hüdudlarından kənarda yerləşən açıq hava məkanına ayrılır. Dövlətin hava məkanının hüquqi rejimi milli qanunvericilik ilə nizama salınır. Lakin dövlət bu zaman beynəlxalq hava əlaqələrinə aid olan öz beynəlxalq öhdəliklərini mütləq nəzərə almalıdır.
Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Bu sahədə ilk çoxtərəfli müqavilə 1919-cu il Paris Konvensiyası olmuşdur. Konvensiyada dövlətlərin öz  hava məkanı üzərində müstəsna suvernliyi birbaşa təsbit olunmuşdu. Eyni zamanda, Konvensiya əcnəbi hava gəmilərinin başqa dövlətlərin hava məkanından “dinc uşub keçməsini” nəzərdə tuturdu. 1929-cu ildən ikinci çoxtərəfli müqavilə — Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı.
Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada dövlətin öz  hava məkanı üzərində tam və müstəsna suvernliyi prinsipi birmənalı şəkildə təsbit olunmuşdur. Konvensiyada iştirakçı dövlətlərin ərazi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapmışdır. Çikaqo Konvensiyasının ikinci hissəsində Beynəlxalq mülki aviasiya təşkilatının
(İKAO) təşkili ilə fəaliyyətinin hüquqi əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyanın iştirakçısıdır.
Bundan əlavə, beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş konvensiyaları, habelə ikitərəfli sazişləri göstərmək olar (məsələn, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə 1993-cü ildə bağladığı Hava əlaqəsi haqqında Saziş).
Beynəlxalq hava hüququ sahəsində betnəlxalq adətlər öz əhəmiyyətini saxlayır. Çikaqo Konvensiyasında iştirak etməyən dövlətlər üçün bir sıra mühüm normalar, o cümlədən dövlətin öz  hava məkanı üzərində suvernliyi prinsipi məhz adət “statusuna” malikdir. Bu sahədə digər adət normaları da mövcuddur: məsələn, dövlət, istənilən hava məkanında onun reyestinə daxil edilmiş hər bir hava gəmisi üzərində öz yurisdiksiyasını saxlayır; fəlakət zamanı hava gəmisi icazə olmadan xarici dövlətin hava ərazisinə daxil ola bilər və s.

2. Beynəlxalq hava hüququnun prinsipləri

Beynəlxalq hava hüququnun aşağıdakı prinsipləri vardır:
a) öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi.
Dövlət suveren hava məkanından əcnəbi uçuş aparatları yalnız icazə qaydasında istifadə edə bilər. Bu icazə ya müvafiq dövlətlərarası müqavilədə təsbit oluna bilər, ya da dövlətin səlahiyyətli orqanı tərəfindən birdəfəlik uçuş üçün verilə bilər.
Dövlətlər, habelə qarşılıqlı əsasda öz hava məkanından müəyyən razılaşdırılmış vəzifələrin həlli üçün istifadə edə bilərlər. Buna misal olaraq, 24 mart 1992-ci il tarixdə ATƏT çərçivəsində imzalanmış Açıq səma haqqında Müqaviləni gösrtərmək olar. Açıq dəniz rejimi iştirakçı dövlətlərin ərazisindəki hərbi fəaliyyət haqqında məlumat əldə etmək məqsədi ilə bu ərazilərin üzərindən müşahidə uçuşlarının həyata keçirilməsi üçün müəyyən olunur. Bunun üçün iştirakçı dövlətlərin birində qeydiyyatdan keçmiş və xüsusi avadanlıqla təchiz olunmuş təyyarələrdən istifadə edilir. Müqavilədə hər bir iştirakçı dövlət üçün nəzərdə tutulmuş müşahidə uçuşlarının sayı müəyyən edilmişdir.
Müşahidə uçuşları istənilən müntəzəm hava uçuşları üzrində üstünlüyə malikdir. Belə uçuşlar nəticəsində əldə edilmiş məlumatlar Müqavilənin bütün iştirakçılarına təqdim olunur.
Dövlət ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə riayət etməlidir.
Bununla belə, dövlət öz hava məkanından elə istifadə etməlidir ki, bu zaman başqa dövlətlərin hüquq və qanuni mənafelərinə zərər dəyməsin.
Sözü gedən prinsipə müvafiq olaraq, hər bir dövlət öz hava məkanında beynəlxalq uçuşların marşurutlarını və lazım olduqda, belə uçuşlar üçün qadağan zonaları təyin edir, habelə radiorabitə və uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaydalar müəyyən edir.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, “hava gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini… xüsusi ayrılmış hava uçuş dəhlizləri vasitəsi ilə keçirlər. Hava dəhlizlərindən kənarda Azərbaycan Respublikası dövlət sərhədinin üzərindən uçub keçməyə yalnız Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının xüsusi icazəsi ilə yol verilir”.
Əcnəbi hava gəmilərinə, onların ekipajına və dövlətə gələn və ya onu tərk edən sərnişinlərə həmin dövlətdə mövcud olan pasport, gömrük, sanitar və digər qaydalar şamil edilir.
a) açıq hava məkanında uçuş azadlığı.
Bu prinsipə görə, istənilən dövlətin uçuş aparatları açıq (beynəlxalq) hava məkanında müvafiq beynəlxalq-hüquqi normalara, xüsusilə, İKAO tərəfindən müəyyən olunmuş standartlara əməl etmək şərtilə, maneəsiz uçuşlar həyata keçirmək hüququna malikdir. Beynəlxalq hava məkanında olduğu müddətdə bütün hava gəmiləri yalnız qeydiyyatda olduğu dövlətin yurisdiksiyasına tabe olur. Hər hansı başqa bir dövlətin hakimiyyəti bu hava gəmisinə şamil edilmir və onun uçuşuna müdaxilə edə bilməz.
b) beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi.
Bu prinsipdən dövlətlər üçün iki başlıca vəzifə irəli gəlir: 1) aviasiya texnikasının, hava limanlarının, köməkçi xidmətlərin və hava marşurutlarının texniki etibarlılığını təmin etmək üzrə tədbirlər görmək; 2) mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə aparmaq.
Birinci vəzifənin həyata keçirilməsində İKAO böyük rol oynayır. Bu təşkilat çərəivəsində dövlətlər mütəmadi olaraq, hava gəmilərinin uçuşa yararlığı; uçuş və texniki heyətin lazımi peşə hazırlığı; rabitə sistemləri və aeronaviqasiya xəritələri; hava limanlarının və enmə meydançalarının xaraqterisdikası və aviasiyanın təhlükəsizliyi ilə bağlı bütün digər məsələlərə aid beynəlxalq reqlamentlər işləyib hazırlayırlar.
İkinci vəzifənin həyata keçirilməsi ilə əlaqədar dövlətlər beynəlxalq müqavilələr bağlayır və beynəlxalq mülki aviasiya üçün təhlükə törədən cinayət əməlləri ilə mübarizənin beynəlxalq-hüquqi və dövlətdaxili vasitələrini müəyyən edirlər. Bu sahədə üç əsas universal müqavilə mövcuddur: Hava gəmisində törədilən hüquq pozuntuları və bəzi digər aktlar haqqında 1963-cü il Tokio Konvensiyası; Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında 1970-ci il Haaqa Konvensiyası və Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni akrlarla mübarizə haqqında 1971-ci il Moneral Konvensiyası. Tokio Konvensiyası hava gəmisində törədilən istənilən cinayətlərə tətbiq olunur. Haaqa Konvensiyasına görə, uçuşda olan hava gəmisində şəxs o halda cinayət törətmiş sayılır ki, o: “a) qeyri-qanuni olaraq, zorakılıq yolu ilə və ya zorakılıq tətbiq edilməsi ilə hədələməklə və yaxud istənilən digər formada qorxutma yolu ilə bu hava gəmisini ələ keçirir və ya onun üzərində nəzarət həyata keçirir, yaxud istənilən belə bir hərəkət törətməyə cəhd edir və ya b) istənilən belə bir əməlin törədilməsində və ya törədilməyə cəhd edilməsində iştirakçı kimi çıxış edir” (1-ci maddə). Moneral Konvensiyası beynəlxalq mülki aviasiya üçün təhlükəli olan cinayət əməllərinin siyahısını genişləndirmişdir. Konvensiyanın 1-ci maddəsinə əsasən, aşağıdakı əməllərin birini qeyri-qanuni və törətmiş şəxs cinayət etmiş sayılır:
a) uçuşda olan hava gəmisindəki şəxsə qarşı zorakılıq akt törədilməsi, əgər bu akt həmin hava gəmisini təhlükəyə məruz qoyarsa; 
b) istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə, onu sıradan çıxaran və ya uçuş zamanı onu təhlükəyə məruz qoya bilən zədə yetirilməsi;
c) istismarda olan hava gəmisinə hər hansı bir üsulla qurğu və ya maddə qoyulması və ya buna gətirib çıxara bilən müəyyən hərəkətlər edilməsi, əgər bu qurğu və ya maddə həmin hava gəmisini dağıda və ya onu sıradan çıxara bilərsə və yaxud onu uçuş zamanı təhlükəyə məruz qoya bilən zədə yetiriə bilərsə;
ç) aeronaviqasiya avadanlığının məhv edilməsi və zədələnməsi və yaxud onun istismarına müdaxilə edilməsi, əgər istənilən belə bir akt uçuşda olan hava gəmisini təhlükəyə məruz qoya bilərsə;
d) bilərəkdən yalan məlumatlar verilməsi, əgər bu,  uçuşda olan hava gəmisini təhlükəyə məruz qoya bilərsə.
Göstərilən maddənin 2-ci hissəsinə görə, yuxarıda sadalanan cinayətlərdən hər hansı birini törətməyə cəhd edən və ya istənilən belə bir cinayətin törədilməsində iştirakçı kimi çıxış edən hər hansı bir şəxs də cinayət törətmiş sayılır.

3. Hava məkanındakı uçuşların təsnifatı

     Hava məkanındakı uçuşların aşağıdakı növləri vardır:
1. Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə.
Bu uçuşlar da öz növbəsində bir neçə cür olur: a) iki dövlətin sərhədini ani kəsib keçməklə həmsərhəd dövlətə uçuşlar; b) açıq dəniz rayonunu kəsib keçməklə; c) üçüncü dövlətin ərazisindən tranzit (enmədən) uçub keçməklə; ç) beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə.
2. Açıq dəniz rayonundan və ya Antraktidadan xarici dövlətlərin ərazisinə və geriyə;
3. Açıq dənizin bir rayonundan və ya Antraktidadan açıq dənizin digər rayonuna, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə;
4. Açıq dəniz və ya Antraktida hüdudlarında, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçmədən;
5. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisindən açıq dənizə və ya Antraktikaya və geriyə (balıq ehtiyatlarının kəşfiyyatı, elmi tədqiqatlar aparılması məqsədilə və s.);
6. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisinin bir hissəsindən digər hissəsinə, xarici dövlətin ərazisini tranzit uçub keçməklə (məsələn, ABŞ-in mərkəzi hissəsindən Kanadadan keçməklə Alyaskaya);
7. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisinin bir
hissəsindən digər hissəsinə, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçmədən;
8. Bir dövlətin hüdudlarında daxili uçuşlar (həmin ölkənin milli hüququnun subyektləri tərəfindən və onun ərazisi çərçivəsində məhdud məqsədlərlə həyata keçirilən uçuşlar).
Özü-özlüyündə digər dövlətin hava məkanında uçuş beynəlxalq uçuş sayıla bilməz. Söhbət yalnız o uçuşdan gedə bilər ki, onun başlanması və ya başa çatması xarici dövlətin ərazisində baş verir. Uçuş bütövlükdə (onun bir mərhələsi yox) bir dövlətin içərisində planlaşdırılıbsa, bu daxili uçuş hesab olunur.

4. “Hava azadlıqları” (kommersiya hüquqları)

     Kommersiya xaraqterli beynəlxalq hava uçuşları müəyyən hüquqlar əsasında həyata keçirilir. Bu hüquqlar aşağıdakılardır:
1) müəyyən dövlətin ərazisi üzərindən, onun razılığı əsasında tranzit (yerə enmədən) uçub keçmək hüququ;
2) göstərilən tranzit uçuşu qeyri-kommersiya məqsədləri ilə yerə enməklə yerinə yetirmək hüququ (yanacaq doldurmaq, təmir və s. üçün);
3) xarici dövlətin ərazisində sərnişinləri düşürmək və hava gəmisinin qeydiyyatda olduğu dövlətdə götürülmüş baqajı, yükləri və poçtu boşaltmaq hüququ;
4) bundan əvvəlki “hava azadlığı”na oxşar olan, amma əks istiqamətdə (xarici dövlətin ərazisindən öz ərazisinə) həyata keçirilən hüquq;
5) xarici dövlətin ərazisində sərnişinləri düşürmək, həmin dövlətin ərazisində yükləri və poçtu boşaltmaq və habelə onları istənilən üçüncü ölkədən və ya istənilən üçüncü ölkəyə daşımaq üçün götürmək hüququ.
Yuxarıda göstərilənlərdən başqa, daha iki “hava azadlığı” mövcuddur:
1) öz ərazisindən keşməklə, üçüncü ölkələr arasında hava daşımaları həyata keçirmək hüququ;
2) öz ərazisindən keşməməklə, üçüncü ölkələr arasında hava daşımaları həyata keçirmək hüququ.

5. Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar

     Beynəlxalq mülki aviasiya sahəsində ən nüfuzlu beynəlxalq təşkilat 1947-ci ildə fəaliyyət göstərən və hazırda 188 üzvü olan İKAO-dur. Yuxarıda qeyd edildiyi kimi, İKAO 1944-cü il Çikaqo Konvensiyasının II hissəsi əsasında yaradılmışdır. Onun başlıca məqsədi bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz inkişafını təmin etmək, bütün bu məsələlərdə beynəlxalq əməkdaşlığı təşkil etmək və əlaqələndirməkdən ibarətdir. İKAO aşağıdakı sturuktura malikdir: Assambleya (bütün üzv-dövlətlərin təmsil olunduğu dli orqan; üç ildə bir dəfədən az olmayaraq toplanır); Şura (Assambleya tərəfindən seçilən 33 dövlətin təmsil olunduğu daimi orqan; ona prezident rəhbərlik edir; sessiyaları, adətən, ildə üç dəfə keçirilir); Aeronaviqasiya komissiyası; Avianəqliyyat komitəsi; Hüquqi komitə; Katiblik (ona Təşkilatın baş icraçı vəzifəli şəxsi olan Baş katib rəhbərlik edir) və s.
Avropa mülki aviasiya konfransı (EKAK). 1954-cü ildə təsis olunmuşdur. Qərbi Avropa ölkələrinin və Yürliyənin iştirak etdiyi bu təşkilat Avropa hava nəqliyyatının problemlərini öyrənir və iştirakçı dövlətlərin bu sahədə fəaliyyətini əlaqələndirir. Tövsiyə xaraqterli qərarlar çıxarır. İKAO ilə sıx əlaqə saxlayır. Əsas orqanları Plenar kommissiya (ali orqan) və Əlaqələndirmə komitəsidir (icra orqanı).
Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa təşkilatı (Avronəzarət). 1960-cı ildə xüsusi konvensiya əsasında təsis olunmuşdur. Təşkilatın başlıca məqsədi mülki və hərbi hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etməkdir. Ali orqanı Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Daimi komissiyadır. İcra orqanı Aeronaviqasiyanın təhlükəsizliyi üzrə Agentlik adlanır; bu orqanda bütün üzv-dövlətlər (Almaniya, Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland və Fransa) təmsil olunmuşdur. Bundan əlavə, Avronəzarət çərçivəsində arbitraj məhkəməsi mövcuddur. Məhkəmə iştirakçı dövlətlər arasında, habelə dövlətlərlə Təşkilat arasında ortaya çıxan mübahisələri həll edir; məhkəmənin qərarı qətidir və onlardan şikayət verilə bilmaz.
Afrika mülki aviasiya komissiyası (AFKAK). 1969-cu ildə təsis olunmuşdur. Hazırda 32 üzvü vardır. Aşağıdakı məqsədləri vardır: regional aeronaviqasiya xidməti planlarını hazırlamaq; hava nəqliyyatı sahəsində üzv-dövlətlərin siyasətinin inteqrasiyasına dəstək vermək; İKAO-nun standart və tövsiyələrinin regionda tətbiqinə yardım etmək və s. Tövsiyə xaraqterli qərarlar çıxarır. Əsas orqanları Plenar sessiya (ali orqan) və AFKAK-ın Bürosudur (icra orqanı).
Afrikada və Madaqasqarda aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Agentlik (ASENKA). 1959-cu ildə yaradılmışdır. Hazırda 12 üzvü vardır. Məqsədi üzv-dövlətlərin əraziləri üzərində müntəzəm və təhlükəsiz uçuşlar təmin etməkdən ibarətdir. Agentlik üzv-dövlətlərə zəruri məlumatlar verir, hava nəqliyyatına nəzarət edir, uçuşları idarə edir və s. Bu məqsədlə onun xidmətindən istifadə etməyə razı olan istənilən dövlətlə müvafiq sazişlər bağlaya bilər. Ali orqanı İnzibati şuradır; Şuranın qərarı qəbul edildiyi andan üzv-dövlətlər üçün məcburi qüvvəyə malikdir.
Latın Amerikası  mülki aviasiya komissiyası (LAKAK). 1973-cü ildə yaradılmışdır. Başlıca məqsədi üzv-dövlətlərin hava nəqliyyatının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Ali orqanı Assambleyadır; Assambleyanın qətnamə və tövsiyələri üzv-dövlətlər tərəfindən bəyənildikdən sonra məcburi qüvvəyə malik olur. İcra komitəsi icra orqanı kimi LAKAK-ın cari fəaliyyətini təmin edir.
Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası (KOKESNA). 1960-cı ildə təsis olunmuşdur. Sözü gedən sahədə yeganə beynəlxalq təşkilatdır ki, regionun dövlətlərinin əraziləri üzərində hava nəqliyyatının idarə edilməsini bilavasitə təmin edir. Öz xidmətlərini Təşkilat nəinki üzv-dövlətlərə, habelə müvafiq kontraktlar əsasında onların hüquqi və fiziki şəxslərinə də təkilf edir. Təşkilatın verdiyi təlimatlar uçuş aparatlarının komandirləri üçün məcburidir. Ali orqanı üzv-dövlətlərin nümayəndələrindən ibarət İnzibati şuradır; Şuranın qərarı bilavasitə icra olunur.
Ərəb dövlətlərinin mülki aviasiya şurası (KAKAS). 1965-ci ildə əsası qoyulmuşdur. 20 üzvü vardır. İldə bir dəfə sessiyaları keçirilir. Başlıca fəaliyyəti əlaqələndirmə, təcrübə mübadiləsi, beynəlxalq standartların və İKAO-nun təcrübəsinin öyrənilməsi, müvafiq elmi tədqiqatların təşkili ilə bağlıdır. Texniki və kadr hazırlığı sahəsində üzv-dövlətlərə yardım göstərir. Habelə mülki aviasiyanın fəaliyyəti ilə əlaqədar üzv-dövlətlər arasında yaranan mübahisə və ixtilafları nizamlamaq hüququna malikdir.

Top